Təhsil Nazirliyi ümumtəhsil məktəblərində aparılacaq islahatların əsas prioritetlərini açıqlayıb. İlk olaraq Bakı məktəblərində aparılacaq islahatlarda diqqəti çəkən məqam illik tədris müddətinin artırılması oldu. Belə ki, 2014-2015-ci tədris ilində bütün ölkə ərazisini əhatə etməklə şagirdlərin tədris proqramlarını səmərəli mənimsəməsi məqsədilə ilə illik dərs müddətinin 2-3 həftə artırılması nəzərdə tutulur.
Bu qərarın verilməsi də təsadüfi deyil. Bir müddət öncə təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda şagirdlərin üç ay yarımlıq tətil müddətinin uzun olduğunu bildirmişdi.
“Təkcə Azərbaycanda deyil, beynəlxalq təcrübə də göstərir ki, uşaqların bilik səviyyələri yay tətilləri uzun olduqda məktəbə qayıdarkən xeyli aşağı olur. Bu başqa bir problemi də yaradır. Problem isə ondan ibarətdir ki, məktəb proqramının həcmi azalmır. Yumşaq desək, ən azı 20-25 il bundan öncə məktəbdə verilməli olan proqramın həcmi bugünkündən az deyildi. Yaxud əksinə, bu gün verilməli olan bilik proqramı 20-25 il əvvəldən az olmamalıdır. Uşaqlara yayda istirahət etməyə nə qədər çox imkan veririksə, bir o qədər də onların tədris ili zamanı dərs yükü artır. Çünki dərs günlərinin sayı azalır. Əvvəllər dərslər sentyabrın 1-də başlayırdı, eyni zamanda tədris 6 günlük idi. Bunuda bir çox hallarda unudurlar. Amma bu il tədris sentyabrın 16-da başlayacaq və tədris həftəsi də müvafiq şəkildə 5 günlük olacaq”.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-a bildirib ki, bu sənəd növbəti tədris ilindən tədris müddətinin 20 gün uzadılmasını nəzərdə tutur. “Tədris dövrü ilə həftəyə düşən oxunan material və yaxud bu və ya digər məsələnin mənimsənilməsi üçün ayrılan vaxt arasında riyazi olaraq ciddi əlaqəlilik var. Tədris müddətinin uzadılması şagirdlərə müəyyən mövzuları daha yaxşı mənimsəməyə, öyrədilməsi vacib olan materialın hər həftəyə düşən həcmi baxımından daha asanlaşdırılmasına, azaldılmasına gətirib çıxardacaq. Ümumilikdə, tədris həftəsi müddətinin uzun olması ilə ölkənin inkişafı, həm də beynəlxalq qiymətləndirmədə göstərdiyi nəticələr arasında ciddi əlaqələlik mövcuddur. Belə ki, dünyanın inkişaf etmiş ölkələrində, tam dəqiq desək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə tədris həftəsinin orta göstəricisi təxminən 38 həftədir, Azərbaycanda isə bu hazırda 32 həftədir. İl ərzində nəzərə alsaq ki, kifayət qədər bayramlar, tətillər var, o zaman tədris ili müddəti təxminən 142-143 gün olması məlum olur. Yəni bizim şagirdlər 365 gündən 142-143 gününün məktəbdə keçirirlər ki, bu da ilin yarısından da azdır. Təbii ki, belə vəziyyətdə dünya standartlarına və dünyanın orta göstəricilərinə yaxınlaşmaq həm ölkə, həm valideyinlər, həm də şagirdlər səviyyəsində yüksək nəticələrin əldə olunmasına gətirib çxıarda bilər”.
C. Valehov qeyd edib ki, hazırda isə növbəti tədris ilində illik dərs müddətinin necə artırılacağının üzərində iş gedir, detallar müəyyənləşdirilir. “Şagirdlərin dərsləri yaxşı mənimsəmələri üçün illik dərs müddəti 2-3 həftə artırılır. Amma illik dərs yükünün artımının sentyabrın əvvəlindən və ya maydan sonra artırılması hələlik bilinmir. Bunun üzərində dəqiqləşdirmələr aparılır”. C. Valehov eyni zamanda yuxarı siniflərdə şagirdlərin həftəlik dərs yükünün azaldılması məsələsinə də aydınlıq gətirib. “Yuxarı siniflərdə təhsil alan şagirdlərin yüklənməsi adətən bizim gündəlik söhbətlərimizin əsas mövzularından biri olub. Yuxarı sinif şagirdlərinin həm ali təhsil müəssisələrinə hazırlıq, peşə seçimi baxımından kifayət qədər məşğul olduğu dövrdür. Bütün bunlarla yanaşı, dərs yükünün çox olması, çox sayda fənnin tədrisi düşünmürük ki, şagirdlərin daha da yaxşı öyrənməsinə, daha keyfiyyətli əmək qüvvəsi kimi yetişməsinə səbəb olur. Əksinə ixtisaslaşmanın müəyyən məsələ və mövzularının dərindən öyrənilməsinə, ümumiyyətlə təhsilə olan həvəsin formalaşmasında çox ciddi rolu var”.
Aytən ƏLİYEVA