“Bu gün Divanın toplantısında müzakirələr aparıb, Milli Şura ilə bağlı qərar verəcəyik. Hələ ki təkliflərimiz səslənib. Düşünürəm, bu qərar Müsavat Partiyasının və bütövlükdə demokratik düşərgənin maraqlarına xidmət edəcək”. Bunu Modern.az-a açıqlamasında Milli Şuranın və Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu deyib. O bildirib ki, Müsavatın mövqeyini dəstəkləyən ziyalılar və ekspertlər kifayət qədərdir: “Düşünmürəm, Müsavat təklənib. Müsavatın mövqeyi ilə bağlı müzakirələr gedir. Sadəcə, müzakirələrdə qarşı tərəfdən tam arqumentləşməmiş fikirlər səslənir. Son nəticədə müzakirələr Müsavatın mövqeyinin arqumentləşdirilməsinə gətirib çıxaracaq. Düşünmürəm, Müsavat bu məsələdə təklənib”.
Divan üzvü qeyd edib ki, seçkidən sonra Milli Şura daxilində narazılıqların yaranması, müxtəlif fikirlərin ortaya çıxması, dəyərləndirmənin daha dərin olması təbiidir: “Seçkidən əvvəl bir hədəf var idi, Milli Şura seçkidə iştirak etsin. Cəmil Həsənli də vahid namizəd kimi bu missiyanı yerinə yetirdi. Seçkidən sonra isə hədəflər və prioritetlər dəyişib. Əslində seçkidən sonra bir məyusluq var. Biz nə qədər iddia etsək də ki, Cəmil Həsənli qalib gəlib. Amma görünən odur ki, Azərbaycan hakimiyyəti dəyişməyib. Bunların hamısı proseslərə təsir edir. Mənə elə gəlir, seçkidən əvvəlki mühitlə seçkidən sonrakı mühiti eyniləşdirmək səhv nəticələrə gətirib çıxara bilər”.
Q. İbadoğlu Rüstəm İbrahimbəyovun son müsahibəsində Müsavat Partiyası ilə bağlı dediklərinə də münasibət bildirib: “Hiss olunur, Rüstəm İbrahimbəyov bu istiqamətdə məlumatlı deyil, ona görə də belə açıqlamalar verir. Düzdür, o, Azərbaycanda demokratik proseslərə töhvə vermiş şəxsdir, ziyalıdır. Sadəcə olaraq, bu sahədə məlumatlı deyil. Əvvəlki proseslərdə də sübut olundu ki, kənarda olub, məsələlərlə bağlı proqnoz vermək asan deyil”.
İlkin PİRƏLİ