“Milli Şura gələcəkdə hər hansı bir nəticə əldə edə bilməyəcək”. Bunu Modern.az-a politoloq Zərdüşt Əlizadə Milli Şuranın perspektivi haqqında danışarkən deyib. O bildirib ki, hakimiyyətin təzyiqləri, həbslər də Milli Şuranın fəaliyyətinə mənfi təsir edən amillərdəndir. Milli Şura daxilindəki ziddiyyətlərdən də söz açan siyasi ekspert hesab edir ki, bu tendensiyanın müşahidə edilməsi normaldır.
“Müxalifətin başqa bir imkanı yoxdur ki, gündəmdə qalsın. Diqqəti cəlb etmək üçün süni ziddiyyətlər yaradırlar”, – deyə Z. Əlizadə qeyd edib.
Xatırladaq ki, Rüstəm İbrahimbəyovun Milli Şuranın sədrliyindən getməsindən sonra təşkilat daxilində mübahisələr bir qədər də dərinləşib. R. İbrahimbəyova fəxri sədr statusunun verilməsinə etiraz edən Müsavat Partiyasının qurumdan çıxması məsələsi də gündəmə gəlib.
Aqşin Kərimov