“Ən böyük yolka yeni karuselin qarşısında quraşdırılacaq” - Bulvar İdarəsi
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Modern.az-a açıqlamasında bildirib ki, şəhər sakinləri Bulvarda bəzədilmiş yolkaları, Şaxta baba və Qar qızları dekabrın 20-dən sonra görə biləcəklər.
“Bulvarın 15 yerində bəzədilmiş yolkalar quraşdırılacaq. Bunlar 1-2 gün vaxt alacaq. Bulvar ərazisinə ən böyük yolka isə yeni karuselin qarşısındakı meydanda quraşdırılacaq”.
N. Məcidov yeni ildə bulvarda olacaq yeniliklərdən birinin yeni quraşdırılan atraksionun açılışı ilə bağlı olduğunu bildirib.
“Dekabrın 25-də yeni karuselin açılışını edəcəyik və Yeni il öncəsi sakinlərin istifadəsinə veriləcək. Eyni zamanda Yeni il ərəfəsində bulvar mühafizəsi də gücləndirilmiş iş rejimində çalışacaq və post-patrul xidmətindən də bizə yardımlar ediləcək”.
N. Məcidov bildirib ki, bulvar ərazisində çalışacaq Şaxta baba və Qar qızlar Bakı Şəhər İcra Hakimiyyətindən lisenziya aldıqdan sonra onlar idarənin xüsusi komissiyasında da testdən keçəcəklər.
“Onların xarici görkəmlərinə, eyni zamanda intellektlərinə fikir veriləcək ki, uşaqları öz personajları vasitəsilə inandırsınlar. Atəşfəşanlıq isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bizə məktubla müraciət edildikdən sonra bilinir. Bu haqda indidən danışmaq tezdir”.
Aytən ƏLİYEVA