Modern.az

Yol qəzalarını yol polisi törədir..? - Deputat və QHT rəhbərinin rəyi

Yol qəzalarını yol polisi törədir..? - Deputat və QHT rəhbərinin rəyi

12 Dekabr 2013, 11:09


Yol polislərinin sürücülərə qarşı ayrı-seçkilik etməsi iddiasında olanların həmişə eyni şikayəti var: “Dövlət qulluqçusu statusu, ya da şəxsi tanışlıq qayda pozucularını cəza və cərimədən azad edir. Amma azarı olanı xəstəxanaya çatdırmağa tələsdiyindən qaydanı pozana “gözün üstə qaşın var” deyirlər”.

Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi İctimai Birliyinin rəhbəri Əsabəli Mustafayev Modern.az-a deyir ki, əgər doğurdan da belə hallara rast gəlinibsə, bu, qanun pozuntusudur. “İstər İnzibati Xətalar Məcəlləsində, istərsə də Cinayət Məcəlləsində praktik olaraq belə xətalara yol verilirsə, bu qəbul edilməzdir və qarşıya qoyulan məqsədə çatmağa mane olan hallardır. Kimliyindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında cavabdehdir. Əgər mediada belə məsələlər açıqlanıbsa, müvafiq orqanlar öz münasibətini bildirməlidir. Təklif edərdim ki, sosial sorğu keçirilsin. Çünki bununla bağlı mənə şəxsən heç kim müraciət etməyib. Bəlkə də bu kimin üçünsə adi görünə bilər, amma bu çox ciddi məsələdir. Kiçik problemlər böyük problemlərə gətirib çıxarır. Məncə, hər bir insan hətta kiçik sayıla bilən məsələlərdə də öz hüquqlarını müdafiə etməlidir. Bu gün yol hərəkətində  sizə qarşı haqsızlığa susarsınızsa, sabah daha ciddi haqsızlıqla üzləşə bilərsiniz.”

Deputat Çingiz Qənizadə isə yol polislərinə qarşı deyilən fikirlərlə qətiyyən razılaşmadı. “Bu gün yol polisini nədəsə ittiham etmək düzgün deyil. Birincisi, Azərbaycanın polis orqanlarının əməkdaşları beş, on il əvvəlki qaydada işləmir. Onlar işə daha vicdanlı, daha normal yanaşır. Bu da hər gün şahidi olduğum bir durumdur. Xəstəxanaya tələsən kimsə qırmızıda keçirsə, hətta kimsə kefindən qırmızıda keçirsə yenə yol polisi hər biri haqqında tədbir görür. Bu gün yol polisi yol hərəkəti qaydalarını pozmayan heç kimi saxlamır. Qırmızıda keçdiyin anda soldan və sağdan gələn nəqliyyata, insanların həyatına təhlükə yaradırsa, səbəb nə olursa-olsun, cəzasını almalıdır. Çox sevindirici haldır ki, yol polisi əməkdaşları dünəndən etibarən avtobus sürücülərinə qarşı ciddi reydlərə başlayıb. Onlara bu işində dözümlülük arzulayıram. Çünki avtobus sürücüləri həddindən artıq qanuna zidd hərəkətlər edir, polis əməkdaşlarına tabe olmaq istəmirlər. Artıq ifrata varıblar. Düşünürəm ki, nizam-intizama tabe olmaq vaxtı çatıb. Həmin azğınlaşmış sürcülərə qarşı ciddi cəzalar kəsilməlidir“.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK