Modern.az

“Ukraynanı itirən Rusiya Cənubi Qafqazda möhkəmlənməyə cəhd edə bilər” - ŞƏRH

“Ukraynanı itirən Rusiya Cənubi Qafqazda möhkəmlənməyə cəhd edə bilər” - ŞƏRH

13 Dekabr 2013, 16:44


“Yanukoviç hökuməti Avropa Birliyi ilə sazişi imzalamaqdan imtina etdi. Bu addım sonra Ukrayna əhalisinin sərt reaksiyası ilə üzləşdi. Ukrayna hökumətini müdafiə edən görmədik. Təbii ki, bu, Rusiyanın mövqeyini zəiflədir”. Bunu Modern.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. O bildirib ki, Rusiya Ukraynanı təsir dairəsində saxlamaq üçüm əlindən gələni edib: “Yanukoviç sazişi imzalamamasının səbəblərini açıqlayanda demişdi ki, buna Rusiyanın təzyiqləri səbəb olub. Ukraynadakı vəziyyəti əlindən verən Rusiya Cənubi Qafqazda möhkəmlənməyə cəhd edə bilər ki, analoji hadisələr bu bölgədə baş verməsin. Rusiya Cənubi Qafqazda olan ölkələrdən birini artıq itirib. Gürcüstan artıq sazişi imzalayıb. Rusiya çalışır ki, Gürcüstanı təsir altında saxlasın. Hər halda bu baş tutmadı. Digər tərəfdən, Ermənistan Rusiyadan tam asılı olan bir ölkədir. Azərbaycan neytral mövqe göstərməyə çalışır. Deməli, Rusiyanın Cənubi Qafqazda başlıca problemi Azərbaycanla ola bilər”.

Politoloq qeyd edib ki, yaxın zamanlarda olmasa da, müəyyən bir zaman kəsimindən sonra Rusiyanın Azərbaycana təzyiqlərinin olacağını gözləmək olar: “Təbii ki, bu, nəzəridir. Praktik baxımdan demək olar, Rusiya Avropa Birliyinin genişlənməsi amili ilə razılaşıb. Sadəcə, həmin genişlənmə ilə yanaşı, NATO-nun da genişlənməsi baş verməzsə və buna təminat verilərsə, deyək ki, bu ölkələr sonradan NATO üzvlüyünə qəbul edilməyəcəksə, Rusiya bununla hesablaşacaq”.

Ə. Oruclu “Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” inteqrasiya və əməkdaşlıq proqramı çərçivəsində Ermənistan 25 milyon dollar pul ayırıb, amma Azərbaycana pul ayırmayıb. Bunu necə izah edə bilərsiniz” sualına belə cavab verib: “Əslində bunu normal qarşılamaq lazımdır. Ermənistanın pula ehtiyacı var, Azərbaycanın isə yoxdur. Bu həm də Ermənistana bir mesajdır ki, Avropa Birliyi ilə əməkdaşlığa üstünlük verərsə, o ölkəyə yardım oluna bilər. Tutaq ki, Azərbaycana 25 milyon dollar ayırdılar, buna ehtiyac varmı? Mən güman etmirəm”.

Politoloq böyük güclərin Cənubi Qafqaz uğrunda müharibə aparmayacaqlarını vurğulayıb: “Müharibə olmayacaq. Çünki müharibə güc dövlətlərinin maraqlarına cavab vermir”.

İlkin PİRƏLİ 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı