Modern.az

Bizə etimad göstərildi - Yeni deputatlar ilk iclas təəssüratlarını Modern.az-a DANIŞDILAR

Bizə etimad göstərildi - Yeni deputatlar ilk iclas təəssüratlarını Modern.az-a DANIŞDILAR

24 Sentyabr 2024, 11:08

Ötən gün VII çağırış Milli Məclisin ilk iclası keçirilib. Prezident İlham Əliyevin də iştirak etdiyi iclasda yeni parlament heyətinin sədri, vitse-spikerlər, komitə sədrləri və onların müavinləri seçilib.

Modern.az saytının əməkdaşı Milli Məclisə ilk dəfə seçilən yeni deputataların ilk iclasla bağlı təəssüratlarını öyrənib.

10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputat seçilmiş Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, ilk dəfə parlamentə üzv olmasına baxmayaraq, ona böyük etimad göstərilib:
 

"VII çağırış Milli Məclisin ilk iclası keçirildi. İclasda cənab Prezident İlham Əliyev də iştirak edirdi. O, geniş məruzə ilə çıxış etdi, ölkənin qarşısında duran strateji vəzifələrlə bağlı açıqlamalar verdi. Qarşıda duran 7 məsələlər barədə çox əhatəli, məzmunlu çıxış etdi.
Eləcə də təşkilati işlərə baxıldı. Sahibə xanım Qafarova növbəti dəfə Milli Məclisin sədri seçildi. Sahibə xanım ötən çağırışda Milli Məclisi çox yüksək səviyyədə idarə etmişdi. Onun idarəetməsi mənim üçün xoş təəssürat yaratmışdı. Əli Əhmədov, Ziyafət Əsgərov, Musa Qasımlı Milli Məclisin spikerləri seçildilər. Daha sonra komitə sədrləri müəyyənləşdi. İlk dəfə parlamentin üzvü olmağıma baxmayaraq, mənə böyük etimad göstərildi. Əmək və sosial siyasət komitəsi sədrinin müavini seçildim. Bu da açığı xoş təəssürat yaratdı. Həm də bu, böyük məsuliyyət deməkdir. İndiki vaxtda hakimiyyətlə siyasi qüvvələr, müxalifət arasında dialoqun yaranması və inkişaf etdirilməsi sayəsində bu nəticələrə gəlindi. Qarşımızda xeyli vəzifələr durur. Bizim komitənin işi də ağır və məsuliyyətlidir. Gündəmə gətirdiyimiz xeyli məsələlər vardı. İndi imkan yaranıb ki, millətimiz üçün bundan istifadə edək".
 

E.Musayev vurğulayıb ki, parlamentdə xoş mesajlar verilib:

"Xüsusən də Prezident və parlament sədri tərəfindən verilən mesajlar məndə xoş təəssürat yaratdı. Bir qisim insanlar vardı ki, onlarla siyasi fəaliyyətdə tanış olsaq da, Milli Məclisdə birgə fəaliyyət göstərməmişdik. İndi belə imkan yaranıb. Ümid edirəm ki, Milli Məclis bu dönəmdə çox əhəmiyyətli qanunlar qəbul edəcək. Ölkənin taleyində çox mühüm rol oynayacaq".
 

Hakim Yeni Azərbaycan Partiyasının 6 saylı Ordubad – Culfa seçki dairəsindən seçilmiş deputatı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib ki, VII çağırış Milli Məclis əvvəlkilərdən daha fərqli və daha zəngin fəaliyyət ortaya qoymalıdır:
 

"İlk iclasda cənab Prezident iştirak etdi və çox geniş çıxış etdi. Ümumiyyətlə, parlamentin qarşısında duran  vəzifələr, Azərbaycanın qarşısında duran hədəflər barədə geniş məruzə etdi. Düşünürəm ki, bu çıxış hər bir fərd, vətəndaş, parlamentin deputatı üçün önəmlidir. Bu, hər birimizin gələcək fəaliyyətinin yol xəritəsini  müəyyən edən çıxış idi. Parlamentin iclası yüksək səviyyədə keçirildi. Sədri və müavinləri, seçildi. Ümumiyyətlə, VII çağırış Milli Məclisin qarşısında Azərbaycanın qanunvericilik bazasının zəngin şəkildə formalaşması baxımından çox böyük məsuliyyətli və şərəfli vəzifə durur. Yeni dönəmin, suverenliyini tam bərpa etmiş Azərbaycanın yeni parlamenti fəaliyyətə başlayır. Bu, böyük bir tarixi hadisədir. Azərbaycan tairxində yaddaqalan hadisədir. Azərbaycan parlamenti tarixində çox əlamətdar dövrdür. VII çağırış Milli Məclis  əvvəlkilərdən daha fərqli və daha zəngin fəaliyyət ortaya qoymalıdır".
 

V.Rəhimzadə VII çağırış Milli Məclisin ilk iclasını çox yüksək qiymətləndirdiyini qeyd edib:


"İlk iclas olmasına baxmayaraq, növbəti toplantılar üçün kifayət qədər yadda qalan təəssüratlar var. Xüsusilə də cənab Prezidentin çıxışı yaddaqalan təəssüratlar yaratdı. Hər bir deputatın vəzifəsi seçicilərlə onların arzu-istəklərinə uyğun davranmaq, həm də parlamentdə qanunların qəbul olunmasında təşəbbüs göstərməkdir. Eyni zamanda vəzifəmiz seçicilərlə aktiv təmas qurmaqdır. Düşünürəm ki, seçicilər kifayət qədər uğurlu parlamentin qurulmasına səs veriblər. Dövlətimizin, dövlətçilyimizin möhkəmlənməsi yolunda hər bir vətəndaşa, parlament üzvünə uğurlar arzu edirəm".
 

Milli Məclisə 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputat seçilmiş Azər Allahverənov üçün də ilk iclas əlamətdar olub:


"VII çağırış Milli Məclisin ilk iclası keçirilib. Çox vacib qərarlar qəbul edildi: parlament sədri, vitse-spikerlər, komitə sədrləri və onların müavinləri seçildi. Deputatlar tərəfindən bu qərarların verilməsi vacib idi. Çünki artıq hər istiqamət üzrə həyata keçiriləcək fəaliyyətlərə rəhbərlik edən şəxslər həmin seçkilər vasitəsilə müəyyən olundu. İlk iclas xüsusilə əlamətdar oldu. Çünki bu iclasda Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev geniş nitq söylədi. Nitq çox sistemli, konseptual, kifayət qədər əhatəli idi. Ölkənin xarici və daxili siyasəti, eyni zamanda dövlətimiz qarşısında duran vəzifələr, onun ayrı-ayrı strukturları, o cümlədən parlament qarşısında duran vəzifələrlə bağlı çox vacib fikirlər söyləndi. Mən ilk dəfə deputat seçilmişəm. İlk təəssüratlarım çox genişdir. Biz fürsətdən istifadə edib parlamentə seçilməyimizdə zəhməti keçən dəyərli seçicilərimizə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Həqiqətən də çox məsuliyyətli, şərəfli mərhələyə daxil olduq".
 

A.Allahverənov ölkənin 125 deputatından biri olaraq  Prezident İlham Əliyevin nitqində söylənilən fikirlərin, bundan irəli gələn müddəaların reallaşdırılması üçün tam əzmlə fəaliyyət göstərəcəyini qeyd edib:


"Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu, onun müxtəlif sahələrdə nailiyyətləri, qarşıdakı yeni hədəf və çağırışlar nədən ibarət idisə, cənab Prezidentin nitqində öz əksini tapdı. Deputat olaraq, özümçün bununla bağlı bəzi prespektivləri müəyyənləşdirdim. Hansı istiqamətlərdə fəaliyyət göstərəcəyim, hansı məqamlara xüsusi diqqət yetirəcəyimlə bağlı qənaətlərim formalaşdı. Hesab edirəm ki, hər bir deputat qarşısında olan vəzifələrə uyğun fəaliyyətlərini davam etdirəcək. Əlimizdən gələni edəcəyik ki, cənab Prezidentin çıxışında yer almış bir çox məsələlər, o cümlədən də ölkəmizin gələcək inkişaf strategiyası olan  istiqamətlərdə fəaliyyətlərimizi həyata keçirmiş olaq. İlk iclasda çox rəngarəng və xoş olan təəssüratlar yarandı".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər