İsrail-Livan sərhədində son bir həftə ərzində qarşıdurmanın intensivləşməsi regional münaqişənin genişlənməsi qorxusunu artırıb. Belə ki, iki ölkə arasında qarşıdırma nəticəsində yüzlərlə insan həyatını itirib və yaralanıb.
BMT-nin baş katibi Antonio Quterreş də İsrail-Livan sərhədində vəziyyətin gərginləşməsindən, xüsusən də çox sayda mülki itkidən və minlərlə köçkündən narahat olduğunu bildirib.
Milyonlarla livanlı sərhəd bölgələrini tərk edib, İsrail vətəndaşları isə sığınacaqlarda yaşayırlar. Dünyanın bir çox aviaşirkəti münaqişəyə görə uçuşları ləğv edib.
İsraildə yaşayan Azərbaycan vətəndaşı Nadya Xudatova hazırda İsraildə vəziyyətlə bağlı Modern.az-a danışıb.
O bildirib ki, İsrail bir neçə gündür hava hücumuna məruz qalır:
“Biz Hayfa şəhərində yaşayırıq. Burada bir neçə gündür ki, insanlar sığınacaqlarda yaşayır. Amma bütün bunlara baxmayaraq, sığınacaqlarda vətəndaşlar hər bir şeylə təmin olunub. İnsanların qidalanması üçün yardımlar olunur, eyni zamanda yaxınlarımızla əlaqə saxlamaq üçün internetimiz yaxşıdır. Hər hansı təhlükə olarsa, telefonlarımıza siqnallar gəlir, bundan sonra sığınacaqlara gedirik. Demək olar ki, hər bir binanın sığınacağı var. Bizim yaşadığımız ərazi o qədər də təhlükəli olmasa da, günlərlə sığınacaqlardan çıxmayan yerlər var. Hər dəqiqə hava hücumları ilə üz-üzə qalırıq".
Nadya Xudatova qeyd edib ki, İsrail hava hücumundan müdafiəsi sayəsində hücumların qarşısı alınır.
"Hazırda biz olduğumuz bölgədə yüzdən çox azərbaycanlı yaşayır, onlarla da əlaqə saxlayırıq. Azərbaycanın İsraildəki səfirliyi də bizimlə mütəmadi əlaqə saxlayır, vəziyyətimizi öyrənir. Azərbaycana qayıtmaqla bağlı bizim hələ ki müraciətimiz olmayıb. Çünki İsrail bizim ikinci vətənimiz kimidir. Ümid edirik ki, yaxın zamanda münaqişə öz həlli yolunu tapacaq. İsrail, eyni zamanda Azərbaycana dövlətinə təşəkkür edirik ki, çətin məqamda bizimlə maraqlanırlar”,- deyə o vurğulayıb.