Modern.az

Sahibə Qafarova parlamentin nüfuzunu artırıb - RƏY

Sahibə Qafarova parlamentin nüfuzunu artırıb - RƏY

26 Sentyabr 2024, 16:04

23 sentyabrda VII çağırış Milli Məclisin ilk iclası keçirilib. İclasda parlament sədri, vitse-spikerlər, komitə sədrləri və onların müavinləri seçilib. İclasda növbəti 5 il üçün parlament sədri Sahibə Qafarova seçilib.

 

Sahibə Qafarova 2010-cu ildən Milli Məclisin deputatıdır. O, VI çağırışda Milli Məclisin sədri seçilib və parlamentin spikeri olduğu dövrdə onun fəaliyyəti müsbət qiymətləndirilib.

 

Modern.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Milli Məclisin spikeri Sahibə Qafarovanın mötəbər tədbirlərdə, ali kürsülərdə çıxışları yaddaqalan olub:

 

“VI çağırış Milli Məclisin fəaliyyəti yüksək qiymətləndirilməlidir. Parlamentdə təmsil olunan deputatlar seçicilərlə işlərini yüksək səviyyədə həyata keçiriblər. Deputatlar öz işlərini yüksək səviyyədə həyata keçirməklə yanaşı, beynəlxalq fəaliyyətlə də yaxından məşğul olublar. Parlamentə sədrlik edən Sahibə Qafarovanın xarici təşkilatlarda işləmək təcrübəsi VI çağırış Milli Məclisdə açıq-aydın hiss olunurdu. Sahibə xanım Qafarovanın rəhbərliyi ilə xarici təşkilatlarda Azərbaycan Parlamentinin ən yüksək səviyyədə təmsil edilməsi mümkün oldu. Parlament tərəfindən ölkəmizdə də bir çox beynəlxalq tədbirlər təşkil edildi. Bu tədbirlər həm Bakıda, həm də xarici ölkələrdə həyata keçirildi. Xüsusilə də, VI çağırış Milli Məclis dönəmində Qoşulmama Hərəkatının parlament şəbəkəsinin yaradılması ən müsbət addımlardan biri olub. Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi çox uğurlu olub. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı yenidən canlanıb. Hörmətli Prezidentin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament şəbəkəsi yaradılıb və Sahibə xanım bura rəhbərlik edib. Hazırda bir çox beynəlxalq təşkilatda Qoşulmama Hərəkatının Parlament şəbəkəsi müşahidəçi üzv qismində təmsil olunmaqdadır. Beynəlxalq təşkilatlarda Azərbaycan həqiqətlərinin çatdırılması,  44 günlük Vətən müharibəsindən sonra əldə etdiyi zəfər və onun yaratdığı yeni reallıqlar dünya ictimaiyyətinə çatdırılıb. Burada parlamentin müsbət fəaliyyəti olub. Parlamentdə təmsil olunan deputatlar, eləcə də parlamentin sədri Sahibə xanım Qafarovanın mötəbər tədbirlərdə ali kürsülərdə çıxışları yaddaqalan olub”.

N.Həmzəyev vurğulayıb ki, parlamentdə bir sıra islahatlar həyata keçirilib:

 

“Məhz cənab Prezidentin yeritdiyi xarici siyasətin gücləndirilməsi və təbliğ edilməsində də parlament üzərinə düşən məsuliyyəti layiqilə yerinə yetirə bilib. Bütün bunlarla yanaşı parlamentdə islahatlar keçirilib və yeni şöbələr yaradılıb. Parlament Aparatının əməkdaşları yenilənib və daha savadlı, bilikli gənclər parlament aparatında təmsil olunub. Parlament aparatının fəaliyyəti yenidən təşkil edilib. Parlamentdə şəhid ailələrinin, həmçinin qazilərin işləməsinin təmin edilməsi atılmış müsbət addımlardandır. Milli Məclisdə təmsil olunan deputatların yerlərdə daha aktiv fəaliyyət göstərib, seçicilərilə mütəmadi işləmələri nəticə etibarilə parlamentin işinə müsbət təsir göstərib. VI çağırış Milli Məclisdə əldə etdiyimiz təcrübələr, məhz VII çağırış Milli Məclisin fəaliyyətində böyük rol oynayacaq”.

 

Parlament Jurnalistlər Birliyinin(PJB) üzvü Aqil Camal söyləyib ki, Sahibə Qafaraova əvvəlki sədrlərdən xeyli fərqlənir:

 

“Parlament jurnalisti kimi fəaliyyətim 20 ildən artıqdır. Fəaliyyətim 3 parlament sədrinin dövrünü əhatə edir. Bu baxımdan müqayisə etmək imkanım var. Sahibə xanımın parlament sədrliyi dövrü tamamilə fərqlənir. Plenar iclasların aparılması, deputatlara çıxış imkanlarının verilməsi tamam fərqlidir. Əvvəllər cari məsələlərlə bağlı qısa, konkret vaxt ayrılırdı. Hansısa deputat cəld şəkildə qısamüddətli çıxışa yazılırdı. Ondan sonra deputatlar öz təmsil etdikləri dairələr, həm də sosial-iqtisadi və digər məsələləri ilə bağlı çıxış etmək imkanları olmurdu. Amma ötən 5 ili gözümüzün önünə gətirsək, düşünürəm ki, deputatların öz fikirlərini ifadə etmək məsələsində Sahibə xanımdan hər hansı narazılıqları olmaz”.

A.Camal vurğulayıb ki, jurnalistlər üçün bu dövrdə pozitiv şərait yaradılıb:

 

“Parlament fəaliyyətinin çox aktiv formada aparılması, xarici görüşlərin, əməkdaşlıqların qurulması bundan başqa parlamentin ümumi daxili və inzibati fəaliyyəti parlamentin əməkdaşları, eyni zamanda cəmiyyət tərəfindən müsbət dəyərləndirilir. Jurnalistlərin fəaliyyəti üçün də həmişə pozitiv əməkdaşlığa istiqamətlənən yanaşma mövcuddur. Düşünürəm ki, parlament jurnalistləri Sahibə xanımdan bu baxımdan razıdılar. İnanıram ki, yeni dövrdə də Sahibə xanımın fəaliyyəti uğurlu olacaq. Sahibə xanımın spikerliyi ilə Milli Məclisin yeni heyətinə uğurlar arzu edirəm”.

 

“REAL TV”nin parlament müxbiri Namidə Bingöl Sahibə Qafarovanın VII çağırış parlamentin sədri seçilməsini yüksək qiymətləndirdiyini deyib:

 

“VI çağırış Milli Məclisdə Sahibə xanımın fəaliyyəti müsbət qiymətləndirilir. Əlbəttə ki, bu da səbəbsiz deyil. Müasir dövrdə parlament sədrinin hərtərəfli olması çox önəmlidir. Hesab edirəm ki, Sahibə Qafarovanın bu cür hərtərəfli müsbət keyfiyyətləri parlamentin inkişafına yönəlib. Plenar iclaslara çox yaxşı spikerlik edib. İstənilən mövzuya lokanik və aydın fikir bildirib. Hər bir deputatın parlamentdə çıxış etməsinə şərait yaradıb. Onları diqqətlə dinləyib. Təbii, bu cür hallar parlamentin daxili məsələlərinə aiddir. Heç şübhəsiz ki, VII çağırış parlamentdə də Sahibə xanım ənənəsinə sadiq qalacaq”.

 

N.Bingöl qeyd edib ki, digər məqam isə Sahibə Qafarovanın Azərbaycanı xaricdə təmsil etməsi ilə bağlıdır:

 

“Ötən dövrdə Sahibə xanım dövlətimiz adına səslənən saxta iddialara anında dəqiq və əhatəli cavablar verməsilə də yadda qaldı.  Məsələn, bir haşiyə çıxmaq istəyirəm. Ermənistan parlamentinin spikeri Alen Simonyanın ölkəmizə qarşı yalanlarına dəfələrlə tutarlı cavablar verib. Onu yerində susdurub. Düşünürəm ki, Azərbaycanın parlament tarixində Sahibə xanımın xüsusi rolu və çəkisi var. Mediada olan həmkarlarım da söylədiklərimi təsdiqləyər. Yeni formalaşan parlamentdə Sahibə xanıma uğurlar arzulayıram”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər