Modern.az

Azərbaycanda qızıl ucuzlaşıb

Azərbaycanda qızıl ucuzlaşıb

7 Dekabr 2013, 14:51

Dünya bazarında qızılın ucuzlaşması Azərbaycanda da qiymətli metalın qiymətlərinə təsirsiz ötüşməyib. Paytaxtın qızıl dükanlarında aparılan müşahidələr göstərdi ki, az da olsa qiymətlərdə ucuzlaşma var. Modern.az paytaxtın ən gur qızıl alış-veriş mərkəzi olan Mərkəzi Univermaqda apardığı qısa araşdırmadan sonra qızıl məmulatlarının dəyərinin aşağı düşdüyünün şahidi olub.  

Satıcılar son bir ayda qızılın qiymətindəki ucuzlaşmanı dünya bazarındakı qiymətlərin enməsi ilə izah edirlər. Uzun illərdir qızıl satışı ilə məşğul olan Mehriban Məmmədova deyir ki, dünya bazarında qiymətli metalın ucuzlaşası Azərbaycana da təsir edib. Qeyd edək ki, Azərbaycan qızılın idxalçısı olduğundan dünyada qızılın qiymətindəki bir faiz artım və ya azalma ölkəmizədən də yan keçmir:   “Qiymətlərin enməsi alıcıların sayına da təsir göstərib. Ticarət mərkəzlərinin qızıl bölmələrində canlanma var. Əvvəllər gün ərzində 20-30 adam gəlirdisə, indi təxminən 50-70 nəfər gəlir”.   

Satıcı Rəna Səlimova da qiymətlərin son bir ayda 2-3 manata qədər ucuzlaşdığını deyir. Həmsöhbətimizin sözlərinə görə, bir ay bundan öncə 585 əyarlı qızılının bir qramı 19 manata satılırdısa, indi 17 manata təklif olunur. Daha çox tələbat olan İtaliya qızılının bir qıramı isə 26 manatdan 23 manata kimi ucuzlaşıb.    Mütəxəssislərin bildirdiyinə görə, əsasən ölkəmizə qızıl məmulatları Rusiyadan, Türkiyə, İtaliya və Birləşmiş Ərəb Əmirliyindən gətirirlər. Qızıl ticarəti ilə məşğul olnalar deyir ki, dünya bazarlarında qızılın ucuzlaşmasına əsas səbəb kimi Amerika Birləşmiş Ştatlarında büdcə böhranı ilə bağlı pozitiv gözləntilərdir. İnvestorlar ABŞ-ın böhranın təsirini aradan qaldırmaq üçün yeni dollar çapına başlayacağını gözlədiklərinə görə qızıla o qədər də maraq göstərmirlər.

Əgər hadisələr əksinə inkişaf edərsə və ABŞ-da böhran dərinləşərsə, investorların dollara inamını itirməsi qızılı bahalaşdıra bilər. Ekspertlər bunu ən təhlükəli variant hesab edirlər.

 

  Gültəkin ƏLƏSGƏR  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır