“Türkiyə-Ermənistan arasındakı münasibətlərin normallaşması, paralel olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret addımların atılması məsələlərində proseslər ciddiləşir”.
Bunu Modern.az saytına Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov deyib. O, bildirib ki, Türkiyə XİN rəhbəri Əhməd Davudoğlunun Ermənistana səfəri çərçivəsində apardığı danışıqlar və ABŞ dövlət katibi Con Kerrinin İrəvana planlaşdırılan səfəri proseslərin intensivliyindən xəbər verir.
Politoloqun sözlərinə görə Ə. Davudoğlunun İrəvana səfər etməzdən əvvəl Türkiyə və Ermənistan mətbuatının gündəmə gətirdiyi “Yol Xəritəsi” planı qəbuledilməz şərtləri özündə ehtiva edir. Analitik vurğulayıb ki, Ermənistan Davudoğlunun İrəvana səfəri zamanı da qeyri-konstruktivlik nümayiş etdirib. “Ermənistan qeyd etdi ki, Türkiyə ilə sərhədlərin açılmasında maraqlı olsa da, rəsmi Ankara bununla bağlı hər hansı bir şərt irəli sürməməlidir. Burada əsas söhbət işğal olunmuş Azərbaycan torpaqlarından gedir. Türkiyə dövlətinin Ermənistanla sərhədlərin açılması məsələsində birmənalı mövqeyi var. Hələ ki, Ermənistan tərəfinin konkret bir addım atmadığı göz önündədir. Bu kontekstdən ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerrinin İrəvana səfəri də böyük maraq doğurur. Hesab olunur ki, Türkiyə-Ermənistan münasibətlərinin bərpa edilməsi layihəsinin müəllifi olan ABŞ bunu reallaşdırmaq üçün Ermənistanın müəyyən güzəştlərə getməsini istəyir. Güzəştlər olmasa, bu layihə reallaşmayacaq”-deyə E. Nəsirov bildirib.
Siyasi ekspert Cənubi Qafqazda Türkiyənin aktiv siyasət yürüdəcəyi təqdirdə, Rusiya faktorunun əngəlləyici amil olması barədə də məsələləri şərh edib. Analitik hesab edir ki, Rusiyanın 2012-ci ildə xarici siyasət konsepsiyasına imza atan V. Putin regionda digər oyunçuların iştirakını məhdudlaşdırmaq niyyətindədir. “Həmin konsepsiyada Rusiyanın bir nömrəli prioriteti Cənubi Qafqaz başda olmaqla MDB məkanı elan edilib. Bölgədə monopolist mövqedə məhz Rusiya qalmaq istəyir. Bu prizmadan yanaşdıqda, bu qənaətə gəlmək olar ki, Türkiyənin regionda güclənmə tendensiyası və fəallığı Rusiyada müsbət qarşılana bilməz və Kreml bunun əleyhinədir. Rusiya həm də onun fərqindədir ki, forpostu Ermənistanla heç bir sərhədi yoxdur. Böhran içərisində olan Ermənistana müəyyən dəstək lazımdır. Bu dəstək isə Türkiyədən gələ bilər”-deyə politoloq qeyd edib.
Aqşin Kərimov