Ordumuzun 24 saatdan az bir vaxtda keçirdiyi, hərb tarixinə qızıl hərflərlə düşən antiterror əməliyyatlarının 1-ci ildönümüdür. "Vətən sağ olsun!" deyib ölümün gözünə dik baxan, yüksək peşəkarlıq, şücaətlə düşmənə meydan oxuyan igid əsgərlərimizin hesabına bu əməliyyatlardan da ordumuz üzüağ çıxdı.
Modern.az-ın əməkdaşları antiterrror əməliyyatlarında canlarını heç tərəddüd etmədən qurban verən şəhidlərimizin uyuduğu II Fəxri Xiyabanına yollanıblar.
Vətən müharibəsində igidliklə şəhid olanların məzarları sırasında indi də antiterror əməliyyatı şəhidlərinin son mənzilləri də yer alır. Örnək götürdükləri ilə bir sırada uyuyurlar şəhidlərimiz.
Övladının məzarına başını söykəyib sanki bir qaya kimi dik, məğrur dayanan kapitan Eyvazov Vüqarın anası Telli xanım övlad itkisi ilə keçən bir ildən fəxarətlə danışır:
“Mən fəxr edirəm ki, Vüqar kimi oğul böyütmüşəm. Vüqarı tək özümüz üçün yox, vətən, xalqımız üçün böyütdüm. Bu səbəbdən peşman deyiləm. 10 oğlum olsa, onu da vətən uğrunda qurban verməyə hazıram. Vətən olmasa, torpaq olmasa, nə oğul olar, nə ana olar. Torpaq uğrunda mənim Vüqarım getdi. Söz yox, mən darıxıram. Bilirəm ki, gəlməyəcək, amma mən onu da bilirəm ki, o göydən mənə baxır, cənnətdən məni görür. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət, məqamları uca olsun. Millətimiz, bayrağımız, torpağımız, Prezidentimiz sağ olsun” – deyə məğrur Telli ana deyir.
Daşdəmirovlar ailəsi Şəhid Daşdəmirov Sahibin məzarının başında toplanmışdı, Sahibli günləri bir yerdə xatırlayırdılar.
Şəhid Sahibin anası Sahibə xanım övladsız 1 ili geridə qoymağın onun üçün çox ağır olduğunu bildirdi:
"Qəhrəman, igid idi mənim oğlum. Onun haqqında danışmaq mənim üçün çox çətindir. Balamın sorağı Xocavənddən gəldi. Mərdliklə döyüşüb bizim, xalqımızın başını uca elədi".
“Mən baş leytenant Sahib Daşdəmirovun atasıyam” – deyə qürurla sözə başlayır Natiq Daşdəmirov:
“Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah onların məqamlarını uca eləsin. Mən Sahiblə həmişə qürur duymuşam, bu gün də şəhidliyi ilə qürur duyuram, fəxr edirəm. Bizim övladlarımız körpələrin sakit və sağlam yaşaması, ana-bacımızın namus qeyrəti üçün şəhid oldular".
Komando briqadasının qərargah rəisi olmuş, polkovnik-leytenant Şadmanov Əkrəmin həyat yoldaşı Gülşən xanım deyir ki, şəhidimiz antiterror əməliyyatlarının qısa zaman ərzində böyük nəticələr verəcəyini, bu döyüşün planlanmasında iştirak etdiyini deyirmiş:
““Biz Xocalını, Xankəndini azad etməklə Azərbaycanın ərazi bütövlüyünü tanıdacayıq" deyirdi Əkrəm. 19-dan 20-nə keçən günü mənə yazırdı. Gecənin bir yarısı əlaqə qırıldı. Mən çox narahat oldum ki, nəsə olub. Lakin səhəri günü zəng eləyib “hər şey qaydasındadır, narahat olma” dedi. O çox pis olurdu ki, şəhidlərimiz var. Çətin bir döyüş yolu keçmişdilər. Düşmən uzun illər boş dayanmayıb o ərazidə böyük postlar qurub. Ümumiyyətlə düşmən düşünürdü ki, heç vaxt Xankəndini, Xocalını verməyəcək. Buna baxmayaraq, Azərbaycan Ordusunun gücü həmin şəhərləri azadlığına qovuşdurdu. 24-ü günü isə biz səhər danışdıq, o evə gəlməli idi. İstədik ki, qızımız üçün ad günü keçirək. O bildirdi ki, ad gününün evdə olmasını istəyir. Axşam vaxtı idi, biz onu gözləyirdik, heç nədən xəbərimiz yox idi.Zzəng etmirdik ki, narahat olmasın. Birdən-birə internetdə yazılarını gördük ki, şəhid olub. Postları yoxlamağa gedən zaman düşmənin qurduğu mina tələsinə düşərək şəhidlik zivəsinə ucalmışdı. Bizim üçün bu 1 il çox çətin keçdi. Lakin düşmən də sevinməsin ki, belə oğullarımız şəhid oldu. Biz Azərbaycanın ərazi bütövlüyü və Xocalı,Xankəndinin azadlığı üçün qürurlanırıq, başımız dikdi. Mən müəllim kimi öz şagirdlərimə hər zaman bildirirəm ki, biz bu torpaqları igidlərimizin canı-qanı bahasına almışıq. Heç zaman icazə verməməliyik ki, düşmən bizim torpaqların kandarından keçə. Əkrəmdən geriyə isə onun iki övladı - Şadmazadə Solmaz, Şadmazadə Araz həm Azərbaycan xalqına və həm də mənə yadigar qaldı”.
Dolub-boşalırdı İlqar kişinin gözləri. Övladı Məhəmmədin məzarına baxır, onun qısa ömrünün səhifələrini vərəqləyirdi:
“Ad günündən iki gün sonra şəhid oldu övladım. Elə son dəfə də onda danışmışdıq. Komandiri ilə bir yerdə snayperi hədəfinə tuş gəlib. Kəşfiyyatçı-radiotelefonçu idi. Məhəmməd. 10-cu sinifdə oxuyanda o bir cənazə maşınını görmüşdü və mənə "vaxt olacaq məni də o maşında gətirəcəklər" deyirdi. O bilirdi, hiss edirdi şəhid olacağını”.
Mayor Nəcəfi Elxanın xanımı ömür-gün yoldaşından söz açarkən qəhərini boğub, fəxrlə danışmağa başladı:
“Bir ildir ki, həyatımızda yoxdur. Bizim üçün çox ağırdı, çox çətindir. Elə bir insan idi ki, yeri hər zaman görsənir, görsənəcək. Allah şəhidlərimizə rəhmət eləsin, onun övladı da atası ilə fəxr edəcək”.
FOTOLAR: Gülarə Quliyeva