Modern.az

Murtuza kimi doğulub Bülbül kimi əbədiləşən şəxsiyyət… - REPORTAJ

Murtuza kimi doğulub Bülbül kimi əbədiləşən şəxsiyyət… - REPORTAJ

26 Sentyabr 2024, 16:36

22 iyun 1897-ci ildə Xanbağında Murtuza Məmmədov adı ilə dünyaya gəlib, Bülbül. Ondan əvvəl 6 qardaşı olsa da, bütün qardaşları körpə vaxtından dünyasını dəyişib. Tanrı illər sonra Bülbülü tək Məmmədovlar ailəsinə deyil, eyni zamanda Azərbaycana pay göndərmişdi... İlk musiqi təhsilini 10 yaşında alan Murtuzaya uşaq vaxtından özünəməxsus oxu tərzi, məlahətli səsinə görə şuşalılar Bülbül ləqəbini veriblər.

Bülbül quşunun Şuşa üçün xüsusi mənası var, yalnız Şuşada yetişən gülə yerli sakinlər Xarıbülbül adını verib, onun haqqında əfsanələr qoşublar. Bir əfsanəyə görə bülbül ən sevimli gülünün yanına uçanda bərk külək əsir, külək o qədər möhkəm əsir ki, meşədəki çinar ağacları belə qırılır, amma bülbül hər şeyə rəğmən gülünün üzərinə qonur, külək bundan qəzəblənib o qədər şiddətlənir ki, gülün ləçəkləri əyilməyə başlayır, onun qamətini düzəltmək istəyən bülbülə gülün xarı, yəni tikanı batır. Beləliklə bu gül əbədiləşib Şuşanın, sevginin, incəliyin, daha sonra zəfərin simvoluna çevrilir. Elə Bülbül də Şuşanın simvoluna çevrilmişdi, onun adı Şuşa haqqında danışılan hər yerdə çəkilirdi. Şuşa Azərbaycanın, Bülbül də Şuşanın incisinə çevrilmişdi.

Bülbül hələ gənc yaşlarından o qədər məşhurlaşıb ki, 23 yaşında onu Opera teatırına “Əsli və Kərəm”də baş rol üçün dəvət ediblər. Bundan sonra həmişəlik Bakıya köçərək Opera teatrının solisti kimi fəaliyyətə başlayır, müxtəlif obrazlar yaradır, şöhrətinə şöhrət qatır.

Ona məşhurluq gətirən obraz isə Üzeyir Hacıbəylinin “Koroğlu” operasında 400 dəfə canlandırdığı baş obrazdır. Hətta Üzeyir Hacıbəylinin bu operanı məhz Bülbül üçün yazdığı da deyilir.

Bülbül sonuncu dəfə Şuşaya ölümündən 2 ay əvvəl - 1961-ci ilin iyulunda konsert vermək üçün gedib. Bu, onun sonuncu konserti idi. Sentyabrın 26-sı Bülbül Bakıdakı evində ürək tutmasından vəfat edir, cismi bizdən ayrılır, amma…



Bu gün Fəxri xiyabanda onu ziyarət edən hər kəsin üzündə xüsusi bir təbbəssüm var idi, insanlar eyni anda fərqli hissləri keçirə bilirlər. Amma bu gün Bülbülün məzarı başına toplaşan hər kəs eyni şeyi - onun ruhunun çox şad olduğunu hiss edirdi. Kənardan ciddi görünən, amma özünəməxsus ləhcələri ilə danışan şuşalıların səsi bizi salamladı. Səsə tərəf gedəndə Bülbülün üzü sanki Şuşaya baxırmış kimi ucalan büstünü gördük, qarşıda isə tək qaməti, görünüşü ilə deyil, həm də səsi ilə atasına oxşayan Polad Bülbüloğlu dayanmışdı. Çox keçmədən insanlar məzar başına toplaşdılar, Polad Bülbüloğlu böyük bir təvazökarlıqla hər kəsi salamladı, təşəkkürünü bildirdi. İnsan düşünür ki, Bülbülü ziyarət etmək bizim borcumuzdur, bəs bu təvazökarlıq niyə, amma anlayırsan ki, nə olur-olsun o həm də ata idi, axı, Poladın, Çingizin atası. Bu gün də Polad Bülbüloğlu qarşımızda nə Xalq artisti, nə keçmiş səfir, nə də deputat kimi dayanmışdı, o bu gün sadəcə Bülbülün oğlu idi. Yəqin onun üçün də həyatdakı ən önəmlisi Bülbül kimi atasının olması idi. Elə bunları düşünürdük ki, bəstəkar Fərhad Bədəlbəyli öz xatirələrini danışmağa başlayanda gördük ki, yanılmamışıq:
 


“Uşaqlığım Poladla birlikdə onların evində keçib. Biz o evdə o qədər qonaq görürdük ki... Bülbülün evində gözəl adət var idi, məşhur insanlar Bakıya gələndə Adeliada xanım gözəl süfrə açardı, xaricdən gələn bütün qonaqlar Bülbülün evinə gələrdilər, onların söhbətləri bizim üçün böyük məktəb idi. Biz ilk dəfə orada nələrsə öyrəndik. Bülbülün vəfat etdiyi günü hələ də xatırlayıram, atam o qədər sarsılmışdı ki, biz onu ilk dəfə ağlayan görmüşdük”.

Bülbülün vəfatı Azərbaycan, mədəniyyətimiz, Şuşa üçün böyük bir itki idi. Onun mənəvi dəyərini düşmən də anlamışdı. Ölümündən sonra Şuşadakı evində Bülbülün bürünc büstü qoyulmuşdu.1992-ci ildə Şuşa işğal ediləndə Bülbülün Şuşadakı ev muzeyi də talan edildi, büstü güllələndi. Bülbül kimi şəxsiyyətin büstünü dağıtmaq düşünülməmiş hadisə ola bilməzdi. Onun adı Şuşanın adı ilə assosiasiya olunmuşdu, Şuşanı işğal etmək üçün Bülbülü “öldürmək” lazım idi.

Bülbül isə fiziki həyatından daha çox yaşamağı bacarmışdı. Hətta o hamımızdan əvvəl getdi Şuşaya…

Büstü bir müddət sonra ermənilər Gürcüstana metal kimi satmışdılar. Bundan sonra büst Azərbaycan hökuməti tərəfindən alınaraq Bakıya gətirildi. Şuşa 8 noyabr 2020-ci ildə işğaldan azad edildikdən sonra xanəndənin büstü Prezidentlə birlikdə yenidən Şuşaya aparıldı.



Polad Bülbüloğlu ilə Şuşadan, Bülbüldən və doğma torpaqlarımıza qayıdışdan danışmaq imkanımız oldu. O danışdıqca, arxamızda olan Bülbülün büstünün sanki gülümsədiyi diqqətimi çəkdi... Bəlkə də memar bu günün xəyalını qurub heykəli belə inşa etmişdi, bəlkə də Bülbül oğlu danışdıqca gülümsəyirdi...

“Bakıda olanda bura tez-tez gəlirəm, həmişə onu fikirləşirəm ki, 30 il Bülbülün, Üzeyrin, Şuşadan çıxan bütün ziyalıların ruhu narahat idi. Mən insanlar tanıyıram “Şuşa” deyə-deyə həyatlarını itirdilər, Şuşanı görmək onlara qismət olmadı və bu dərdi də özləri ilə apardılar. İndi isə hər şey dəyişib, hesab edirəm ki, onların ruhu artıq şaddır. Bu gün burada şuşalılar da çox idi, atamın ruhu yəqin böyük fərəh hissi keçirir ki, onlar mənə etimad göstərərək deputat seçdilər. Mən çalışacam ki, hər bir şuşalının etimadını doğruldum ki, atamın ruhu iki qat şad olsun.

Hər dəfə bura gələndə yadıma düşür ki, 1961-ci ilin avqust ayında sonuncu dəfə atamla birlikdə Şuşada olmuşam və atam həmin vaxt Şuşada iki konsert verib. Atamın bir konsert vermək fikri olsa da, orada o qədər adam var idi ki, zala yerləşmirdilər, elə atam da buna görə iki dəfə konsert verdi. İkinci kosertə də Şuşanın kəndlərindən o qədər adam gəlmişdi ki, yenə zalda boş yer qalmamışdı. Atam da demişdi ki, konsert zalının pəncərələrini açın ki, hamı musiqini eşidə bilsin. Zalın qarşısında meydança var idi, insanlar yığışıb oradan dinləyirdilər atamı, konsert 3 saata yaxın çəkmişdi. Musiqiçi kimi deyə bilərəm ki, o cür konsert hələ Şuşada olmamışdı, sanki atam da hiss edirdi ki, sonuncu dəfə vətənində konsert verir, şuşalılarla vidalaşır. O zaman öz evinə də getdi, piləkəni qalxan, ətrafı gəzən yerdə şəkilləri də var. Hər dəfə bura gələndə o kadrlar gözümün qarşısında canlanır. İlham Əliyev də Şuşaya gedəndə ilk baş çəkdiyi yerlərdən biri atamın ev muzeyi oldu, qısa zamanda biz evi bərpa etdik. Çox şadam ki, indi o muzeyə yerli, xarici turistlər də gedir. Atamı yad edən hər kəsə öz təşəkkürümü bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzu edir, prezidentə təşəkkürümü bildirirəm, biz onların sayəsində öz evimizə qayıtdıq”.

1927-ci ildə Bülbül Milan şəhərinə vokal dərsləri almağa gedən ilk azərbaycanlı olub. Avropada ona iş təklifləri olsa da, 1931-ci ildə vətənə qayıdıb. Bakıya qayıtdıqdan sonra ona münasibət birmənalı olmayıb. Bəziləri onun ifasında “Karmen”, “Traviata”, “Toska”, “Cokonda” ariyalarını dinlədikdən sonra “Azərbaycan musiqisi Bülbülü itirdi” deyib. Amma sonra məlum oldu ki, Azərbaycan musiqisi heç vaxt Bülbülü itirməyib. Bülbül Şuşanı, Şuşa Bülbülü yaşatdı və bu iki məfhum heç zaman ölməyəcək…
 

Arifə Kərimzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI