Modern.az

Politoloq: “Türkiyə xarici işlər nazirinin qaldırdığı ideyanı Ermənistan və Rusiya ciddi qarşılamır”

Politoloq: “Türkiyə xarici işlər nazirinin qaldırdığı ideyanı Ermənistan və Rusiya ciddi qarşılamır”

10 Dekabr 2013, 12:29

“Türkiyənin Cənubi Qafqazda fəallıq nümayiş etdirməsi imitasiya xarakteri daşıyır. Çünki bu aktivliyin real əsasları yoxdur”.

Bunu Modern.az saytına keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. O, Türkiyə mətbuatının Dağlıq Qarabağ münaqişəsinin ilkin həlli ilə bağlı gündəmə gətirdiyi yeni “Yol xəritəsi” planını şərh edərkən bildirib ki, Türkiyənin real addımlar atacağı sual altındadır. Onun sözlərinə görə, Türkiyə ATƏT-in Minsk Qrupunun həmsədri olmadığına və Qarabağ probleminin tənzimlənmə prosesində birbaşa iştirak etmədiyinə görə hər hansı müsbət irəliləyiş gözləmək olmaz: “Əhməd Davudoğlu, sadəcə olaraq ABŞ-ın mesajlarını ötürməklə öz fikirlərini şərh edir. Hətta şifahi razılığın olmasını da iddia edir”.

Siyasi ekspert hesab edir ki, Türkiyə xarici işlər nazirinin qaldırdığı ideyanı Ermənistan və Rusiya ciddi qarşılamır: “Əhməd Davudoğlunun təşəbbüsü özünə real tərəfdar toplaya bilməyəcək”. Analitikin fikrincə, əsas proseslər ATƏT-in Minsk Qrupunun fəaliyyəti çərçivəsində cərəyan edəcək. “Türkiyə tərəfinin və mətbuatının qaldırdığı təbliğat kampaniyası başa düşülən deyil. Ortada heç bir iş olmadan birdən-birə ictimai fikri dalğalandıran bəyanatlar vermək düzgün deyil. İndidən demək olar ki, Davudoğlunun təşəbbüsləri uğursuzluğa məhkumdur”.

Qeyd edək ki, Türkiyə mətbuatı   Azərbaycanın işğal olunmuş rayonlarının ən azı ikisinin qaytarılacağı təqdirdə rəsmi Ankaranı  Ermənistanla sərhədlərin açılacağı məsələsinə baxacağın gündəmə gətirib.

 

 

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK