Modern.az

Bakıda rəsmi protokola salınan Soyqırımı abidə kompleksi tikiləcək

Bakıda rəsmi protokola salınan Soyqırımı abidə kompleksi tikiləcək

9 Dekabr 2013, 12:03

Ölkəmizə gələn xarici qonaqların rəsmi protokola əsasən ziyarət etdikləri məkanlar sırasına Xocalı abidəsinin də salınması hər zaman deputatlar tərəfindən Milli Məclisin müxtəlif iclaslarında səsləndirilib. Son dəfə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov Bakıda soyqırımı abidəsi və muzeyinin yaradılmasını, Azərbaycana gələn rəsmi nümayəndələrin Xocalı soyqırımına həsr edilmiş abidəni də ziyarət etmələrini bildirmişdi. Milli Məclisin sədri Oqtay Əsədov isə demişdi ki, artıq bu istiqamətdə işlər gedir, Bakıda böyük bir soyqırımı abidəsi qoyulacaq. 

Millət vəkili Elman Məmmədov Modern.az-a açıqlamasında hazırda kompleksin yaradılması istiqamətində yüksək səviyyədə iş aparıldığını təsdiqləyib.

“Böyük kompleks olacaq-burada soyqırımı muzeyi və abidəsinin olması nəzərdə tutulub. O, hazır olduqdan sonra xarici qonaqların buranı ziyarət etmələri rəsmi protokola salınacaq”.

Qeyd edək ki, Xocalı Soyqırımı Memorial Kompleksinin maketi Heydər Əliyev Mərkəzində təşkil olunan “Mini Azərbaycan” layihəsi çərçivəsində sərgilənib. Layihə simvolik məna kəsb edən konsepsiya üzrə işlənilib. Konsepsiyaya əsasən, kompleksin həyətində fevral ayının sonlarında çiçək açan ağaclar əkiləcək. Bu, 1992-ci ilin fevralında qətlə yetirilmiş günahsız insanların yarımçıq qalmış ömrünü simvolizə edir. Kompleksi dörd tərəfdən əhatə edən düzbucaqlı monolit isə Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında təsvir olunub.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır