Modern.az

Nazir “yarı sənin, yarı mənim” prinsipinə müharibə elan edib

Nazir “yarı sənin, yarı mənim” prinsipinə müharibə elan edib

11 Dekabr 2013, 13:40


Saxtakarlıqla ünvanlı sosial yardım alanlar bu statusdan məhrum olacaqlar. Modern.az-ın əldə etdiyi məlumata görə, artıq bununla bağlı yoxlamalara başlanılıb.

Onu da deyək ki, ünvanlı sosial yardım (ÜSY) əslində ölkənin kasıb təbəqəsi üçün nəzərdə tutulan kompensasiya olsa da, bundan sui-istifadə edənlər az deyil. Yerlərdə kifayət qədər gəlir mənbəyi olan ailələr arasında da ÜSY alanlar var.

Qeyd edək ki, heç də bu təbəqədən olan ailələrin hamısı ehtiyac içində yaşamır. Onların arasında evə, avtomobilə, yaxşı işə sahib olanlar da mövcuddur. Buna baxmayaraq, onlar saxta yolla əhalinin aztəminatlı hissəsi kimi ünvanlı sosial yardım alırlar. Təbii ki, bu da yerlərdə sosial müdafiə mərkəzlərinin yardımı ilə gerçəkləşirdi. Əhalinin bu kateqoriyasına sosial yardım “6 ay sənin, 6 ay mənim” prinsipi ilə verilirdi. Yəni razılaşmaya əsasən, sosial müavinətin 6 ayını  bunu rəsmiləşdirən şəxs, yerdə qalan müddəti isə şəxsin özü alırdı. Korrupsiya ilə bağlı ən çox fakt və şikayət də məhz bu sahə ilə bağlı olurdu. Amma nədənsə heç kim saxta yolla əlillik və ünvanlı sosial yardım düzəldənlərin qarşısını ala bilmirdi.  

Ancaq Səlim Müslümov nazir postuna təyin olunar-olunmaz bu sahədə ciddi addımlar atacağını bildirdi. O, cəmiyyətdə ən ciddi narazılığa səbəb olan ünvanlı sosial yardım sahəsində nizam yaratmağı və bununla bağlı yeni mexanizmin hazırlanmasını nazirliyin işçilərinə tapşırıq verdi. Bunun nəticəsi olaraq artıq nazirlikdə ünvanlı sosial yardımın verilmə mexanizmi və əlillik qrupunun müəyyən edilməsini hazırlayan işçi qrup yaradılıb. Artıq işçi qrup ünvanlı sosial yardımın verilmə mexanizmi və əlillik qrupunun müəyyən edilməsi ilə bağlı yeni sənədin ilkin layihə formasını yeni nazirə təqdim edilərək, birgə müzakirə edilib.

Hazırda sənəd üzərində təkliflər nəzərə alınmaqla təkmilləşdirilmə işi aparılır. Yeni sənəddə ünvanlı sosial yardımın mövcud qaydalar tamamilə dəyişəcək və yeni format tətbiq ediləcək. Bununla da ölkədə saxta yolla əlillik və ünvanlı sosial yardım alanlar bu statusdan məhrum olacaqlar.

Gültəkin ƏLƏSGƏR

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK