Modern.az

QHT Forumunun sədri: “Üzvlərin sayı 624-ü keçib”

QHT Forumunun sədri: “Üzvlərin sayı 624-ü keçib”

11 Dekabr 2013, 10:19


“Milli QHT Forumu 1999-cu ildə 95 təşkilatın təsisçiliyi yaradılsa da, bu gün Forum üzvlərinin sayı 624-ə çatıb və ən böyük koalisiya olaraq fəaliyyətimizi davam etdiririk”. Bu sözləri Modern.az-a açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

R.Zeyni bu il təşkilatın iki əsas layihəsini reallaşdırdığını bildirib.

“Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı aktual problemlərin ictimai müzakirəsinin təşkili və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə regionlarda əlillər və sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqlarının müdafiəsi, onların cəmiyyətə inteqrasiyası və onlara pulsuz hüquqi xidmətin göstərilməsi haqqında.

Kiçik layihələrimiz də olub. “Accessbank”ın dəstəyi ilə regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar olaraq bölgələrdə seminarlar keçirmişik”.

Forum sədri bildirib ki, onlar tərəfindən il ərzində təkcə layihələr deyil, layihədən əlavə tədbirlər də keçirilir.
“2013-cü ildə prezident seçkiləri ilə əlaqədar 20-dən çox regionda, Bakıda daxil olmaqla seçicilərin maarifləndirilməsi, seçki hüquqları, münasibətləri, sabit cəmiyyət istiqamətində maarifləndirmə işləri həyata keçirildi və təbii ki, prezident seçkilərinin azad, şəffaf, ədalətli keçirilməsində bizim koalisiyamızın da özünəməxsus rolu və xidmətləri olub.

Ümumiyyətlə cəmiyyətin maarifləndirilməsi, vətəndaş cəmiyyətinin mərkəzdə və regionlarda inkişaf etdirilmsi, mövcud qanunvericiliyin təkmilləşdirilməsi, əhalinin vətəndaş cəmiyyətinin inkişafı proseslərinə cəlb olunması, əhalinin maarifləndirilməsi bizim əsas istiqamətlərimizdən sayılır və bu istiqamətlərdə həm layihələrin, həm də tədbirlərin keçirilməsinə davam edirik”.

R. Zeyni il ərzində 30-40 təşkilatın koalisiyaya daxil olduğunu vurğulayıb.
“2008-ci ildə üzvlərin sayı 471 idi, bu gün 624-dür. Bu həftə idarə heyəti iclas keçirəcək, 5-6 təşkilatın foruma üzv olunmasına baxılacaq. Həm paytaxtdan, həm də Abşeron yarımadasından və digər bölgələrdən müraciət edənlər var. Bunların böyük əksəriyyəti isə yeni yaranmış QHT-lərdir”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK