Gürcüstan parlamentinin bu gün keçirilən plenar iclasında deputatlar arasında insident yaranıb. Modern.az saytı Gürcüstan KİV-nə istinadən bildirir ki, davada hakim “Gürcü arzusu” koalisiyasının və müxalifətdə olan “Vahid milli hərəkat”ın (VMH) nümayəndələri iştirak ediblər. İnsidentə səbəb parlamentdəki çoxluğun üzvü Soso Djaçvlianinin VMH-nin nümayəndəsi Georgi Baramidzeni təhqir etməsi olub. “Gürcü arzusu”nun üzvü Aprasidze qardaşlarının cəmiyyətdə geniş rezonansa səbəb olan işini xatırladıb. Belə ki, 2004-cü ilin mart ayında Gürcüstanın qərbindəki Svanetidə Omexi Aprasidze və onun iki oğlunun rəhbərlik etdiyi banda zərərzisləşdirilib. Onlar tanınmış gürcü futbolçu Kaxa Kaladzenin qardaşı Levan Kaladzenin oğurlanması və qətlində təqsirli bilinirdilər. Georgi Baramidze həmin zaman daxili işlər naziri postunu tutub və xüsusi əməliyyatlarda şəxsən iştirak edib.
“Bu Baramidze, bir müddət əvvəl etiraf edib ki, Aprasidzenin ailəsinə 1500 əsgər və 12 vertolyotla hücum ediblər. Uşaqların gözü qarşısında dayılarını və babalarını öldürüblər. Bütün Gürcüstana xəbər verilmişdi ki, Kaladzenin qardaşının qəbrini və oğurlanan adamları tapıblar. Həmin xüsusi əməliyyatla Svanetiyanı qorxudublar, aşağılayıblar. Siz özünüzü və ailənizi aşağılamısınız”, - Soso Djaçviliani bəyan edib.
“Mən Baramidzeyə müraciət etmək istəyirəm – sən “çmo”san, - deputat əlavə edib. Bundan sonra Baramidze ona hücum edib. Bir anda ona parlamentin digər üzvləri də qoşulublar. Aralarında bir neçə dəqiqəlik çəkişmə qeydə alınıb.
Parlamentin sədri David Usupaşvili davanı utandırıcı adlandıraraq fasilə elan edib.
Modern.az