Modern.az

Azərbaycana qarşı informasiya müharibəsi aparan ÖLKƏLƏR

Azərbaycana qarşı informasiya müharibəsi aparan ÖLKƏLƏR

Media

23 Sentyabr 2024, 15:52

Son zamanlar ermənilərin informasiya cəbhəsində aktivliyinin şahidi oluruq. Rəsmi İrəvanın silahlanması, sərhədlərdə görülən aktivlik, son günlərdə Naxçıvan ərazisində atəşkəsin pozulması deməyə əsas verir ki, Ermənistan özü eskalasiya yaratmağa çalışır. Bununla belə Azərbaycana qarşı bu kimi ittihamlarla çıxış edirlər və müxtəlif dezinformasiyalar yayırlar

 

Bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu bildirib.

 

V.Zifəroğlunun sözlərinə görə, birmənalı şəkildə vurğulamaq lazımdır ki, bütün bu informasiya çirkliliyi yalnız müharibəyə hazırlıq məsələsi ilə bağlı deyil:

 

“Eyni zamanda Zəngəzur dəhlizi ilə də bağlı çox ciddi bilgi çirkliliyi yaşanır, ciddi manipulyasiyalara yol verilir. Hər iki məqamda, həm Azərbaycanın güya müharibəyə hazırlaşması ilə bağlı məsələdə, həm də Zəngəzur dəhlizinə münasibətdə olduqca ciddi bilgi çirkliliyi və manipulyasiyalara yalnız Ermənistan mediasında deyil, eyni zamanda bir sıra ayrı-ayrı ölkələrin də media quruluşlarında rast gələ bilirik. Məsələn, son bir ayda Ukrayna mediasında bu kimi dezinformasiya və manipulyasiyaların şahidi olduğumuzu qeyd edə bilərik. İran mediası da sistemli şəkildə bu məsələdə ciddi fəaliyyət göstərir. Qərb mediasını da başda Fransa olmaqla buraya əlavə etmək mümkündür. Oradakı erməni diasporasının da dəstəyi ilə bizə qarşı aktiv informasiya müharibəsi aparılır”.

 

Müsahibimiz qeyd edib ki, bütün bunlar informasiya müharibəsinin yalnız isti müharibə aparan tərəflər arasında aparılmadığını göstərir:

 

“Bir çox hallarda informasiya müharibəsinin müxtəlif elementlərindən istifadə etmək üçün üçüncü ölkələr də bu prosesə qatılır. Həmin ölkələr bilgi çirkliliyi yaradır, yaxud müxtəlif manipulyasiyalar üçün münbit zəmin hazırlayırlar. Bütün bu məqamlar onu deməyə əsas verir ki, istər qərb mediası, istərsə də ölkə mediası vasitəsilə gőrməli olduğumuz işlər hələ çoxdur. Əsl həqiqətlərin nədən ibarət olması ilə bağlı aktiv şəkildə öz fəaliyyətimizi davam etdirməli, informasiya axınını sistemli şəkildə elə qurmalıyıq ki, istər beynəlxalq auditoriya, istər bölgədə marağı olan ölkələrin media quruluşlarına müəyyən mənada sözümüzü demək, həqiqətlərimizi çatdırmaq imkanımız olsun”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu