Kibercinayətkarlıq hər gün artmaqda davam edən problem halına gəlib. Bu halın azaldılması məqsədi ilə Daxili İşlər Nazirliyi (DİN) və bank nümayəndələrindən ibarət işçi qrup yaradılıb. İşçi qrup kibercinayətkarlığın azalmasında rol oynaya biləcəkmi? Kiberdələduzluqla məşğul olanları hansı cəzalar gözləyir?
Hüquqşunas Toğrul Məmmədov Modern.az-a bildirib ki, dələduzların təxəyyülü sonsuzdur:
“Onlar hər zaman yeni fikirlər düşünüb hərəkətə keçirlər, lakin burada vacib məsələ vətandaşların məlumatlı olmasıdır. Kibercinayətkarların qarşısını almağın mümkün olub-olmadığını deməyi zaman göstərəcək, amma işçi qrupun fəaliyyətinin müsbət olacağına inanıram”.
Vəkil qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 30-cu fəsli kibercinayətkarlıqdan bəhs edir:
“271, 272, 273,274-cü maddələrdə kibercinayətkarlıqla bağlı cəzalar öz əksini tapır. Cərimədən başlamış 6 ilə qədər azadlıqdan məhrum etməyə qədər cəza nəzərdə tutulub. İşin halına görə, ağırlıq dərəcəsinə görə cəza bu silsilə ilə arta-arta gedir. Kiberdələduzluq isə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tənzimlənir. Vurulan ziyana görə cərimədən 14 ilə kimi azadlıqdan məhrum edilmə cəzası var”.
Gülarə Quliyeva