Abbas Qəmli
Bu gün dünyada çoxsaylı qlobal problemlər mövcuddur.Əksəriyyətimiz bu problemlərdən agahıq. Bəzən insan övladı bu problemlərin dərin fəsadlarını bilə-bilə öz əli ilə təbiətə ziyan vurmaqla daha çox problem yaratmış olur. Belə problemlər siyahısında meşələrin kəskin azalması da var. Son 200 ildə dünyada meşə ərazisinin sayı iki dəfədən çox azalmışdır. Meşələrin ərazisinin azalması ölkəmizdən də yan keçməmişdir.9-cu əsrdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olmuşdursa, indi bu rəqəm 11, 8 faiz təşkil edir.
Azərbaycan füsunkar təbiəti və gözəlliyi ilə dünyaya səs salmış və şöhrət qazanmışdır. Bu gözəlliklər içərsində təbii sərvətimiz sayılan yaşıl meşələrin xüsusi yeri var. Meşələrin insan həyatı üçün necə böyük əhəmiyyət kəsb etdiyi hər kəsə məlumdur. Bizə həyat verən bu yaşılıqların məhv edilməsi əslində insanlığa vurulan ağır zərbədir.Tanrının yaratdığı gözəlliyi məhv etmək ona qarşı çıxmaq deməkdir. Bu gün ağaclara qənim kəsilib, təbiətin gözəlliklərinə biganə olanlar az deyil. Bəlkə də meşələrə qənim kəsilən insanlar onların məhv edilməsinin hansı problemlər yaradacağını heç ağlına gətirmirlər. Lakin onu unutmaq olmaz ki, təbiətin cəzası daha sərt olur. Bütün bunlara rəğmən ölkəmizdə həyata keçirilən geniş yaşıllaşdırma işləri sabaha nikbin baxmağa inam yaradır. Bu yöndə 2007-ci ildən Heydər Əliyev fondu tərəfindən həyata keçirilən “Hərəmiz bir ağac əkək” layihəsini uğurlu yolun başlanğıcı kimi qiymətləndirmək lazımdır. Bu sahadə müntəzəm tədbirlərin həyata keçrilməsi bizlər üçün həyatı əhəmiyyət daşıyır. Bu yolu müqəddəs yol adlandırmaq olar. Hər kəs ağaclara baxanda hər şeydən əvvəl onun zahiri gözəlliyinə baxır. Amma bilməliyik ki ağac təmiz hava, saf su, gözəl təbiət, sağlam, ekoloji cəhətdən təmiz ətraf mühit və qida, bir sözlə həyat deməkdir. Peyğəbərimiz də ağac əkməyin savab iş olduğunu bildirmişdir. “Ömrünüzə bir gün qaldığını bilsəniz də yenə ağac əkin, ən böyük savab ondadır.
“ Unutmayaq ki, meşələrin qanunsuz qırılmasının qarşısı alınmasa, respublikamız ağır ekoloji fəlakətlər, eroziya prosessinin genişlənməsi, dağlıq ərzilərdə sel və sürüşmə və s. kimi çoxsaylı problemlərlə üzləşə bilər. Torpağımızı bərəkətli, təbiətimizi saf , suyumuzu bol görmək istəyiriksə bu nəcib işə qayğı ilə yanaşmalıyıq. Ən azından hər adama bir ağac əkməklə. Təbii sərvətimiz sayılan meşələrdən danışarkən işğal altında olan torpaqlarımızda 261 min hektarmeşə sahasinin qaldığını, onların Erməni təcavüzkarları tərəfindən hələ də talan edildiyini vurğulamaq lazımdır. Təcavüzkarlar təbiətin gözəlliyini yəqin ki dərk etmirlər. Ona görədə Tanrının bizlərə bəxş etdiyi gözəlliklərə qənib kəsiliblər.
Amma çox təssüf ki, dünya təbiət-sevərlərinin səsini, ermənilərin qədim Azərbaycan torpaqlarında ağaclara, meşələrə qarşı “soyqırımı”na etiraz haraylarını eşitmirik. Cild – cild kitablar yazılmasını tələb edən bu mövzuya həsr etdiyim kiçik yazımla insanlara müraciət edirəm. Gəlin həyatımıza “həyat” verən Tanrının yaratdıqlarını qoruyaq. Əgər belə olarsa biz özümüzü, insanlığı qorumuş olarıq.