Şəkərli diabet Beynəlxalq Federasiyasının (İDF) verdiyi məlumata görə 2021-ci il üçün dünyada I tip şəkərli diabetlə xəstə uşaq sayı 1,2 milyon nəfərdir. Hər il bu göstərici durmadan artır. İnsulinasılı I tip şəkərli diabet uşaqlar arasında ümumi şəkər xəstələrinin təqribən 95 %-ni təşkil edir, 5%-isə 2-ci tip - insulinrezistent şəkərli diabetin payına düşür.
Şəkərli diabetin əlamətləri qanda şəkərin miqdarının artmasına (hiperqlikemiya) bağlı olaraq çox maye qəbul etmə (polidipsiya), çox sidiyə çıxma(poliuriya), hədəf orqanların - gözün torlu qişası, böyrəklər, ürək, sinir sistemi - zədələnməsi simptomlarıdır. Şəkərli diabet xəstələrinin sayı ildən ilə artsa da, onun diaqnostikasını yetərli hesab etmək olmaz. Bunu ağır vəziyyətdə, ketoasidotik koma vəziyyətində klinikamıza olan müraciətlərə əsaslanaraq deyirəm. Anamnezdən bəlli olur ki, valideyinlərin bu barədə heç məlumatı belə olmayıb. Son illər hətta 1 yaşın altında xəstələrin müraciətinin şahidi oluruq. Diaqnozun vaxtında qoyulmaması çox ağır fəsadlar- diabetik retinopatiya (korluğa səbəb ola bilər), nefropatiya, polineyropatiya və s.
Buna görə də, uşaqlarda və yeniyetmələrdə qanda şəkərin miqdarını lazım olan anda düzgün tənzimləmək vacibdir. Bunun üçün valideynlər və həkim endokrinoloqlar birgə fəaliyyətdə olmalıdırlar.
Şəkərli diabet ilə xəstə olan uşağın məktəb müəllimlərinin də uşaqdan məlumatı olmalı, lazım gələn anda ona yardım göstərməyi bacarmalıdır.
Şəkərli diabetin son illər uşaqlar arasında artmasının bir çox səbəbləri var:
1. Autoimmun xəstəliklərdə artım tendensiyası - Bexterex xəstəliyi, revmatoid artrit, sistemli qırmızı qurdeşənəyi, sklerodermiya və s. Bu zaman autoantitellərin zərərli təsiri nəticəsində mədəaltı vəzin beta hüceyrələrində insulin istehsalının mütləq azalmasına səbəb olur ki, bu da I tip şəkərli diabetlə nəticələnir.
2. Koksaki, qızılca, epidemik parotit, məxmərək viruslarının təsirindən beta hüceyrələr zədələnir, autoimmun iltihab baş verir. Anadangəlmə məxmərək keçirmiş uşaqların təxminən 20%-i şəkərli diabetlə doğulurlar.
3. Kəskin xronik pankreatit keçirən xəstələrin təqribi 30%-i potensial diabetik ola bilir.
4. Fiziki və kimyəvi faktorların artmaqda olan zərərli təsiri.
5. Müxtəlif səbəblərdən qanda insulinin əksinə təsir göstərən antoqonistlərin- İnsulinaza, qlukokortikoidlərin, boy hormonunun və s. artması.
Şəkərli diabetin diaqnostik kriteriyaları böyüklərdə olduğu kimidir. Kiçik yaş uşaqlarda mütləq sidikdə şəkərin və ketonların səviyyəsinə də baxılmalıdır.
Diaqnoz qoyulduqdan sonra diabetin tipi təyin olunmalıdır, çünki müalicə tipdən asılıdır.
Müalicədən əsas hədəf qanda şəkərin və qlikohemoqlobinin səviyyəsini lazımi həddə saxlamaqdır.Çox vacib şərtlərdən biri ekstremal hallara -ketoasidoz,hiperosmollyallığa və hipoqlikemik krizlərə yol verməməkdir.
Uşaqlarda diabetin müalicəsində diyetanın çox böyük rolu var, və bu dietanı endokrinoliq-diyatoloq uşağın yaşına, fiziki aktivlik dərəcəsinə,ailənin qida adətlərinə gündəlik rejiminə uyğun təyin etməlidir. Rasional insulinterapiya və düzgün seçilmiş qida rasionu qanda qlukozanın sabit saxlanmasını demək olar tam təmin edir.
Dr. Sahib Cəfərov
Leyla Medical Center-in aparıcı pediatrı