Modern.az

Təhsil Nazirliyi ““2” alan rayonlar” haqda: “Məqsəd kimisə cəzalandırmaq deyil”

Təhsil Nazirliyi ““2” alan rayonlar” haqda: “Məqsəd kimisə cəzalandırmaq deyil”

9 Dekabr 2013, 14:24

“Ötən ilin buraxılış imtahanlarında pis nəticə göstərən rayon təhsil şöbələrində təhlillər aparılıb. Bununla bağlı müvafiq tədbirlər görülüb və müəyyən adamlar haqqında lazımi işlər görülüb”. Bu sözləri Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib. O, qeyd edib ki, nazirliyin göstərişi ilə ötən ilin buraxılış imtahanlarının nəticələri ilə bağlı rayon təhsil şöbələri özləri müzakirələr keçirib, vəzifələr müəyyənləşdirilib.

“Hər bir rayon öz məktəblərinin nəticələrini təhlil edib. Pis nəticələrin yenidən təkrarlanmaması üçün təbii ki, məktəb direktorlarına, pedaqoji işçilərə göstərişlər verilib. Lakin fikrimcə, həmin  rayonların ən çox “2” alan siyahısında göstərmək də düz deyil, burada məlumatlarda qarışıqlıq da var. Bir məktəbdə “2” alanda , “3”, “4” alan da var. İndi bunu vurğulamaq fikrimcə düzgün deyil”.

A.Əhmədov buraxılış imtahanlarının nəticələrinin təhlillərinə əsasən müvafiq tədbirlərin də görüldüyünü qeyd edib.
“Məqsədimiz kimisə cəzalandırmaq deyil, vəziyyəti yaxşılaşdırmaq, onlara ciddi mesajlar verməkdir və s. Həmin məktəblərin yaxşı nəticə göstərməmələrinin səbəbi isə müxtəlif ola bilər. Həmin fənlərə şagirdlərin maraq dairəsinin kifayət qədər olmaması, müəyyən yerlərdə təlim prosesinə, şagirdlərin keyfiyyətli təhsil almasına şəraitin yoxluğunun təsiri var”.

Qeyd edək ki, 2012-2013-cü tədris ili buraxılış imtahanlarında məktəblərinin şagirdləri ən çox “2” alan rayonlar Sabirabad, Saatlı, Daşkəsən, Cəlilabad, Masallıdır.

 

Aytən ƏLİYEVA

 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır