Azərbaycanda gənclər siyasətinin bir hissəsi olaraq gənclər mərkəzləri və gənclər evləri fəaliyyət göstərir. Ölkənin bir çox rayonlarında bu mərkəzlər gənclərin vaxtlarını səmərəli keçirməsinə xidmət etməlidir. Xüsusilə ətraf rayonlarda bu kimi mərkəzlərin fəaliyyətinə ehtiyac duyulur. Ancaq bu mərkəzlərin fəaliyyəti ilə bağlı narazılıqlar mövcuddur.
Modern.az-a danışan Milli Məclisin VI çağırış deputatı Vüqar İskəndərov bildirib ki, gənclər hər bir xalqın gələcəyi olduğu kimi, hər bir gənc öz dövrünün məhsuludur:
“1990-cı illərin əvvəllərində Ulu Öndər Prezidentliyə gəldiyi zaman ilk yaradılan nazirlik də məhz Gənclər və İdman Nazirliyi oldu. Bu fərman artıq ölkə başçısının və Azərbaycan dövlətinin gənclərə verdiyi dəyərin bariz nümunəsidir. Bu gün gənclər sektorunda Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və digər müvafiq dövlət orqanları və qeyri-hökumət təşkilatları, icmalar, klublar fəaliyyət göstərir. Azərbaycan dövləti bu sahədə kifayət qədər ciddi addımlar atıb. Həm Ulu Öndərin həm də Prezident İlham Əliyevin dövründə “Azərbaycan Gəncliyi” Dövlət Proqramları qəbul edilib və uğurla icra olunub. Həmin proqramların müddəalarından biri də gənclər evləri və mərkəzlərinin fəaliyyət göstərməsidir. Həm paytaxtda həm də rayonlarda bu mərkəzlər fəaliyyət göstərir. İlk zamanlar yerli icra hakimiyyətləri də gənclər evləri inşa etdilər. Həmin evlər bir çox standartlara cavab verməsə də, fəaliyyət göstərirdilər. Sonradan Gənclər və İdman Nazirliyi belə mərkəzlərin və evlərin tikintisini həyata keçirdi. Bu evlər bölgələrdə mərkəz ərazilərdə inşa olundu. Bu mərkəzlərin əsas məqsədi gəncləri dərnəklərdə və klublarda bir araya toplamaq, asudə vaxtlarını səmərəli təşkil etmək, dil biliklərinin artırılması, sənət və peşələrə yiyələnməsi, əylənmələri üçün xüsusi şəraitlər yaradılıb. Azərbaycan gəncliyi də vətən müharibəsində igidliyi və qəhrəmanlıqları ilə dövlətin onlara dəstəyinin əvəzini artıqlaması ilə ödədilər. Bütün dünyaya göstərdilər ki, bu xalqın necə qəhrəman gəncliyi var".
V.İskəndərov qeyd edib ki, indi bütün gənclər evlərinin uğurla fəaliyyət göstərdiyini demək olmaz:
“Bu evlərin uğur qazanması həmin evlərin rəhbərliyindən, komandadan, yerli dövlət idarələrindən və həmin rayonun gənclərindən asılıdır. Ümumi gənclər evləri dövlətin gənclər siyasətində xüsusi yerlərdən birini tutur. İkinci məsələ bu mərkəzlərin fəaliyyətinin müasir çağırışlara cavab verməsidir. Bu da özlüyündə aktual məsələdir. Bir çox mərkəzlər illər əvvəl inşa olunub, kiçikdir və gənclərin inkişafı üçün dövrün tələblərinə uyğun deyil. Düşünürük ki, gələcəkdə bu məsələlərə baxılmalıdır. Bu mərkəzlər əsasən yerli gənclərin maraqlarını nəzərə almalı, mütəmadi olaraq yerli gənclər arasında sorğu keçirilməlidir".
Müsahibimiz qeyd edib ki, hər bir şəhər və rayonlarda bu mərkəzlər inşa olunmalıdır:
“Çalışılmalıdır ki, daha çox şəhərin mərkəzində inşa olunsun. Bu vacib məsələdir, mən bölgədə çalışmışam, yerin də çox böyük önəmi var. Ərazi də özlüyündə bir çox problemlər yarada bilir. Gənclər və İdman Nazirliyi yerli idarələri regional idarəyə çevirib. Artıq hər bir dairədə yerli gənclər və idman idarəsi yox, regional idarələri və onlara daxil olan rayonlarda isə tabe sektorlar mövcuddur. Onların da səlahiyyətləri minimuma endirilib. Həmin sektorlar artıq regional idarəyə bağlı şəkildə işləyirlər. Bunun müsbət və mənfi tərəfləri var. Mənfi tərəfi rayonlar arasında məsafə olmasıdır. Ən adi məsələ üçün də gənclər həmin mərkəzə müraciət etməli olurlar. Müsbət tərəfi isə daha çevik idarəetmənin qurulması, mərkəz və nazirlik arasında işlərin daha çevik həll oluna bilməsidir.
V.İskəndərovun sözlərinə görə, şəhər və rayonlarda gənclər sektorunda fəaliyyət göstərən çox az qeyri-hökumət təşkilatları var:
“Barmaqla sayılan rayonlarda bu sahədə çalışan QHT-lər mövcuddur. Kifayət qədər çox rayon mövcuddur ki, hələ də orada gənclər sektorunda fəaliyyət göstərən QHT yoxdur. Gənclər təşkilatlanaraq Gənclər Fondu və digər orqanlarından maliyyə yardımı əldə edə bilmirlər. Gənclərin müvafiq olaraq təşkilatlanması və müvafiq dövlət orqanları tərəfindən maliyyə yardımı alaraq fəaliyyət göstərmələri vacibdir. Gənclər bölgədə bu təşkilatları yaratmalı və dövlət qeydiyyatına alınmasını təmin etməlidirlər. Bakı şəhərində kifayət qədər təşkilatlar fəaliyyət göstərir. Təəssüf ki, bunların bir çoxu aktiv fəaliyyət göstərmir. Bütün bunlar deməyə əsas verir ki, bölgələrdə bu sahədə görüləcə işlər çoxdur. Hər birimiz çalışmalıyıq ki,yalnız paytaxtda və böyük şəhərlərdə olan gənclər yox, ən ucqar yerlərdə yaşayan gənclər də bütün yaradılan şəraitdən istifadə edə bilsinlər. Düşünürük ki, bunun üçün ölkə başçısının xüsusi diqqəti var. Gənclər və İdman Nazirliyi və müvafiq dövlət orqanları da ən ucqarda olan gənclər üçün şəraitin yaradılmasına maraqlıdır. Fikrimizcə yaxın zamanlarda bütün bu problem kimi görünən məsələlər öz həllini tapacaq”.