Modern.az

Deputat: “Rusiyada 206 min azərbaycanlı risk qrupundadır” - AÇIQLAMA

Deputat: “Rusiyada 206 min azərbaycanlı risk qrupundadır” - AÇIQLAMA

13 Dekabr 2013, 14:25


Moskvada səfərdə olan Milli Məclisin bir qrup deputatı Bakıya qayıdıb. Nümayəndə heyətinə başçılıq edən parlament sədrinin müavini, Valeh Əsgərov deputatlardan ibarət qrupla və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun iştirakı ilə bir sıra rəsmilərlə görüş keçirib. Görüşdə iştirak edən millət vəkili Elmira Axundova Modern.az-a açıqlamasında bildirib ki, Valeh Əsgərov Rusiya Federasiya Şurası sədrinin müavini,  İlyas Umaxanov, Federal Miqrasiya Xidməti rəhbərinin birinci müavini Yekaterina Yeqorova  ilə keçirilən görüş zamanı bir sıra problemlərdən danışıb.

“İclas zamanı bir çox məsələlər müzakirə olundu. Əsasən Samur keçid məntəqəsinin vəziyyəti və Rusiya-Azərbaycan keçid məntəqəsində yeni körpünün tikilməsi məsələsini Valeh müəllim iclas zamanı problem olaraq qaldırıb. Valeh Əsgərov ciddi təkidlə qeyd etdi ki, Azərbaycan tərəfində problem yaşanmadığı halda Rusiya gömrüyündə əngəllər yaradılır. O bildirdi ki, camaatı köhnə avtobuslarda qarşı tərəfə keçirdirlər və saatlarla gözlədirlər. Buna görə də vəziyyətin dəyişdirilməsi məsələsi müzakirə olundu”-deyə E. Axundova qeyd edib.

Deputat qeyd edib ki, iclas zamanı yeni körpünün tikintisi ilə bağlı maliyyə imkanlarının araşdırıldığı barədə də söz açılıb. Onun  sözlərinə görə qərara alınıb ki, yeni keçid məntəqəsi bir il yarıma tikiləcək. “Lakin biz il yarımda camaatın əziyyət çəkməməsi üçün ciddi surətdə tədbirlərin görülməsini vurğuladıq. Bundan başqa Azərbaycan gəmilərinin Volqa-Don kanalı vasitəsilə keçməsi məsələsi də müzakirə olunub. Biz Rusiya tərəfinin nəzərinə çatdırdıq ki, onlar kvota üzrə  icazəni bir il qabaq  versələr də,  fors-major vəziyyət yarana bilər. Xahiş etdik ki, Azərbaycan üçün bir neçə yer də ayrılsın. Bununla yanaşı Rusiyada yaşayan azərbaycanlı miqrantlar haqqında da söhbətlər etdik. Həm V. Əsgərov həm də Polad Bülbüloğlu ciddi bəyanatlarla çıxışlar etdi. Azərbaycanlı tələbələrin Rusiyaya gediş-gəlişi ilə bağlı problem qaldırılan zaman bizə dedilər ki, bunlar yalnız texniki çətinliklərdir. Qərara alındı ki, Rusiya  Miqrasiya xidməti soydaşlarımızla rəhbərlik səviyyəsində görüşüb problemi həll etsinlər. Bizə bildirdilər ki, Rusiyada yaşayan  206 min Azərbaycan vətəndaşı risk qrupuna daxildir”-deyə millət vəkili görüşün təfərrüatları barədə danışıb.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı