Bayden administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından çıxarıb.
Modern.az-ın məlumatına görə, bu barədə “Amerikanın səsi” bildirib.
Məlumata görə, ABŞ Prezidenti Co Bayden sentyabrın 25-də Nyu-Yorkda ənənəvi qəbulda dünya liderlərini və BMT-nin yüksək səviyyəli rəsmilərini qəbul edəcək. Gürcüstanın BMT Baş Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik edən İrakli Kobaxidze daha əvvəl ABŞ prezidentinin qəbuluna dəvət olunanlar siyahısında olub, lakin Bayden administrasiyası dəvəti ləğv edib.
Məlumata görə, administrasiya baş nazirin dəvətini ləğv etməklə yanaşı, Gürcüstan nümayəndə heyəti ilə bütün görüşlərdən və baş nazir Kobaxidze ilə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan arasında görüşdən də imtina edib.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Baş nazirin Bayden administrasiyasının rəsmi qəbulunun dəvətliləri siyahısından çıxarılmasını təsdiqləyib.
O, bu addımın qeyri-ciddi olduğunu və Gürcüstanın daxili siyasətinə müdaxilə cəhdi olduğunu qeyd edib:
“ İllərdir ki, ABŞ administrasiyası bizi strateji tərəfdaş adlandırır, onlar heç olmasa gürcü xalqından qonaqpərvərliyi öyrənməlidirlər”.