Modern.az

34 il əvvəl: Azərbaycanda ilk çoxpartiyalı SEÇKİ

34 il əvvəl: Azərbaycanda ilk çoxpartiyalı SEÇKİ

Ölkə

30 Sentyabr 2024, 11:19

1990-cı il sentyabrın 30-da Azərbaycan SSR Ali Sovetinə sonuncu seçkilər keçirilib. Modern.az xatırladır ki, fövqəladə vəziyyət şəraitində baş tutan seçkilər əslində həmin ilin yayında - iyun ayında keçirilməli idi. Lakin yanvarın 20-də Bakıda Sovet qoşunları tərəfindən törədilən qırğınlar seçkini gecikdirdi və səsvermə sentyabrın 2-nə təyin edildi. 11-ci çağırış Ali Sovetin son toplantısında isə seçkilərin vaxtı sentyabrın 30-na dəyişdirildi.

 

12-ci çağırış Ali Sovetə seçkilər əvvəlki səsvermələrdən bir çox xüsusiyyətlərinə görə fərqlənirdi. Birincisi, bu seçkidə yalnız Kommunist Partiyasının namizədləri deyil, digər partiyaların da nümayəndələri iştirak edirdi. Müxalifət Azərbaycan Xalq Cəbhəsi (AXC) də daxil olmaqla 20-ə yaxın təşkilatı birləşdirən "Müstəqil Azərbaycan" bloku ilə seçkilərə qatılmışdı. "1 mandat - 1 namizəd" prinsipi də bu seçkidə ləğv edildi və dairələr üzrə müxtəlif sayda şəxs namizədliyini irəli sürmüşdü. Ancaq bu “alternativli seçki” daha çox formal xarakter daşıyırdı.

 

Yeni qanuna əsasən, seçkilər 450 seçki dairəsi üzrə deyil, 360 dairə üzrə keçirilirdi, yəni Ali Sovet deputatlarının sayı 90 nəfər azaldılırdı. Deputatların səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırılmışdı. İlk turda deputat seçilmək üçün səslərin 50 faizdən çoxunu toplamaq lazım idi.

 

Ümumilikdə 1990-cı senytabrın 30-da 12-ci çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilərdə 1200-ə yaxın namizəd iştirak edirdi. Qarabağdakı mövcud vəziyyəti (bölgənin əksər ərazisindən azərbaycanlılar qovulmuş, erməni əhalisi isə seçkiyə imkan verməyəcəyini bildirmişdi) nəzərə alan respublika rəhbərliyi Şuşa şəhəri və Şuşa rayonu istisna olmaqla DQMV ərazisində seçki keçirməmək barədə qərar qəbul etdi.

 

Birinci turda qalib müəyyənləşməyən dairələrdə oktyabrın 14-də ikinci tur seçkiləri keçirildi. Seçkilərin baş tutmadığı dairələrdə isə yeni seçkilər dekabrın 16-na təyin edildi. Hər iki mərhələdən sonra Ali Sovetdə yerlərin böyük əksəriyyətini kommunistlər və kiçik bir qismi bitərəf namizədlər tutdu. Müxalifət düşərgəsi ümumilikdə yalnız 30 deputat yeri, yəni 360 nəfərlik parlamentin təxminən 8 faizini əldə etdi.

 

1990-cı ilin iyulunda Moskvadan Azərbaycana qayıdan Heydər Əliyev də parlament seçkilərində iştirak edirdi. Respublikanın o vaxtkı rəhbərliyi onun siyasi fəaliyyətə qayıtmasına, o cümlədənə deputatlığa namizədliyinin qeydə alınmasına hər vəchlə mane olmağa çalışsa da, istəyinə nail olmadı. Bakıda yaşamasına və siyasi fəaliyyətlə məşğul olmasına imkan verilməyən H.Əliyev Naxçıvana getdi və sentyabrın əvvəlində muxtar respublikanın Babək rayonu ərazisində 340 saylı Hehrəm seçki dairəsindən deputatlığa namizəd kimi qeydə alındı. Həmin vaxt həm də Naxçıvan MSSR Ali Sovetinə seçkilər keçirildiyi üçün H.Əliyev, eyni zamanda, muxtar respublika parlamenti üzvlüyünə namizəd kimi qeydə alınmışdı. Xalq deputatlarının  və yerli  xalq deputatları sovetləri deputatlarının seçkiləri zamanı  əhali bu böyük siyasətçini birmənalı şəkildə dəstəklədi. Seçkilərin birinci  turunda  Heydər Əliyev 340  nömrəli Nehrəm  seçki dairəsindən  Azərbaycan  SSR Xalq deputatı, 2 nömrəli M.F.Axundov  seçki dairəsindən isə Naxçıvan MSSR  xalq deputatı seçildi.

 

12-ci çağırış Ali Sovetin tərkibi 1990-cı ilin dekabrında formalaşsa da, yeni parlamentin ilk iclası yalnız 1991-ci il fevralın 5-də açıldı. Birinci sessiyasda deputat mandatı almış 340 nəfərdən 318-i iştirak edirdi. Elmira Qafarova yenidən Ali Sovetin sədri seçildi. Yeni parlamentdə iki müavin postu vardı və hakimiyyət müxalifətin siyasi iddialarını qismən neytrallaşdırmaq üçün vitse-spiker postunu AXC Ali Məclisinin sədri Tamerlan Qarayevə verdi (1-ci vitse-spiker vəzifəsinə isə akademik Ziyad Səmədzadə seçilmişdi). Müxalifət deputatarı "Müstəqil Azərbaycan" adlı fraksiya yaratdılar. Lakin elə ilk gündən fraksiya "Demokratik blok" ("Demblok") adlanmağa başlandı. Parlamentdəki kommunist çoxluğu isə "komblok" adını aldı.

Həmin il seçilən 12-ci çağırış Ali Sovet Azərbaycanın tarixinə həm sovet, həm də müstəqillik dövrünün qanunverici orqanı kimi düşdü. Azərbaycanın müstəqilliyi barədə bütün siyasi və konstitusion qərarlar da bu parlament tərəfindən qəbul edildi.

 

Lakin Ali Sovetin ömrü uzun olmadı. Ali Sovetin ikinci qərarı 50 nəfərdən ibarət Milli Şuranın yaradılması barədə oldu. "Demblok" və "komblok"dan hərəyə 25 deputat olmaqla yaradılan bu qurum bir növ iqtidarla müxalifət arasında siyasi kompromisin nəticəsi idi. Milli Şura müvəqqəti bir struktur kimi yaradılmış və daha çox məşvərət orqanı olaraq nəzərdə tutulmuşdu. Ali Sovetin müzakirəsinə çıxarılacaq qərarlar öncə bu qurumdan keçməli idi. Lakin reallıqda Milli Şura tədricən Ali Soveti əvəzləyən orqana çevrildi və 1992-ci ilin məlum mart-may olaylarından sonra isə bütövlükdə ölkə parlamenti funksiyasını yerinə yetirməyə başladı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi