Azərbaycan kinosunun əfsanəsinə çevrilməklə sonralar nadir hallarda təkrarlanan mədəniyyət hadisəsi sayılan «Arşın mal alan» filminin digər ekran variantları barədə mülahizələr mövcuddur. Leyla xanım Bədirbəylinin «Ömrümün nağılları kitabındakı, 1942-ci ilin noyabrının ilk həftəsindəki xarici səfərinə aid edilən: «Biz İran torpağında olan sovet hərbi hissələrində çıxış edir, axşamlar mərkəzdə konsertlər verirdik. Bir gün küçədə reklam gördük. «Arşın mal alan»ın gündüz seansına getdik. Bu üzdəniraq «Arşın mal alan» filminə tamaşa elədik. Filmin rejissoru Mamulyan familyalı bir erməni idi. Amerikada istehsal olunan bu filmdə nə Üzeyir bəyin, nə də Azərbaycanın adı çəkilmirdi» (Бядирбяйли Л.А. Юмрцмцн наьыллары. Б.,1998. с.57-58) informasiyası digər mənbələrdə də təsdiqlənir.
Salnaməçi-jurnalist Qulam Məmmədlinin: «Arşın mal alan» filmi 1945-ci ildə, sovet qoşunları İranda olduğu zaman Təbrizdə və İranın başqa şəhərlərində göstərildi. Bu film «Şərq əhvalatı» adı ilə Amerikada hazırlanmışdı», «quruluş etibarilə çox zəif, primitiv və təhrif edilmiş bir film idi. Rolların qafqazlı mühacirlər tərəfindən ifa edilməsinə baxmayaraq, ümumiyyətlə əsər Azərbaycan həyatı ilə heç bir əlaqəsi olmayan şəkildə oynanılmış və ekzotik Şərq həyatını əks etdirmək meyli ilə verilmişdi. Səhnələr Əsgər və Sultan bəyin evini təsvir edən iki otaqda, o da ancaq otaqların bir küncündə göstərilirdi. Otaqdan kənar səhnələr Azərbaycanın təbii mənzərələri ilə heç bir əlaqəsi olmayan, Amerika bankirlərindən birinin parkında çəkilmişdi. Kütləvi səhnələr isə «Bazar» adı altında, qaranlıq fonda, süni çadırların altında çəkilmişdi. Bu film Cənubi Azərbaycanda əhali tərəfindən böyük narazılıqla qarşılandı və yerli mətbuat tərəfindən ciddi surətdə tənqid edilərək ekrandan götürüldü» (Мяммядли Г. М. Цч «Аршын мал алан» филми щаггында. Азярбайъан эянъляри г. 18.09.1955) informasiyasında isə göründüyü kimi rejissor haqqında məlumat verilmir. Kinoşünas Ayaz Salayevin Amerika Film institutundan aldığı yazılı məlumatda isə ABŞ-da erməni dilində istehsal olunan «Aşiq arşınmalçı» adlı bu ilk səsli filmin rejissoru Setrak Vartyanın Əsgər rolunun da ifaçısı olduğu göstərilir.
Üzeyir bəy Hacıbəylinin «Arşın mal alan» əsərinin dramaturgiyası klassik qanunlara söykəndiyindən səssiz kinoda belə asanlıqla anlaşılırdı. Onun komediyalarındakı hər bir musiqi parçasının mətninin belə daxili dramaturji strukturu mövcuddur. Tədqiqatçı Əli Sultanlı: «Üzeyir Hacıbəyovun komediyalarında konflikt həyati, dolaşıq və mürəkkəbdir. İlk pərdədən hadisələr adi yolundan çıxaraq qarışır, dolaşdıqca dolaşır, Ancaq əsərin axırında şux bir sonluqla bitir. Dramaturqun əsl məharəti münaqişəni xüsusi bir təmkinlə idarə edə bilməsindədir» (Яли Султанлы. Азярбайъан драматурэийасынын инкишаф тарихиндян. Б., 1964. с.278) yazmaqla dramaturqun istedadını dəyərləndirir.
Hələ 1941-ci ilin yazında «Arşın mal alan» filminin istehsalı barədə müzakirələr, Moskva ilə rəsmi yazışmalar getsə də, İmran Qasımov filmin ssenari müəllifi, Adil İsgəndərov, Ağarza Quliyev, Qriqoriy Braginski rejissorları təsdiq olunsalar da, müharibənin başlaması ilə bu iş yarımçıq qalır. 1942-ci ildə Qafqazdakı gərgin döyüşlər ərəfəsində Bakıdan keçən hərbi yükləri müşayiət edən, şəhəri düşmən aviasiyasından qoruyan dənizçilərin piyada qüvvələrində qəhrəmanlıqlarından bəhs edən «Xəzərlilər» filmini kinorejissor Qriqori Aleksandrov çəkirdi. Burada rejissor A.İvanovun «Sualtı qayıq «T-9» filmindən də söz açan Q.Aleksandrovun: «Bu ağır günlərdə Bakı studiyasında Üzeyir Hacıbəyovun xalq yumoru ilə şənlik şöləsi saçan «Arşın mal alan» komediyası çəkilirdi. Bu komediya üzərindəki iş bir daha göstərirdi ki, bizim kino işçilərindən heç kəsdə alman-faşist işğalçıları üzərindəki qələbəyə zərrə qədər şübhə yox idi» (Александров Г.В. Эпоха и кино М., 1983. с.270) cümlələri filmin çəkilişlərinin ən ağır məqamlarda belə durdurulmadığını təsdiqləyir. Ancaq dövrün diktəsilə Q.Aleksandrovun bədii rəhbər və üç kinonovelladan birinin rejissoru kimi çalışdığı, ön və arxa cəbhədən bəhs edən «Bir ailə» (ssenari müəllifləri Lev Vaysenberq, Mir Cəlal, İosif Prut 1943) filminin digər iki novellasının birini M.Mikayılov, digərini Rza Təhmasib çəkirdi.
21 okytyabr 1943-ildə istehsalata buraxılan «Arşın mal alan» filminin ssenari müəllifi hələ 1937-ci ildə ÜDKİ-nin nəzdində xüsusi ssenari kursu bitirərək, iki il Bakı studiyasının ssenari şöbəsinin müdiri kimi çalışmış Sabit Rəhman, quruluşçu rejissorları isə tanınmış aktyor, rejissor, teatr xadimi kimi 1937-ci ildə, qırx üç yaşında ÜDKİ-nin nəzdində rabfak adlanan xüsusi rejissorluq kursunu bitirmiş, elə həmin il Bakı studiyasında «Ordenli Azərbaycan» sənədli filmini çəkmiş, 1943-cü ildə tamamlanan «Səbuhi» filmində ikinci rejissor işləmiş, bu komediyanı vaxtilə Naxçıvanda tamaşaya qoymaqla bütün xırdalıqlarını belə dərindən bilən Rza Təhmasiblə, ukraynalı rejissor Nikolay Leşşenko oldu.
1945-ci ildə, Sabit Rəhmanın artıq kinostudiyanın direktoru olduğu dövrdə tamamlanan bu filmin ilk epizodunda ağzını açıb «Nalədəndir ney kimi…» ariozasını şövqlə oxuyan Əsgərin (Rəşid Behbudov) musiqinin yaranma prosesini uğurla təqdimatı müğənninin şəxsində personaja rəğbət oyadır. Daxili monoloqlu aktyorun əlindəki təsbehi oynatması, əllərini qoşalayıb bağrına basması, sifətinin dəyişkən ifadəliliyi, duzlu təbəssümlə şirniyyat dolu sini ilə yaxınlaşan nökəri Vəlini (Lütfəli Abdullayev), nigarançılıq çəkən Gülcahan xalanı (Münəvvər Kələntərli) süzməsi mizankadrı zənginləşdirir və dərdini soruşması problemi asanlıqla ortaya qoyur. Görmədiyini, sevmədiyini almaq istəməyən Əsgərin sonrakı dövrdə həllini tapan köhnə adət - ənənəyə qarşı çıxması komediya janrının göstəricisinə çevrilir. Gülə-gülə: «Arvad almaq istəyirəm» deyən Əsgərə cavab olaraq ağlaya–ağlaya bacısının vəsiyyətini xatırladan Gülcahan xalaya qoşulan Vəli isə personaj müxtəlifliyini tamamlayır. Oxuduğu ariozanın mətninə uyğun olaraq çadranı başına salan, üz-gözünü bəzəyən Gülcahan xalanın, əlindəki sini ilə ona dəm tutan Vəli, bu gün geniş yayılan klip estetikasını yaradır. Gülçöhrənin (Leyla Cavanşirova) ariozasında dərdi-qəmi təmsil edən süstlüyü aradan qaldırmaq üçün rejissorun həmən ümumi plana keçərək Sultan bəyin qardaşı qızı Asyanı (Rəhilə Mustafayeva), qulluqçu Tellini (Fatma Mehrəliyeva) mətnin imkanları hesabına kadra salması özünü doğruldur. «Görməsəm, sevməsəm ərə getmərəm!» deyən qəmli Gülçöhrəni ovundurmaq, güldürmək istəyən Asya ilə Tellinin toy mərasimini təsvir edən etüdləri, qocalıq əzablarını əyani göstərərək ağrıya-ağrıya otağa girən Sultan bəy (Ələkbər Hüseynzadə) personaj fərqliliyini daha da qabardır.
Dostu Əsgərin dərdinə əlac etmək üçün evinə gələrək oxuya – oxuya hal-əhval tutan, paralel olaraq Gülcahan xala, Vəli ilə də, ünsiyyətə girməyi bacaran Süleyman (İsmayıl Əfəndiyev) mizan həllini doğrultmaqla canlandırdığı ekrana yeni ruh gətirir. Məhz onun məsləhəti ilə arşın malçı qiyafəsində köhnə Bakı küçələrinə düşən Əsgərin rastlaşdığı dəvə karvanı, alış–veriş etmək istəyən yaşlı qadın, həyətdən küçəyə cuman it, hovuzun başına dolanaraq qapıya qaçan çirkin qızın Vəlini ələ salması, hikkəli Soltan bəylə qarşılaşan Əsgərin bir də, bu həyətə ayaq basmayacağına söz verməsi ilkin ziddiyyəti yaradır. Və nəhayət gətirdiyi yaylıqlarla arşın malçının başına dolanan qızların xorunun hasar üzərindəki Vəlinin gözü ilə izlənilməsi gərginliyi azaldır. Qızlardan qurtulub hasardan qonşu həyətə keçən arşın malçının Gülçöhrəyə həmən vurulması, Çaplinsayağı qaçışla Vəlinin xoş xəbəri Süleymana çatdırmaq istəyi komediya elementlərini zənginləşdirir. Baqqal Məşədi İbadın (Mirzə Ağa Əliyev) «Bir molla, üç manat pul, bir kəllə qənd»lə evlənməyi məsləhət gördüyü Sultan bəyin seçdiyi ərzağın pulunu ödəyə bilməməsi bəy statusunun zəifləməsini, malın geriyə yığılması isə alverçinin xəsisliyini göstərir.
Arşınını unutmaq bəhanəsi ilə yenidən Soltan bəyin həyətinə gələrək Gülçöhrə ilə ünsiyyət quran, duet oxuyub rəqs edən Əsgərin seçdiyi qızı görməyə gələn Gülcahan xalaya «Bir molla, üç manat pul, bir kəllə qənd» məsələsini tətbiq edərək evlənmək istəyən Soltan bəy komizmi gücləndirir. Müdaxilə edən Əsgərin ikibaşlı qohum olmaq təklifinin kəskin surətdə rədd edilməsi sosial zümrə fərqini Telli ilə Vəlinin dil tapmaları isə yaxınlığını üzə çıxarır. Belindən açılan qurşağı Soltan bəyin əlində qalan, arxasınca atılan başmaq tayını tutub sinəsinə sıxan Vəlinin, kiminsə apardığı meyvə dolu sinisini aşırmaqla özünü çatdırdığı Süleymana problemi açması dinamizmi artırır. Süleymanın dostu olduğu üzə çıxan Soltan bəyin qızını arşın malçıya verməsə də, tacir Əsgərə getməsinə şad olacağının bildirilməsi hadisələri qızışdırır. Elçiliyə gələn Süleymanın onu qarşılayan gözəli, Soltan bəyin qardaşı qızı Asyanı (R. Mustafayeva) Gülçöhrə ilə dolaşıq salaraq dostuna həsəd aparması yeni münasibətlər üçün zəmin yaratmaqla azsaylı personajları bir– birinə daha sıx bağlayır. Gülçöhrənin tacirə deyil, arşın malçıya ərə getməkdə israrlı olmasından hiddətlənən, kədərlənən Soltan bəyin yağışlı havada ardınca getdiyi Süleymanı evində tapmayaraq qapısını döysə də, içəriyə daxil olmağı şəninə sığışdırmadığı evindəki şadyanalıq uğurlu kontrapunkt yaradır. Soltan bəyin elə qapıda görüşdüyü Süleymana arşın malçını öldürəcəyini bildirməklə qızının qaçırılmasına razılıq verməsi hadisələri finala doğru yönəldir.
Tacir Əsgərin geniş zalında o baş-bu başa vurnuxmaqla məhkumluğunu göstərən Gülçöhrənin xırda fiquru və hüznlü ariyası problemin bədii həllini verir. Divardakı qoca portretini gələcək əri sayaraq özünü çilçıraqdan asmaq istəyən Gülçöhrənin arşın malçının nəğməsini oxuya–oxuya yaxınlaşan Əsgərin boynuna sarılması dramaturji düyünün açılışından xəbər verir. İri plov qazanları, dolu meyvə siniləri, sulu qəlyanlarla başlanan toy şənliyinə dərdini «Kəsmə şikəstə» ilə dilləndirən Tellinin ocaq başında yaş paltarlarını qurutduğu Vəliyə, qızının arşın malçı ilə qaçmasına qəzəblənən Soltan bəyin Xalaya, Süleymanın Asyaya evlənmələri personajlararası münasibətlərin uğurlu həlli ilə katarsis yaradır Toylarında rəqs edən cütlüklərin plastik ifadə zənginliyi bədiiliyin və fərqliliyi isə sosial zümrələrin göstəricisinə çevrilir. Pay– pürüşlə, başına pul səpilə-səpilə məclisə gəlib xeyir–dua verən Məşədi İbad dünyanı fəth edəcək ekran əsərində yeni bir musiqi, səhnə, ekran əsərinin eskizlərini cızır.
18 sentyabr 1945-ci ildən ekranlara çıxan «Arşın mal alan» filminin dünyanı fəth etməsində dahi Üzeyir Hacıbəyovun musiqisi, dramaturgiyası ilə yanaşı, quruluşçu rejissorlar Rza Təhmasiblə, Nikolay Leşşenkonun ilkin ədəbi mənbəyə hörmətlə yanaşmaları, quruluşçu operatorlar Əlisəttar Atakişiyevin, Muxtar Dadaşovun plastik ifadə vasitələri, (Yuri Şvetslə birgə quruluşçu rəssam da olan Əlisəttar Atakişiyevin, geyim eskizlərində sosial mahiyyəti önə çəkməsi), zahiri görkəmi, romantizmi, xəyalpərvərliyi ilə Aleksandr Dümanın (oğul) «Kameliyalı qadın» romanı əsasında çəkilmiş eyniadlı filmdə (rejissor Corc Kyukor.1936) amerikalı aktyor Robert Teyloun (1911-1969) yaratdığı Arman Düvalı xatırladan ecazkar səsli Rəşid Behbudovun tacir Əsgəri, sənətə rəqqasəlikdən gəlmiş Leyla Cavanşirovanın (Bədirbəyli) plastik Gülçöhrəsi, ustad Ələkbər Hüseynzadənin Boris Svetlovun quruluş verdiyi lal filmdə və səhnədə otuz il ərzində püxtələşdirdiyi Sultan bəyi, kişi xislətli Münəvvər Kələntərlinin «Erkək Tükəzban» imicinə söykənən Gülcahan xalası, hoqqa teatrının ənənələrini yaşadan Lütfəli Abdullayevin Vəlisi, rejissor-aktyor İsmayıl Əfəndiyevin zadəgan Süleymanı, xanəndə Fatma Mehrəliyevanın yanıqlı səsli, sadəlövh Tellisi, hətta Rəhilə Mustafayevanın həm müti, həm zirək Asyası müstəsna rol oynadı.
***
Tofiq Tağızadənin Muxtar Dadaşovla yazdığı ssenari əsasında quruluş verdiyi Üzeyir bəy Hacıbəyovun səksən illik yubileyinə həsr olunmuş «Arşın mal alan» (1965) filminin iyirmi il əvvəlki sələfindən genişekranlılıq, rənglilik, epizodların bir çoxunun naturaya keçirilməsi fərqini kino texnologiyasının inkişafı ilə bağlamaq olar. «Sovetskiy ekran» jurnalının 1965-ci il, 15-ci sayında xüsusi müxbir, «Arşın mal alan» filminin Qubadakı çəkilişlərində iştirak edərək «Mal-alan» məqaləsində: «Müharibədən həmən sonra ekranlaşdırılmış musiqili komediyanı xatırlayırsınızmı? Görünməmiş dərəcədə populyar olan bu filmin əldən düşmüş, köhnəlmiş nüsxələri günümüzə qədər bizdə və xaricdə nümayiş olunur» yazan S.Markova müsahibəsində təkcə geniş ekran və rəng vasitəsilə lenti yeniləşdirmək məqsədi güdmədiyini, əvvəlki variantın teatr tamaşasına bənzədiyini dilə gətirən Tofiq Tağızadənin: «Əsas məqsədimiz Üzeyir bəy Hacıbəyovun saf məhəbbətə və Şərq qadınının faciəli taleyinə həsr olunmuş əsərinin ideyasını daha geniş açmaqdır» (Марков С.B Мал-алан. Совеский экран №14-1965) fikri sənətkarın ali qayəsini səciyyələndirir. Lakin əvvəlki variantın Tofiq Tağızadənin «ikinci dərəcəli» saydığı ariyalarının və dialoqlarının ixtisarı ən azı yeni Üzeyir bəy və Sabit Rəhman tələb edirdi. Şübhəsiz ki, rejissor kimi «əti yeyilən quşlardan olmayan» Tofiq Tağızadənin bədii tapıntıları, mizanları və vaxtilə birgə oxuduğu quruluşçu operator İlya Minkovetskinin sərrast kamerası təsvirin mükəmməliyini artırdı.
Əsgərin «Nalədəndir ney kimi avazeyi eşqim bülənd» ariozasını Gülçöhrədən sonra, özü də «Göy-göl»ün kənarında oxuması, «Öyrənib pürfənd oldum, görəndə rişxənd oldum» duetinin birnəfəsə deyil, ayrı-ayrı epizodlarda hissə-hissə təqdimatı, təbiət mənzərələrinə aludəçiliyin personajların münasibətini arxa plana atması isə ilkin mənbədən kənarlaşmaqla, üstəlik təəssüratı zənginləşdirməməklə çaşqınlıq yaradır. Ən əsas fərq isə ifasının yaranışını göstərməklə «Arşınmalçı» kimi dünya ekranlarını fəth etmiş ecazkar səsli Rəşid Behbudovun əlçatmazlığı qarşısında Həsən Məmmədovun uduzmasının təbiiliyində idi. Digər tərəfdən rəqs plastikasını bilən Leyla Bədirbəylinin cilvəli baxışları sərrast plastikası da sənətdə ilk addımını atan Leyla Şıxlinskayanı kölgədə qoyurdu.
Sultan bəyi çoxsaylı tamaşalarda, iki filmdə cilalamış Ələkbər Hüseynzadənin qarşısında Ağadadaş Qurbanov belə uduzmaya bilmirdi. Münəvvər Kələntərlinin kişi xislətli Gülcahan xalası, Nəcibə Məlikovanın ifasında qadınlıq, xanımlıq dəyərləri qazana bilsə də, hoqqa, mimika, jest ustası Lütfəli Abdullayevin Vəlisinə, quru-quru özünü dartan Tələt Rəhmanov, zadəganlığı yerişində, duruşunda rəqsində üzə çıxan İsmayıl Əfəndiyevin Süleymanına fəndgirlik göstərən Murad Yegizarov yaxın gələ bilməzdi. Digər tərəfdən Fatma Mehrəliyevanın sadəlövh Tellisi Safurə İbrahimovanın, və xüsusən Rəhilə Mustafayevanın həm müti, həm zirək Asyası Xuraman Hacıyevanın ifasında daha maraqlı göründü. Əlbəttə ki, xalq çalğı alətləri yazılmış əsərin yeni partiturasını Fikrət Əmirov miqyaslı bir bəstəkarın öz üzərinə götürməsi, Qoskino SSRİ-nin simfonik orkestrinə Nazim Rzayevin drijorluğu, Rauf Atakişiyevin Əsgəri, Zemfira Quliyevanın Gülçöhrəsi, Sona Aslanovanın Asyası, Sevil Həsənovanın Gülcahanı, Nəcəf Mahmudovun Soltan bəyi, Şəfiqə Qasımovanın Tellisi, Firudin Mehdiyevin Vəlisi, Kamil Əzimovun Süleymanı səsləndirmənin səlisliyinə, rəvanlığına təminat yaratdı.
24 fevral 1966-cı ildə çıxan «Bakı» qəzetində Şamil Qurbanovun «Arşın mal alan» məqaləsində: «Sultan bəylə Vəli arasında uzun-uzadı çəkişmə , Vəlinin pəncərədən qaçarkən su quyusuna düşməsi, Tellini də dartıb quyuya salması şitdir və tamaşaçıya pis təsir bağışlayır» qənaəti subyektiv görünsə də, müəllifin: ««Arşın mal alan» komediyasının yenidən çəkilməsi T.Tağızadənin son dövrdəki müvəffəqiyyətlərindən biri hesab olunmalıdır» cümləsi obyektiv səslənir.
10 mart 1966-cı ildə çıxan «Kommunist» qəzetində Alp Ağamirovun «Arşın mal alan» məqaləsindəki: «Aktyorlarla iş zəif olduğu üçün də «Arşın mal alan» filmində vahid aktyor ansamblı hiss olunmur. Sanki hər kəs özü üçün oynayır» fikrini isə başa düşmək olar.
29 sentyabr 1966-cı ildə çıxan «Sovet Ermənistanı» qəzetində Rza Əsgərovun «Yeni «Arşın mal alan»» məqaləsindəki: «Kinofilmi yaradanların imkanları geniş idi. Təcrübələri var idi. Lakin nədənsə tamaşaçılar yeni, daha yaxşı «Arşın mal alan» görə bilmədikləri üçün salonu tərk edərkən köhnə filmdən danışmalı olurlar» müşahidəsi reallığı əks etdirir.
A.Ə.Dadaşovun “Kinoşünaslıq” dərsliyindən B., 2009.