
“Çin Xalq Respublikasından gətirilən və Azərbaycanda satışa çıxarılan bir çox yeni il yolkaları standartın tələblərinə cavab vermir”. Bunu
Modern.az-a açıqlamasında Standartlaşdırma və Patent Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı satış mərkəzlərində satılan yeni il atributlarının keyfiyyəti barədə açıqlama verərkən bildirib. F.Talıblının sözlərinə görə, adicə xarici görünüşcə, iyi, qoxusu baxımından o yolkaların süni materiallardan hazırlanması ilə yanaşı çox keyfiyyətsiz xammaldan hazırlandığı ortaya çıxır. “Çox təəssüf ki, iri topdan satış mərkəzlərində satılan bir sıra yolkalar standartlara uyğun deyil. Keyfiyyətli oyuncaqların rəngi davamlı olmalı, üzərindəki elementlər qopmamalı, yolkanın budaqları qopmamalıdır və s. Burda həm azyaşlıların sağlamlığından, həm ümumi istehlakçı hüquqlarının qorunmasından söhbət gedir. Müraciət edən tərəf üçün və yaxud şikayət daxil olursa, onların təhlükəsizliyini yoxlayırıq”. Komitə sözçüsü bildirib ki, sahibkarlar əgər öz məhsullarının keyfiyyətli olduğunu iddia edirlərsə, laboratoriyaya müraciət etməlidirlər. “Onlar mallarını labaratoriyaya təqdim edib nümunə-sınaqların nəticəsinə uyğun olaraq məhsullarını sertifikatlaşdıra bilərlər. Labaratoriya bunu təsdiq edəcəksə biz deyə bilərik ki, bu standarta uyğundur”. F.Talıblı onu da qeyd edib ki, Çindən gələn hər məhsulu da keyfiyyətsiz hesab etmək olmaz: “Çindən də elə yolkalar gətirilir ki, çox keyfiyyətlidir. Çin Xalq Respublikasının adı çəkilən kimi keyfiyyətsiz məhsul yada düşməməlidir. Çindən keyfiyyətli mallar da gəlir. Amma keyfiyyətsiz daha çox gəlir”.
Misranə Həsənzadə