Bir neçə gün əvvəl, Şotlandiya Milli Partiyasının (ing. Scottish National Party) üzvü Kennet Gibson tərəfindən keçmiş “Ermənistan-Azərbaycan münaqişəsi” ilə bağlı təxribatçı və qərəzli təşəbbüs layihəsi (motion) irəli sürülüb. Şotlandiya parlamentinin rəsmi internet səhifəsində yerləşdirilən bu layihədə Azərbaycana qarşı əsassız və ədalətsiz ittihamlar yer alıb.
Belə ki, layihəyə Azərbaycanın Qarabağ bölgəsi “mübahisəli” ərazi kimi təqdim edilərək, guya 2020-ci ildə qondarma rejimə qarşı “münaqişənin Azərbaycan tərəfindən başlandığı, bölgədə yaşamış erməni əsilli şəxslərin zorla çıxarılması, erməni mədəni və dini irsinin sistemli şəkildə silinməsi, ermənilərə qarşı nifrət nitqi və ərazi iddialarının səsləndirilməsi, erməni xalqının əsrlər boyu, xüsusilə Birinci Dünya Müharibəsi zamanı və ondan sonrakı illərdə Osmanlı imperiyası tərəfindən soyqırıma məruz qaldığı ” kimi yalan və əsassız ifadələr əks olunub.
İlk növbədə bunu qeyd etmək lazımdır ki, K. Gibsonun Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini “mübahisəli bölgənin böyük bir hissəsinin işğalı” kimi qeyd etməsi qəbuledilməzdir. Azərbaycanın hər zaman ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsi 30 ilə yaxın Ermənistanın qanunsuz işğalı altında olub. Ölkəmizin işğal altında olan ərazilərini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə azad etmək məqsədilə həyata keçirdiyi bütün zəruri tədbirlər Azərbaycanın suveren hüququ olub.
İkincisi, vurğulamaq lazımdır ki, layihədə ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsinin coğrafi adı təhrif edilərək istinad edilən “Artsax” 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş hərbi işğal və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən 750 minə yaxın azərbaycanlı mülki əhaliyə qarşı aparılmış etnik təmizləmə nəticəsində ölkəmizin ərazisində yaradılmış qondarma separatçı rejim və qeyri-qanuni qurumdan başqa bir şey deyildi.
Məlumdur ki, məhz Ermənistan 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlamış, bu ərazilərdə mövcud olmuş tarixi, mədəni, dini abidələrimizi məhv etmiş, Xocalı soyqırımı və digər kütləvi qırğınlar, insanlığa qarşı cinayətlər törətmiş, bir milyona yaxın azərbaycanlını öz doğma evlərindən didərgin salmış, yüz minlərlə azərbaycanlını dəfələrlə öz tarixi torpaqlarından deportasiya etmişdir. Tarix boyu ölkəmizə və xalqımıza qarşı cinayətlər törətmiş Ermənistanın sözügedən təşəbbüs layihəsində zərər çəkmiş, qurban ölkə qismində təqdim olunması siyasi riyakarlıq və ikili standartların bariz nümunəsidir.
Sözsüz ki, anti-terror tədbirlərinin ildönümü ərəfəsində Ermənistan və ermənipərəst qüvvələrin müxtəlif platformalarda fəallaşaraq təxribatçı addımlar atacağı gözlənilən idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında proqram xarakterli nitqində qeyd etdiyi kimi: “Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar - bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib. Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır.”
Təşəbbüs layihəsinin sonunda qeyd edilən “Şotlandiya Parlamenti regionda ədalətli və davamlı sülh arzu etdiyini ifadə edir” ifadəsi isə heç də reallığı əks etdirmir, əksinə layihədə yer almış fikirlər regionda vəziyyəti gərginləşdirməyə və Ermənistanda revanşist qüvvələrin baş qaldırmasına xidmət edən meyllərdir. Bu cür təxribat xarakterli addımlar isə Azərbaycanla Birləşmiş Krallıq arasında təşəkkül tapmış səmərəli əməkdaşlıq əlaqələrinin ruhu ilə uzlaşmır.
Diqqətçəkən məqam ondan ibarətdir ki, əsrlər boyu müstəmləkəçilik siyasəti yürütmüş, bu ərazilərdə yaşayan yerli əhaliyə qarşı cinayətlər törətmiş dövlətlər bu gün Azərbaycana qarşı ədalət və hüquq dərsi keçməyə dövlətlərin haqqı çatmır. Dövlət başçımızın Milli Məclisdə çıxışı zamanı qeyd etdiyi kimi: “...müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq!”
Qeyd olunanlar onu deməyə əsas verir ki, özünü sülhsevər ölkə kimi təqdim edən Ermənistanın niyyəti əslində Azərbaycana qarşı təxribat xarakterli addımları və qarayaxma kampaniyasını öz havadarları vasitəsilə davam etdirməkdir. Bütün bu kimi cəhdlər, o cümlədən Ermənistanın müzakirə mərhələsində olan və tam razılaşdırılmamış sülh sazişini tələsik imzalamaq istəyi, həmçinin bu ölkənin Konstitusiyasında Azərbaycana qarşı hələ də ərazi iddialarının qalması bu qonşu dövlətin regionda davamlı və dayanıqlı sülhdə maraqlı olmamasından xəbər verir.
Son olaraq qeyd edim ki, hazırda layihəyə Şotlandiya parlamentinin 8 üzvü (Milli Partiyadan 6 və Leyboristlər Partiyasından 2 nəfər) qoşulub. Ermənistanın Britaniya parlamentində ən yaxın havadarlarından olan Kris Lounun Şotlandiya Milli partiyasının üzvü olması bu təşəbbüsün erməni lobbisinin fəaliyyətinin nəticəsi olduğunu göstərir. Digər tərəfdən, Şotlandiya Milli Partiyası 4 iyulda keçirilmiş parlament seçkilərində 48 yerdən 39-u itirib ki, partiya üzvləri bu vasitəsilə siyasi müstəvidə aktuallıqlarını qoruyub saxlamağa çalışırlar.
Zaur Şükürov
Milli Məclisin deputatı