Modern.az

Müsavat Divanının Milli Şuraya nə “hə”, nə “yox” cavabı

Müsavat Divanının Milli Şuraya nə “hə”, nə “yox” cavabı

10 Dekabr 2013, 13:03


“Müsavat Partiyası digər partiyalarla çoxtərəfli əməkdaşlığın davam etdirilməsi yönündə müzakirələr aparacaq. Müsavat öz mövqeyini həmin partiyalarla bölüşəcək. Bütün sual doğuran məsələlərə aydınlıq gətiriləcək. Ola bilsin, gələn həftə bu məsələ bir də müzakirə edilsin”. Bunu Modern.az-a açıqlamasında Milli Şuranın və Müsavat Divanının üzvü Tural Abbaslı deyib.

Divan üzvü “Müsavat Partiyası Rüstəm İbrahimbəyovun Milli Şuranın sədri olması ilə razılaşdı” sualına belə cavab verib: “Öz mövqeyimizdə qalırıq. Avrointeqrasiya uğrunda mübarizənin getdiyi bir məqamda Azərbaycanın ən böyük müxalif quruma Rusiya vətəndaşının rəhbərlik etməsi başadüşülən deyil. Bəzən Rüstəm İbrahimbəyovun düşünülməmiş bəyanatları da həm Milli Şuranı, həm də o qurumda təmsil olunan Müsavat Partiyasını çıxılmaz vəziyyətə qoyur. Bu gün də deyirik ki, İbrahimbəyovun Milli Şuranın sədri və ya fəxri sədr məqsədə uyğun deyil. Sadəcə, mövqeyimizi cəmiyyətə, müttəfiqlərimizə çatdırmaq, çıxış yolu tapılması üçün danışıqlar aparırıq. Göstərmək istəyirik ki, biz nə Milli Şuradan çıxmaq istəyir, nə də həmin qurumun fəaliyyətinin dayandırılmasında maraqlıyıq. Son ana qədər çalışacağıq ki, mövqeyimizi çatdıraq. Düzgün bildiyimiz istiqamət uğrunda əlimizdən gələni edəcəyik”.

Müsavat Partiyası başqanının müşaviri, Milli Şura üzvü Mustafa Hacıbəyli isə deyib ki, Müsavat Partiyası Milli Şuranın mitinqinə hazırlaşdığından digər məsələlər ikinci plana keçib: “Partiya digər siyasi təşkilatlarla əməkdaşlıq məsələsində müzakirələr aparacaq. Başqa məsələlərin müzakirəsi aparılanda mətbuata açıqlanacaq”.

Qeyd edək ki, dünən Müsavat Partiyasının Divan iclasında prezident seçkilərindən sonra Milli Şurada yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb,  demokratik düşərgənin əməkdaşlıq imkanları və perspektivləri barədə ikitərəfli və çoxtərəfli məsləhətləşmələr aparmaq qərara alınıb. Yaxın günlərdə AXCP, KXCP, “El” Hərəkatı, NİDA Vətəndaş Hərəkatı, ziyalılar və digər qüvvələrlə ikitərəfli görüşlərə başlamaq məqsədəuyğun sayılıb.

Onu da bildirək ki, Müsavat Partiyası Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri olmasını etirazla qarşılamışdı. Hətta bəzi Müsavat funksionerləri partiyanın Milli Şuradan çıxmasını tələb edirdilər. Partiyanın son iclasında Milli Şura ilə bağlı qərar verilməsi gözlənilirdi.

İlkin PİRƏLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK