Dekabrın 9-da Daxili İşlər Nazirliyində cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə bu il Azərbaycan Polisinin peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup əməkdaşa dövlət mükafatlarının təqdim olunmasına həsr olunmuş təntənəli mərasim keçirilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mərasimi açaraq son 10 ildə təxminən 500 əməkdaşın dövlət mükafatlarına layiq görülməsini şəxsi heyətə verilən yüksək dəyərin və göstərilən etimadın əyani təsdiqi olduğunu vurğulayıb. Nazir 1 iyul 2013-cü il tarixli məlum sərəncamlarla 41 əməkdaşın yüksək dövlət mükafatları və fəxri adlar ilə təltif olunduğunu deyib, bu ali diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlığını bildirib.
Sonra Baş Kadrlar İdarəsənin rəisi, polis general-mayoru İsmət Əliyev təltif olunmuş əməkdaşların siyahısını elan edib, onlardan 35 nəfərinin mərasimə dəvət olunduğunu deyib.
Təltif olunanların adından çıxış edən polis polkovnik-leytenantı Vüqar Ələkbərov yüksək mükafatlara görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildirib, bu böyük etimadı layiqli xidmətlərilə doğruldacaqlarına söz verib.
Modern.az