Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova Mustafa Sübhi küçəsinin adının dəyişdirilib Nabat xanım Aşurbəyovanın adınının verilməsi üçün müvafiq sərəncam verməsini xahiş edib. Bakı meri isə şeyxin məktubuna cavabı çox gözlətməyib. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin əməkdaşı Nuranə Mərdanova Modern.az-a bildirib ki, hər hansı küçəyə ad verilməsi ölkə prezidentinin sərəncamı əsasında olur. Onun sözlərinə görə, İcra Hakimiyyətinin tərkibində bu məsələlərə baxan xüsusi komissiya var. Həmin komissiya təkliflərə baxır qərar qəbul edir və bundan sonra sərəncam verilir.
“Hər hansı bir küçənin adının dəyişdirilməsi məsələsi ölkə rəhbərliyi və ya Nazirlər Kabinetinin sərəncamı əsasında aparılır. İcra Hakimiyyətinin tərkibində bu məsələlərə baxan xüsusi komissiya var. Həmin komissiya təkliflərə baxır, hansı küçəyə hansı adın verilməsi ilə bağlı qərar qəbul edir və bundan sonra sərəncam verilir. Küçə adı ilə bağlı lövhələrin düzəldilməsi ilə Əmlak Komitəsi məşğul olur. Odur ki, bu məsələnin icra hakimiyyətinə heç bir aidiyyəti yoxdur”, – deyə Nuranə Mərdanova bildirib.
Qeyd edək ki, prezidentin sərəncamı əsasında Təzə Pİr məscid kompleksi əhəmiyyətli sürətdə genişlənib. Burada Qafqaz Müsəlmanları İdarəsi, Bakı İslam Universiteti və digər inzibati binalar yerləşir. Şeyxülislam öz müraciətdə qeyd edib ki, dindarlar şəhər sakinlərinin, eləcə də ölkəyə gələn çoxsaylı qonaqların ziyarət etdiyi bu kompleksin əsas qapısı hazırda Mustafa Sübhinin adını daşıyan küçəyə açılır. Bir müddət Rusiyada fəaliyyət gösətərən peşəkar-inqlabçı-ateist Mustafa Sübhinin adına bu gün nə vətəni Türkiyədə, nə də Rusiyada heç bir küçə, yaxud da hansısa müəssisə var. A.Paşazadə yazıb: “Təzə Pir” məscidinin əsas giriş qapısının yerləşdiyi Mustafa Sübhi küçəsində Nabat xanım Aşurbəyovanın adınının verilməsinin savab əməl olmaqla yanaşı, həmçinin dövlətimizin Azərbaycan qadınına və möminlərinə ehtiramının bariz nümunəsi olacaq”.
Gültəkin ƏLƏSGƏR