“Bir vaxtlar, milli hislər cuşa gələndə mən də o fikirdə idim. Fikirləşirdim ki, Yeni il sonradan gəlmiş bir bayramdır, əsl yeni ilimiz Novruz bayramıdır. Amma indi fikrimi dəyişmişəm“.
Bunu Modern.az-a açıqlamasında Milli Məclis üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov deyib.
“Yeni il bütün dünyanın qəbul etdiyi bir hadisədir. Bütün dünya bunu qəbul edirsə, istər-istəməz biz bu təqvimi qəbul edib, bu təqvimlə yaşayırıqsa, bayramı da qeyd etməkdə qəbahətli bir şey görmürəm. Gənc nəsil, uşaqlar bunu mənimsəyiblər, bununla yaşayırlar, xoşlarına gəlir. Bu səbəbdən də Yeni il bayramından imtina edə bilmərik. Burda təhlükəli heç nə yoxdur. Düşünürəm ki, bu sahədə mütəxəssislər, mədəniyyət, incəsənət işçiləri yeni milli formalar tapmalıdır. Qarımız, şaxtamız varsa, Şaxta baba və Qar qız da olmalıdır. Bu mənada düşünürəm ki, buna qarşı çıxmaq düzgün mövqe deyil. Yeni il şənlənməkdir, nikbinlik gətirən bir şeydir. Həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün 31 dekabra salınması daha da yaxşı oldu. Konkret tarixlə bağlı olmasına baxmayaraq, o da bir canlılıq gətirir”.
Gülşən Raufqızı