Azərbaycan ordusunun bir il əvvəl başlatdığı lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bir sutkadan az davam edən əməliyyat Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarix səhifələrinə yazıldı.
Əməliyyat şimalda beş, cənubda isə səkkiz olmaqla 13 istiqaməti əhatə edirdi. Vətən müharibəsindəki təcrübəyə əsaslanan bölmələrimizin əsasən kiçik qruplar halında hərəkət etməsi nəticəsində düşmən qəfil yaxalandı. Hərbçilərimiz bir neçə saat ərzində Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə doğru 5-26 kilometr irəliləyərək bütün yolları kəsdi.
Xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması tapşırığını uğurla yerinə yetirdilər. Məhz Silahlı Qüvvələrimizin birgə fəaliyyəti nəticəsində nail olduğumuz bu üstünlüklərdən sonra separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı ağ bayraq qaldırdı. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və obyekti hədəfə almadan 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur etdi.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, cəmi bir sutka ərzində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi.
Modern.az Vətən müharibəsi və antiterror əməliyyatlarının iştirakçısı Orxan Bələdovla həmsöhbət olub.
Bələdov Orxan Natiq oğlu 2000-ci il fervralın 4-də Sumqayıt şəhərində anadan olub.
"Uşaqlığım bu şəhərdə keçsə də, əslən Şamaxı rayonundanıq. Məni nənə və babam böyüdüb. Ata-ana qayğısı olsa da, məni böyüdənlər onlardır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşdüm. Aprelin 13-ü N saylı hərbi hissəyə çatdım. Oradan sonra bölündük və kəşfiyyat bölüyündə xidmətim başladı. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən hərbi qulluqçu olaraq geri qayıtmağa qərar verdim. Hərbçi olmaq çətin olsa da, şərəfli peşədir. Mən fəxr edirəm ki, Azərbaycan silahlı qüvvələrinin komando briqadasının xüsusi təyinatlı birliyində xidmət etmişəm", - o, qeyd edib.
O, Vətən müharibəsinin başlamasından 2 həftə əvvəl müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayıb. Orxan müharibə zamanı Murov istiqamətində döyüşlərə qoşulub. Döyüşçümüz Vətən müharibəsi barədə xatirələrini danışır.
"İndi danışanda belə həyəcanlanıram. İndi şəhərdəyik, həmin kadrlara baxanda özümüzə də təəccüblü gəlir ki, biz buralarda olmuşuq. 44 günlük Vətən Müharibəsində əsasən Murov istiqamətində olduq. Bir çox istiqamətlərdə xidmət etsək də əsas istiqamət bura idi. Ondan sonra 2022-ci ilin sentyabrında Laçın əməliyyatları oldu. Bu zaman bir neçə istiqamətdə döyüşlər getdi. Hərəni bir yerə ayırmışdılar. Bizdə bölükdən hər taborun tərkibinə iki nəfər göndərilirdi. Orada elə bir təəssürat var idi ki, sən döyüş yoldaşına, o da sənə görə məsuliyyətlidir.
"Mən özüm olduğum yerdə arxaya baxanı görməmişəm"
44 günlük müharibədə və Laçın əməliyyatlarında, Allaha şükür, çox böyük zədə almadım. Amma antiterror əməliyyatları mənim üçün çox çətin oldu. Mənim komandirlərim, Ramazan Nəcəfov, Quliyev Ceyhun idi. Ceyhun Quliyevi yəqin ki, görmüsünüz, gözündən qan gələn əsgər o idi. Biz ancaq komandirlərimizin ardınca getmişik. Hətta bizə deyiblər ki, öndə biz gedək arxada siz gedin. Mən özüm olduğum yerdə arxaya baxanı görməmişəm".
O, müharibədə göstərdiyi şücaətə görə bir neçə medalla təltif olunub. Orxan Bələdov antiterror əməliyyatları zamanı Ağdərə istiqamətindən döyüşlərə qoşulub:
"Bizim taborlarımız o səddi yarıb keçdi. Biz o qədər irəli getmişdik ki, bizə dedilər ki, getdiyiniz yer biz dediyimizdən çox irəlidir. Bizim orada şəhidlərimiz, yaralılarımız oldu. Biz deyilən nöqtəyə çatandan sonra geri çəkilməyimizlə bağlı komanda verildi. Sonra avtomobillə geri qayıdanda bizi vurdular. Avtomobildə 8-9 nəfər var idi. Onların içində ən az xəsarət alan mən idim. Həmin maşında şəhid olan da oldu".
"Maşın vurulandan sonra bircə partlayış səsini hiss etdim"
Qazimiz yaralandığı anı tam xatırlamır: "Mən o anda özümdə olmamışam. Mənə də bunu sonradan yoldaşlarım dedilər. Hətta heç kimi tanımırmışam. Maşın vurulandan sonra bircə partlayış səsini hiss etdim. Gözümü açanda həkimləri gördüm. Ayılandan sonrqa danışa da bilmirdim. Sonradan Esmira Qafarovanın nitq mərkəzində müalicə etdilər. Hazırda yeni müalicəm davam edir, amma əvvəlkindən daha yaxşıyam.
30 ildir həsrətlə gözlədiyimiz torpaqlara qovuşduq. Amma onların bu illər ərzində təminatı necə yığdığından baş aça bilmədik. Biz evlərə də girirdik,mülki evlərin zirzəmilərində belə sursat tapırdıq. Yeraltı tunellərini nə qədər vursaq da çıxmağa davam edirdilər. 30 il xarici güclərə arxalanan düşmənin üzərinə Azərbaycan ordusu gedərək məhv etdi. Bu, həqiqətən böyük bir şeydir. Müdafiədə dayanan tərəfin üzərinə gedəndə 1 nəfərə 3 nəfər getməlidir. Biz bir tağımla post alırdıq. Ermənilər təminatı olsa da, qorxaq millətdirlər. 44 günlük müharibədə əsgərləri zəncirlə postda saxlayırdılar. Xüsusi təyinatlıların adı gələndə səksəsəyə düşürdülər".