Modern.az

“Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib

“Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib

9 Dekabr 2013, 11:40

Modern.az  xəbər verir ki, bu gün AMEA-nın Əsas binasında AMEA Folklor İnstitutu və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş “Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib. Öncə Aşıq Şəmşirin həyat və yaradıcılığını əks etdirən video çarx nümayiş olundu. Azərbaycan, elecə də Türkiyə, İran, Rusiya, Qırğızıstandan qabaqcıl elm və tədris müəssisələri, elmi qurumlarını təmsil edən nümayəndələrin iştirak etdiyi tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov açdı. Bildirdi ki, tədbirin keçirilməsində əsas məqsəd ustad saz-söz sənətkarı Aşıq Şəmşirin yaradıcılığı fonunda ümumən aşıq-ozan mədəniyyətinə verilən dəyərin elmi-analitik şəkildə gündəmə gətirilməsidir. XX əsrin aşıq sənətinin qüdrətli nümayəndəsi Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısının saz-söz sərrafı olan Kəlbəcər, Göyçə və Qarabağ ellərində yüksək qiymətləndirildiyini bildirən M.Kazımoğlu ustad sənətkarın orijinal ifaçılığı və şairliyindən söz açdı. Şəmşirin aşıq şeirinin müxtəlif poetik formalarında qələmə aldığı nümunələrinin folklor tarixində əvəzolunmaz izlər qoyduğunu qeyd etdi. Aşıq Qardaşxan, Qəmkeş Allahverdi, Aşıq Xalıqverdi kimi saz-söz sənətkarının yetkinləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olduğunu söylədi, aşığın 40-dan artıq şagirdinin olduğunu bildirdi.    Heydər Əliyevin Aşıq Şəmşirin 110 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında sərəncamını xatırladan alim AMEA Folklor İnstitutu tərəfindən 2003-cü ildə şairin yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın keçirildiyini diqqətə çatdırdı.   Azərbaycan ədəbiyyatında xüsusi rola malik olan Azərbaycan folkloru haqqında məlumat verən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizin dünyanın ən zəngin folklor sərvətlərinə malik ölkələrdən biri olduğunu bildirdi. Qeyd etdi ki, ölkəmizdə aşıq sənətinə həsr olunmuş tədbirlərin keçirilməsi Azərbaycanın milli-mənəvi dəyərlərə verdiyi önəmin göstəricisidir.   İ.Həbibbəyli Aşıq Şəmşirin aşıq sənətini yaşadan və daima onu yetişdirməyə can atan sənətkarlardan olduğunu söylədi. Bildirdi ki, şairin irsi yalnız Azərbaycanın deyil, türk xalqlarının və onlarla eyni mədəni məkanda yaşayan qonşu xalqların da filoloq və musiqişünas alimləri üçün maraqlı və dəyərli tədqiqat obyektidir.   Sonra çıxış edən AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev Azərbaycan xalqının folklorda yaşayan tarixinə və tarixi şəxsiyyətlərinə yeni meyarlar müstəvisində nəzər salınması baxımından konfransın önəmliyini vurğuladı. Miskin Abdalın soyundan və Ağdabanlı Qurbanın oğlu olan Aşıq Şəmşirin klassik aşıq şeirinin əksər janr və formalarında mükəmməl nümunələr yaratdığını, 70-dən artıq saz havasını və 20-dən çox dastanı ustad peşəkarlığı ilə ifa etdiyini qeyd etdi.   Tədbirdə Abant İzzət Baysal Universitetinin (Türkiyə) bölüm başqanı, elmlər doktoru, professor Əli Yaman, Dağıstan Respublikasının Qarabudaq Kənd Gimnaziyasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ruqaniyat Musayeva, Qırğızıstanın Texniki Universitetinin Fəlsəfə və sosial elmlər kafedrasının professoru Talantaali Bakçiyev və başqaları məruzə ilə çıxış etdilər. Tədbirdə qırğız manasçısı, qumuq aqaç-kumuzçusu, Savə (İran) cökürçüsü və Azərbaycan aşıqlarının ifasında müxtəlif dastanlar, aşıq sənəti nümunələri səsləndirildi. Tədbir iştirakçılarına Aşıq Şəmişirə həsr edilimiş kitablar, disklər və digər açıqçalar paylandı. Konfransda “Aşıq Şəmşir poeziyasında xalq gülüşünün izləri”, “Aşıq Şəmşir poeziyasında Səməd Vurğun obrazı”, “Aşıq Şəmşir və Kəlbəcər mühiti”, ”Aşıq sənəti Səməd Vurğun poeziyasının milli koloriti kimi”, “Aşıq Şəmşir şeirlərinin dili və üslubu”, “Aşıq Şəmşir yaradıcılığında təəssüf ənənəsi ilə bağlı obrazlar” və s. mövzularda məruzələr dinlənilib.  Konfransda Qurbani, Dadaloğlu, Manas, Aşıq Ələsgər və başqa azman türk aşıqları haqqında da söhbət açılıb.  Mərasimdə aşıqların və qiraət ustalarının ifasında ustad sənətkarın əsərləri və şeirlərinə yazılmış mahnılar səsləndirilib.

 Sonda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, aşığın oğlu Qəmbər Şəmşiroğlu atasının xatirəsinə göstərilən böyük ehtirama görə ailəsi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib. sO, tədbir iştirakçılarına aşığın kitablarını hədiyyə edib.

 

 

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır