Modern.az

Müharibənin birinci ilində dəhşətli rəqəmlər - Dünya liderləri mesaj VERDİ

Müharibənin birinci ilində dəhşətli rəqəmlər - Dünya liderləri mesaj VERDİ

7 Oktyabr 2024, 14:54

Bu gün İsrail və HƏMAS arasında genişmiqyaslı müharibənin başlamasından bir il ötür. 
 

Müharibə ötən ilin oktyabrın 7-də HƏMAS silahlılarının İsrailə hücumu ilə başlayıb. Ardınca İsrail Qəzza zolağına zərbələr endirib və anklav ərazisində quru əməliyyatına başlayıb. İsrailin məlumatına görə, HƏMAS hücum zamanı 1200-ə yaxın insanı öldürüb, 250-yə yaxın insanı isə girov götürüb. Qəzzadakı Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hərbi hücumu 42 minə yaxın fələstinlinin ölümünə səbəb olub.


Modern.az-ın məlumatına görə, İsrail ordusu müharibə ilə bağlı bir sıra rəqəmləri açıqlayıb. Məlumata görə, İsrail ötən bir ildə Qəzza zolağında 40 000-dən çox hədəfi bombalayıb, 4 700 tunel girişi aşkarlayıb və 1 000 raket buraxılış məntəqəsini məhv edib. 
 

Açıqlamada 7 oktyabr 2023-cü ildən bəri 726 İsrail əsgərinin öldürüldüyü bildirilir. Onlardan 380-i 7 oktyabr hücumlarında, 346-sı isə 27 oktyabr 2023-cü ildən başlayan döyüşlərdə həlak olub.


Həmin tarixdən etibarən 4576 İsrail ohərbçisi yaralanıb, müəyyən edilməyən əməliyyat qəzaları nəticəsində isə 56 əsgər ölüb. İsrail ordusu müharibə başlayandan bəri 300.000 ehtiyatda olan hərbçilərin 82%-nin kişi, 18%-nin qadın, təxminən yarısının 20-29 yaş arasında olduğunu bildirib. Müharibə başlayandan bəri Qəzzadan İsrailə 13200 raket atılıb. 12,400 raket Livandan, 60 raket Suriyadan, 180 raket Yəməndən, 400 raket isə İrandan atılıb.

 

Müharibənin başlamasının birinci ildönümü ilə əlaqədar müxtəlif ölkələrin liderləri açıqlama veriblər. Modern.az onlardan bəzilərini təqdim edir.

 

Böyük Britaniyanın Baş naziri Kir Starmer: 7 oktyabr 2023-cü il "Holokost"dan sonra yəhudi tarixində ən qaranlıq gün oldu. Bu dəhşətli hücumlardan bir il sonra biz birmənalı olaraq yəhudi icmasının yanında olmalıyıq və ölkə olaraq birləşməliyik. Mən Qəzzada və Livanda dərhal atəşkəs və Qəzzaya humanitar yardımla bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması çağırışımı təkrarlayıram. 

 

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen: Mən bir daha və ən sərt şəkildə bu barbar hücumları qınayıram. Bir ildir ki, Qəzzada humanitar vəziyyət dəhşətlidir. Avropa İttifaqı maliyyə yardımını səfərbər etmək və humanitar yardımın Fələstin xalqına və indi Livana çatdırılmasını və paylanmasını asanlaşdırmaq üçün əlindən gələni etməyə davam edəcək. 

 

Almaniya kansleri Olaf Şolts: Biz sizinlə birlikdə dəhşət, ağrı, qeyri-müəyyənlik və kədər hiss edirik. Biz sizin tərəfinizdəyik... Həmas terrorçuları ilə mübarizə aparılmalıdır. Buna görə federal hökumət atəşkəsə, girovların azad edilməsinə və siyasi prosesə çağırır.

 

BMT-nin Baş katibi Antonio Quterreş: Bu, dünya ictimaiyyətinin HƏMAS-ın iyrənc əməllərini, o cümlədən girov götürməni tamamilə pislədiyimizi ən yüksək səslə təkrarlaması üçün bir gündür. Keçən il ərzində mən girovların ailələri ilə görüşdüm... onların yaxınlarının həyatı, ümidləri və arzuları haqqında daha çox öyrəndim... onların iztirab və ağrılarına şərik oldum.

 

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa: Bu gün Fələstin xalqına qarşı 43,000-dən çox insanın həyatına son qoyan hücumun başlamasından bir il ötür. İsrailin onilliklər ərzində fələstinlilərə qarşı törətdiyi zorakılıq ötən il oktyabrın 7-də HƏMAS və digər Fələstin silahlı qruplarının İsrailə hücumundan sonra güclənib. Cənubi Afrika olaraq, 7 oktyabr 2023-cü ildə İsraildə mülki vətəndaşlara qarşı törədilən vəhşiliyi pislədik, çünki istənilən kontekstdə mülki şəxslərin öldürülməsini pisləyirik.

 

Avstraliyanın baş naziri Entoni Albanez: Biz o gün HƏMAS-ın hərəkətini birmənalı olaraq pislədik. Oktyabrın 7-də baş verən vəhşiliklərdən bəri yəhudi avstraliyalılar antisemitizmin soyuq kölgələrinin günümüzə qədər uzandığını hiss edirlər və millət olaraq bir daha heç vaxt baş verməyəcəyini deyirik. Biz birmənalı olaraq hər cür önyarğı və nifrəti pisləyirik. Avstraliyada insanlara hər hansı bir inanca qarşı ayrıseçkilik üçün yer yoxdur.

 

Fransa Prezidenti Emmanuel Makron: 7 oktyabr, Ağrı bir il əvvəl olduğu kimi canlı olaraq qalır. İsrail xalqının ağrısı. Bizim ağrımız. Yaralı insanlığın ağrısı. Qurbanları, girovları, yoxluqdan və ya gözləmədən ürəyi ağrıyan ailələri unutmuruq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək