Modern.az saytının məlumatına görə, yaxın vaxtlarda Milli Məclis deputatlarının köməkçilərinin də əməkhaqlarında artım olacaq. Bu barədə Modern.az-a köməkçilərin özləri məlumat veriblər. Onların sözlərinə görə, parlamentdə köməkçilərə dekabrın maaşını artımla alabiləcəkləri söylənilib.
İlkin məlumata görə, deputat köməkçilərinin maaşlarının 230-240 manat artacağı gözlənilir. Köməkçilərin əməkhaqları 670 manatdan 900-910 manata qədər artacaq.
Qeyd edək ki, bundan öncələr Milli Məclisin iclaslarında bir sıra deputatlar, o cümlədən Elmira Axundova, Çingiz Qənizadə və digərləri deputat köməkçilərinə xüsusi statusun verilməsi və onların maaşlarının artırılması təklifi ilə çıxış etmişdilər. Bildirmişdilər ki, bu vəzifədə çalışanlara verilən aylıq maaş seçicilərlə görüşlərə getməyə, seçki dairəsini gəzməyə və s. məsələlərə çatmır.
Deputat köməkçisi vəzifəsi 2007-cı ilin fevralında yaradılıb. Hazırda onlar 670 manat məvacib alırılar.
Gültəkin ƏLƏSGƏR