Zaman-zaman beynəlxalq təşkilatlar tərəfindən ölkələrdə hər hansı ictimai-siyasi prosesdə iştirak edən və sonradan həbs olunan şəxslər siyasi məhbus kateqoriyasına aid edilir. Bununla bağlı müxtəlif hesabatlar hazırlanır və dövriyyəyə buraxılır.
Maraqlıdır ki, dünyada siyasi məhbus anlayışının birmənalı tərifi, bunu təyin edən meyarların qeyri-müəyyənliyi beynəlxalq təşkilatlar və ya QHT-lər arasında da fikir ayrılığı yaradır. Beynəlxalq hüquqda siyasi məhbus ifadəsi haqqında yekdil qənaət olmadığından hər bir hüquq müdafiəçisi, müvafiq QHT və digər təşkilatlar öz parametrləri və şəxsi baxışları formatında baxışı fərqli yozumlara gətirib çıxarır. Bəzən həqiqətən də əməlində cinayət tərkibi olanları siyasi məhbus kateqoriyasına aid edirlər ki, bu da hüquqi ziddiyyətlərlə bağlı müzakirələrə, mübahisələrə səbəb olur. Bu mənada deyə bilərik ki, siyasi məhbus anlayışı nisbi xarakter daşımaqla bəzən beynəlxalq qurumlar tərəfindən hər hansı ölkəyə təzyiq vasitəsi kimi də istifadə edilir. Düzdür Avropa Şurasının siyasi məhbuslarla bağlı meyaraları mövcud olsa da, yenə də vahid mövqe nümayiş etdirilmir.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu İslam partiyası nümayəndələrini və “hicaba azadlıq” aksiyasının həbs olunan iştirakçılarını siyasi məhbus hesab etmir. O, bir neçə gün bundan qabaq Modern.az-a açıqlamasında fikrini də bildirib. N. Cəfəroğlu qeyd edib ki, onların hazırladığı yeni siyahıda 24-25 nəfərin adı olacaq.
İnsan Hüquqları Klubunun hazırladığı hesabatda isə 142 nəfərin adı siyasi məhbus siyahısına salınıb. Bu haqda məlumatı təşkilat rəhbəri Rəsul Cəfərov mətbuata açıqlayıb. Maraqlıdır ki, bəs siyahı hazırlanan zaman hansı meyarlara üstünlük verilir? Ümumiyyətlə Avropa Şurası hansı siyahılara üstünlük verir?
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə vurğulayıb ki, Avropa Şurası hələ tam olaraq siyasi məhbus meyarlarını müəyyən etməyib. “Bu ifadənin Azərbaycan, Gürcüstan və digər ölkələrdə işlədilməsi düzgün deyil. İctimai-siyasi proseslərdə iştirak edənlərin həbsi ilə bağlı müəyyən problemlər var və biz də bunu araşdırırıq. Ancaq kimlərisə siyasi məhbus adlandırmaq yolverilməzdir. Mən Novella Cəfəroğlunun mövqeyini dəstəkləyirəm. Ancaq Rəsul Cəfərov kimi birini tanımıram və hansı meyarlara əsaslandığını da bilmirəm. Onu bilirəm ki, bu adamlar siyasi təşkilatların təsiri altında bu cür siyahı hazırlayırlar. Belə siyahıların hazırlanmasında o adamları digər maraqları da var. Məqsədləri müəyyən qrantlar almaqla layihələri reallaşdırmaqdır. Bu isə yolverilməzdir”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirib ki, siyasi məhbus siyahısını Avropa Şurasının hüquqi meyarları çərçivəsində hazırlayırlar. “Digər təşkilatlar ola bilsin ki, öz parametrləri ilə işləyib siyasi məhbus siyahısı hazırlayır. Biz isə Avropa Şurasının ölçülərini nəzərə alırıq”.
İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov sədrlik etdiyi təşkilatın hansı meyarlarla siyasi məhbus siyahısı hazırlanmasından Modern.az-a danışıb.
R. Cəfərov da vurğulayıb ki, Avropa Şurasının meyarlarını əsas götürməklə siyasi məhbus siyahısını müəyyənləşdirirlər. “Ötən ilin oktyabrında Avropa Şurası Parlament Assambleyası siyasi məhbuslarla bağlı 1900 saylı qətnamə qəbul edib. Həmin qətnamədə nəzərdə tutulan parametrlərdən istifadə edərək siyahı hazırlayırıq”. Siyasi məhbuslarla bağlı hüquq müdafiəçiləri, beynəlxalq və yerli təşkilatlar arasında yaranan fikir ayrılığından söz açan R. Cəfərov bildirib ki, ziddiyyətlərin tərəfdarı deyillər. Onun sözlərinə görə vahid siyahının olmasının tərəfdarıdırlar. O bildirib ki, monitorinq qrupu İnsan Hüquqları Klubunun hazırladığı hesabatla razılaşmasalar azlıqda qalan tərəf olacaqlar. “Çünki vətəndaş cəmiyyətləri, beynəlxalq təşkilatlar məhz bizim hesabatı üstün tuturlar”. R. Cəfərov onu da əlavə edib ki, Avropa Şurasının parametrlərinə uyğun olaraq həbsdə olan dindarlar da siyasi məhbus hesab olunur.
Aqşin KƏRİMOV