Modern.az

"Dedilər ki, Surət Hüseynov ailəni əsir götürmək istəyir" - Milli Qəhrəman

"Dedilər ki, Surət Hüseynov ailəni əsir götürmək istəyir" - Milli Qəhrəman

Ölkə

2 Oktyabr 2024, 12:50

1994-cü ildə baş verən oktyabr hadisələrindən 30 il keçir. Surət Hüseynov və Rövşən Cavadovun başçılıq etdiyi dəstə dövlət çevrilişinə cəhd göstərmişdi. Həmin vaxt Ümummilli Lider Heydər Əliyev BMT-nin 49-cu sessiyasında iştirak etmək üçün ABŞ-də səfərdə idi.  Oktyabrın 2-də Heydər Əliyev Bakıya qayıdanda respublikada hadisələr kritik həddə çatmışdı. Xətai rayonunun prokuroru Mahir Cavadov qardaşı Rövşən Cavadovun komandanlığı altında olan Xüsusi Təyinatlı Polis Dəstəsinin bir qrup silahlısı ilə Respublika Prokurorluğuna basqın etməsi vəziyyəti daha da gərginləşdirmişdi.

 

Dövlət başçısı oktyabrın 4-də axşamdan xeyli keçmiş xalqa müraciət etdi. Ulu Öndərin müraciətinə cavab olaraq gecəyarısı yüz mindən çox insan Prezident Sarayının qarşısına toplaşdı. Oktyabrın 5-də isə Azadlıq meydanında bir milyona yaxın insanın iştirak etdiyi Ümumrespublika mitinqi keçirildi. Beləliklə, ölkədə qiyam və çevriliş yolu ilə hakimiyyətə gəlmək cəhdinin qarşısı qətiyyətlə alındı.

 

Modern.az-a danışan həmin vaxt qiyama qarşı əməliyyatlarda iştirak edən Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov bildirib ki, Surət Hüseynov və əsgərləri Xanlar rayonu (indiki Göygöl - red.) başda olmaqla 14 rayonu zəbt etmişdi:

 

“Orada vəziyyət gərginləşmişdi. Biz əvvəldən bunların olacağını bilirdik. Bakıda insanlar bu barədə məlumatsız olsa da, bizim hər şeydən məlumatımız var idi. Onların qərargahı Üçtəpədə yerləşirdi. Onlar Gəncənin o vaxtkı icra başçısı Elsevər İbrahimovu tutub gizlətmişdilər. Ulu Öndər Heydər Əliyev Rövşən Əkbərova onlarla görüşməsi üçün tapşırıq vermişdi. Bu hadisələr bir gündə baş vermədi. Zəng edib dedilər ki, cənab polkovnik ailənizi də götürüb qalxın Murova. Nə olduğunu soruşanda telefon söhbəti olmadığını dedilər. Mən ailəmi Gəncəyə gətirmişdim, övladlarım burada məktəbə gedirdi. Onları da götürüb həmin yerə getdik. Mənim müavinim bildirdi ki, Surət Hüseynov ailəmi girov götürmək istəyir. Ona görə də bizi təcili şəkildə oraya çağırıb. Biz geri Gəncəyə qayıtmaq istəyəndə dedilər ki, onlar artıq Xanlar rayonundadırlar. Ərazini zəbt edərək insanları otaqlara bağlamışdılar” - deyə F.Cəbrayılov bildirib.

 

Müsahibimiz qeyd edib ki, bu xəbərdən sonra öz əsgərləri ilə birlikdə Surət Hüseynovun qarşısına yollanıb:

 

“Onları mühasirəyə aldıq, ikisini əsir aldıq qalanlar qaçdılar. Əsas qəribə gələn isə Surət Hüseynovda olan silah-sursat idi. Mənim zabitlərim çağırıb onun qarajında olan sursatları göstərdilər. Müharibədə bizim bəzi əsgərlərimizə silah çatmırdı, onun qarajı isə dolu idi. Eyni zamanda AQS-17 qumbaraatanı belə onun qarajında mövcud idi. Bu silahla dəqiq hədəfləri vurmaq olurdu. Aprel ayında Müdafiə Nazirliyində sursat bitmişdi, amma Surət Hüseynovda var idi. Biz onların qarşısını almağı bacardıq. Ulu Öndər Heydər Əliyev çıxışında Rövşən Əkbərovun və mənim adımı xüsusilə vurğuladı. Surət Hüseynov dövlət çevrilişi etmək istəyirdi, bunu niyə gizlədək?! O baş nazir idi, elə-belə vəzifə daşımırdı. Onlar dövlətə qarşı çevrilişə cəhd etdilər. Azərbaycan ordusu Ulu Öndərə və xalqımıza sadiq qaldılar və bu qiyam yatırıldı”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI