Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov işdən azad olunmaq barədə ərizəsini təqdim etsə də, hələlik onun ərizəsinə rəsmi cavab verilməyib. Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, qanunvericiliyə əsasən, universitetlərə rektorların təyin olunması və vəzifədən çıxarılması məsələləri ölkə Prezidentinin səlahiyyətlərinə daxildir.
İşdə olmayan ali məktəb rektorunun səlahiyyətləri isə müvəqqəti olaraq həmin təhsil müəssisəsinin prorektoruna həvalə edilir.
Rəsmi sərəncam olmasa da, Nadir Qəhrəmanov işdən çıxarılmış sayılır.
Modern.az-a məlum olub ki, artıq universitetin rektor əvəzi də məlumdur. Bu, tədris işləri üzrə prorektor, professor Əkbər Ağayevdir. Artıq o, rektor səlahiyyətlərinin icrasına başlayıb.
Təhsil Nazirliyindən isə universitetdəki işləri nazirin müşaviri Elxan Hüseynov koordinasiya edir.
Qeyd edək ki, SDU-nun rektoru Nadir Qəhrəmanov işdən azad olunmaq barədə ərizə təqdim etdikdən sonra Təhsil Nazirliyi tərəfindən universitetdə yoxlamalara başlanılıb.
Aytən ƏLİYEVA