Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanovun işdən azad olunması məsələsinə Təhsil Nazirliyi münasibət bildirib. Modern.az saytının sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov işdən azad olunması ilə bağlı ərizə təqdim edib.
“Qanunvericiliyə əsasən rektorların işə təyin və işdən azad olunması məsələləri Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə daxildir. İşdə olmayan ali məktəb rektorunun səlahiyyətləri müvəqqəti olaraq həmin təhsil müəssisəsinin prorektoruna həvalə edilir”.
Modern.az saytının məlumatına görə, hazırda Sumqayıt Dövlət Universitetində işə təhsil nazirinin müşaviri Elxan Hüseynov nəzarət edir.
Elxan Hüseynov 1995-2002-ci illərdə Bakı Dövlət Universitetində prorektor olub. 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı səfiri kimi işləyib. Hazırda isə təhsil nazirinin müşaviri vəzifəsini tutur.
Aytən ƏLİYEVA