Bişkekdəki Qırğızıstan Milli Universitetində Türk İrsi Mərkəzi yaradılıb.
Modern.az-ın məlumatına görə, mərkəzin rəhbəri Kayrat Osmonəliyev Qırğızıstan mətbuatına ibildirib ki, qurum dünyanın müxtəlif ölkələrində şöbələri olan Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondunun (IFCTH) himayəsi altında fəaliyyət göstərəcək.
Mərkəz türk xalqlarının arxeologiyası, tarixi, etnoqrafiyası, folkloru, dilləri və ədəbiyyatı sahəsində fundamental tədqiqatlar aparacaq.
K.Osmonəliyevin sözlərinə görə, bu fəaliyyət təkcə nəzəri tədqiqatlardan ibarət olmayacaq, həmçinin tarix-mədəniyyət obyektlərinin və qeyri-maddi irs abidələrinin öyrənilməsi və qorunmasına yönəlmiş proqramların dəstəklənməsi nəzərdə tutulur.
Kayrat Osmonəliyev xatırladıb ki, 2022-2023-cü illərdə Qırğızıstanın Azərbaycandakı səfirliyi mərkəzi ofisi Bakıda olan Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondu ilə Qırğızıstan Milli Universiteti arasında tərəfdaşlıq əlaqələrinin yaradılması üzərində iş aparıb. Nəticədə əməkdaşlığa dair Memorandum imzalanıb və sentyabrın əvvəlində universitetin Elmi Şurasının qərarı ilə Türk İrsi Mərkəzi yaradılıb.
O, mərkəzin fəaliyyətinin türk xalqlarının mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinə, adət-ənənələrin öyrənilməsinə və dostluq tellərinin möhkəmləndirilməsinə yönəldiyini diqqətə çatdırıb.