Modern.az

Baş Prokurorluqda Heydər Əliyevi anılıb

Baş Prokurorluqda Heydər Əliyevi anılıb

11 Dekabr 2013, 17:05

Dekabrın 11-də Baş Prokurorluqda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasim iştirakçıları əvvəlcə prokurorluğun inzibati binasının foyesində Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar. Mərasimdə Baş prokuror Zakir Qaralov məruzə ilə çıxış edib. Baş prokuror deyib ki, müasir Azərbaycanın şərəfli inkişaf tarixinin 30 ildən yuxarı bir dövrü fenomenal xüsusiyyətlərə, dərin təfəkkürə və güclü iradəyə malik ən böyük azərbaycanlının adı ilə bilavasitə bağlıdır.
“Məhz onun dəyanəti və cəsarəti, mətinliyi və zəkası, qətiyyəti və qüdrəti sayəsində xalqımız zamanın ağır sınaqlarından üzü ağ çıxaraq çətinliklərə sinə gərmiş, təzyiq və təhlükələrdən xilas olaraq ictimai-siyasi sabitliyin bərqərar olunmasına, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılmasına nail ola bilmişdir”.

Qeyd edilib ki, Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq 1995-ci il noyabrın 12-də keçirilmiş referendumla qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ümumbəşəri ideya və dəyərləri əks etdirərək demokratik dövlət quruculuğu istiqamətində inkişafın hüquqi təsisatlarını, dövlətin və idarəetmənin əsaslarını formalaşdırmaqla respublikamızda hüquq sisteminin bünövrəsini yaradıb. Baş prokuror deyib ki, dövlət quruculuğu və idarəetmə prosesində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq hər bir strukturun fəaliyyətinə və inkişafına böyük diqqət göstərən Heydər Əliyevin prokurorluq orqanlarının inkişafında müstəsna rolu olub. Z.Qaralov deyib ki, bu gün Heydər Əliyev ideyalarına və xalqına sadiqliyini əməli işləri ilə tam sübuta yetirən və öz dövlətçilik fəaliyyətində varisliyi təmin edən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həmin ideyaların reallaşdırılması istiqamətində məqsədyönlü və yeni məzmunlu daxili və xarici siyasət həyata keçirilir. Mərasimin sonunda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Əbədiyyət: Heydər Əliyev və dövlət quruculuğu” adlı sənədli film nümayiş etdirilib.  





Modern.az
   
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK