Modern.az

Müəllim olmaq istəyənlər qabiliyyət imtahanı versin! - TƏKLİF

Müəllim olmaq istəyənlər qabiliyyət imtahanı versin! - TƏKLİF

Təhsil

8 Oktyabr 2024, 17:45

Azərbaycanda müəllimlik ixtisasına qəbulun iki mərhələdə aparılması təklif edilib. 

 

Bu barədə Modern.az-a Elm və Ali Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə açıqlama verib.

 

O qeyd edib ki, müasir dünya dəyişib, inkişaf edib, yeniləşib. Yeniliklər öz sürətini anbaan artırır. Bu, müəllimlik ixtisasının qarşısına qoyulan tələblərin də artmasını şərtləndirir:

 

"Günün reallığında müəllim həm də yaxşı texnoloq, menecer, mühəndis olmalıdır. Məsələnin belə qoyuluşu müəllimlik peşəsini seçən gənclərdən xüsusi bacarıq və səriştələr tələb edir. Bu bacarıq və səriştələr onların təbii quruluşunda duran qabiliyyətlər üzərində formalaşır. Əgər müəllimlik peşəsini seçən gənc ondan gözlənilən və tələb olunan qabiliyyətlərə malik deyilsə, deməli, təhsil aldığı illərdə müvafiq bacarıq və səriştələrə yiyələnə biləcəyi də inandırıcı deyil.

 

Pedaqoji-psixoloji ədəbiyyatda müəllimlərin peşəkarlıq qabiliyyətlərinə didaktik, akademik, təşkilati, kommunikativ, suqqestiv, perseptiv və s. aid edilir. Didaktik, akademik, təşkilati qabiliyyətlər müəllimin peşə qabiliyyətləri kimi xarakterizə olunursa, kommunikativ, suqqestiv, perseptiv qabiliyyətlər müəllimin şagirdlərlə ünsiyyət sahəsinə aiddir. Beləliklə, aydın olur ki, müəllimin peşəkarlığı üçün zəruri olan qabiliyyətlər pedaqoji ictimaiyyətə məlumdur. Pedaqoji kadr hazırlayan ali məktəblərdə bu məsələ ilə bağlı çoxsaylı metodiki yeniliklər həyata keçirilir. Hazırda bu sahədə nəzərəçarpacaq mühüm irəliləyişlər vardır. Amma biz hələ də hazırlanan müəllim kadrlarında onların peşə fəaliyyəti üçün vacib olan bacarıq və səriştələrin yetərincə formalaşması haqqında danışa bilmirik. Bunun əsas səbəblərindən biri - seçdikləri peşənin tələbələrin  təbii qabiliyyətlərinə uyğun olmamasıdır".

Professor deyir ki, qabiliyyət temperament və xarakter kimi təbii-irsi xüsusiyyətlərdən biridir.

 

"Əgər bir insanın təbiətində hansısa qabiliyyət yoxdursa, təlim-tərbiyə yolu ilə həmin qabiliyyəti inkişaf etdirmək mümkünsüzdür. Bu məsələ Hovard Qardnerin "İntellektin tipologiyası" nəzəriyyəsində aydınlaşdırılmışdır. Hazırda pedaqoji elmlərdə qabiliyyətlərin təsnifatı üzrə aparılan işlər bu nəzəriyyəyə əsaslanır. Onun nəticələri bütün dünyada pedaqoq və psixoloqlar tərəfindən uğurla tətbiq edilir. İnkişaf etmiş dünya ölkələrində təmayül siniflərinin genişlənməsində bu ideya aparıcı rol oynayır. Şagirdlər təmayül siniflərə qabiliyyətlərinə görə seçilirlər. Ölkəmizdə də belə təmayül siniflər fəaliyyət göstərir, lakin həmin siniflərə şagirdlərin təmayüllərə müvafiq qabiliyyətlər əsasında necə seçilməsi tam aydın deyil. Təcrübə göstərir ki, həmin seçimlərdə daha çox riyazi-məntiqi və linqvistik tipli intellekti olan şagirdlərə üstünlük verilir. Təhsil prosesi də buna uyğun qurulur. 

 

Ali məktəblərə qəbul zamanı ixtisas seçimi abituriyentlərin öz ixtiyarına buraxılır. Onların bilikləri test imtahanı vasitəsi ilə yoxlanılır və yığdıqları ballar əsasında ali məktəblərə qəbul olunurlar. Bu zaman abituriyentlər ixtisası əsasən iki meyara görə - "tələb olunan (prestijli) ixtisaslara" və "topladıqları bala" görə seçirlər. Belə meyarlarla ali məktəbə qəbul olan tələbələrdə idrakı motivlər aşağı səviyyədə olur. Əlbəttə, ali məktəblərə ixtisası üzrə qabiliyyətinə görə qəbul olan tələbələr də yox deyildir.  

 

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşlarının fədakar əməyi nəticəsində ali məktəblərə qəbul prosesində həm metodoloji, həm də metodiki baxımında günün tələblərinə uyğun yeniliklər həyata keçirilir və bu proses davamlı xarakter daşıyır. Bu il DİM-in Direktorlar Şurasının sədri Məleykə xanım Abbaszadə müsahibələrində tamamilə haqlı olaraq, abituriyentlərin ixtisas seçimini düzgün aparmadıqlarını qeyd edib və növbəti il üçün qəbul prosesində dəyişikliklərin olacağını bildirib", - Şuranın sədri qeyd edib.

 

Hikmət Əlizadə yeniliklər çərçivəsində müəllimlik ixtisasına qəbulun DİM tərəfindən iki mərhələdə aparılmasının daha məqsədəuyğun ola biləcəyini vurğulayıb.

 

Onun sözlərinə görə, birinci mərhələ test imtahanı, ikinci mərhələ isə qabiliyyət imtahanı olmalıdır:

 

"Test imtahanla əlaqədar artıq geniş təcrübə toplanıb. İkinci mərhələdə xüsusi qabiliyyət testləri vasitəsi ilə abituriyentlərin qabiliyyətlərini müəyyən edərək, onları müvafiq ixtisaslara istiqamətləndirmək olar. İmtahanların belə təşkili vasitəsi ilə biz abituriyentlərin həm bilik səviyyəsini, həm də müəllimlik ixtisasına qabiliyyətini müəyyən etmək imkanı əldə etmiş olarıq. Hesab edirik ki, qəbul imtahanında belə yenilik edə bilsək, müəllim hazırlığının daha yüksək səviyyəyə qalxmasına nail ola bilərik. Bu modeli tədricən digər ixtisaslar üzrə tələbə qəbuluna da şamil etmək mümkündür".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI