Modern.az

Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa kömək edir, Qərb isə susur...

Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa kömək edir, Qərb isə susur...

Analitika

23 Sentyabr 2024, 16:36

Rusiya ilə Ermənistan arasında uzun müddətdir ki, siyasi münasibətlərdə soyuqluq müşahidə olunur. Buna baxmayaraq, iki ölkə arasında iqtisadi əlaqələr daha da güclənib. 2024-cü ilin yanvar-avqust aylarında Ermənistanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək artaraq 20,4 milyard dollar olub. 7 ayda ixrac 2,2 dəfə artaraq 8,7 milyard dollara, idxal isə 79 faiz artaraq 11,6  milyard dollara çatıb. Maraqlıdır, Cənubi Qafqazda istehsal olunan ümumi daxili məhsulun 60 faizini təmin edən Azərbaycanın ticarət dövriyyəsi 7 ayda 26 milyard dollar olub.                                                                                                                                                                      

Bunu necə dəyərləndirmək olar? Ümumiyyətlə, Ermənistanın Rusiya ilə siyasi münasibətləri kəskinləşdirməklə yanaşı, iqtisadi münasibətləri gücləndirilməsi nə ilə bağlıdır?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, Rusiya ilə Ermənistan arasında münasibətlərin gərginləşməsi siyasi tamaşa xarakteri daşıyır:

 

"Çünki, son vaxtlar Ermənistan parlamentinin sədri Alen Simonyanla Rusiya XİN sözçüsü Mariya Zaxarovanın arasında gedən qarşılıqlı ittihamlar iki ölkə arasında münasibətlərin minimuma düşdüyünün görüntüsünü yaratsa da, iki ölkənin iqtisadi əməkdaşlığındakı real rəqəmlər tamamilə əksini deyir. Ermənistanın xarici ticarət dövriyyəsi 20,4 milyard dollar olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb. Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi isə son üç ildə həndəsi silsilə ilə artır. Belə ki, göstəricilər 2021-ci ildə 2,6 milyard, 2022-ci ildə 5 milyard, 2023-cü ildə 7,4 milyard və bu ilin 7 ayında 8,7 milyard dollar təşkil edib. Hətta cari ilin sonuna qədər bu rəqəmin 16 milyard dollar olacağı proqnozlaşdırılır. Necə olur ki, Ermənistanla müqayisədə dəfələrlə böyük iqtisadiyyata malik Azərbaycanın 7 ayda ticarət dövriyyəsi 26 milyard dollar olduğu halda istehsalı yox dərəcəsində olan Ermənistanda 20,4 milyard ticarət dövriyyəsi hardan əmələ gəlibsə, çox maraqlıdır. Təbii ki, bu sualın yeganə cavabı Ermənistanla Rusiya arasında iqtisadi əlaqələrin dərinləşməsi dayanır".

A.Badamov vurğulayıb ki, Rusiyanın Qərb sanksiyalarına məruz qalması Ermənistan üçün şərait yaradıb:

 

"Deyə bilərik ki, Rusiya Qərbin iqtisadi sanksiyalarına məruz qaldığından Ermənistan üçün yeni imkanlar meydana gəlib. Belə ki, Ermənistan Rusiyanı müəyyən qədər Qərbin sanksiyalarından yayındırır. Ermənistan şirkətləri Rusiyanın mallarını öz ölkəsi üzərindən idxal-ixrac edir. Qərbdən və digər ölkələrdən Ermənistan üzərindən Rusiyaya zəruri mallar, avadanlıqların daşınması artır. O cümlədən Rusiyanın qızılı, briliyantı və digər məhsullarının xaricə ixrac olunmasında Ermənistan yaxından iştirak edir. Təkcə bu ilin 7 ayında Ermənistan Rusiyadan 3,4 milyard dollarlıq qızılı və 600 milyon dollarlıq briliyantı BƏƏ və Honkonqa ixrac edib. Bu baxımdan Ermənistan-Rusiya münasibətləri heç də göründüyü kimi deyil. Rusiyanı sanksiyalardan yayındırmaq istəyən ölkələrlə aqressiv davranan Qərb Ermənistana gələndə səsini belə çıxartmır. Təbii ki, bunu Qərbin riyakar, ikiüzlü, islamofob siyasətinin göstəricisi hesab edirəm. Belə ki, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsindəki yüksək artımlara və bu hərəkətlərinə görə Ermənistana heç nə deyilməməsi Qərbin və Rusiyanın Ermənistanla bağlı mövqelərinin üst-üstə düşməsindən irəli gəldiyini hesab edirəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər