Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azəırbaycan Departamenti İranda son həftənin ictimayi–siyasi mənzərəsiylə bağlı analitik icmal yayıb.
İranda qeyri-fars etnik qruplar və dini azlıqlarla bağlı məsələləri üzrə prezident Həsən Ruhaninin baş yardımçısı təyin edilmiş sabiq təhlükəsizlik naziri Əli Yunesi ölkədə insanların etnik və dini mənsubiyyətinə görə ayrı-seçkilik və məhdudiyyətlərlə qarşılaşdığını inkar edib.
“Etnik bölgələrdə yaşayan xalqın nümayəndələri azlıq olduqları üçün məhrum olunmuş kimi hiss edə bilər, halbuki onların durumu qeyri-etnik bölgələrdən belə daha yaxşı ola bilər. İranda çatışmazlıqlar vardır, ancaq bunun etnik mənsubiyyətlə əlaqəsi yoxdur... bəlki etnik bölgələr və qeyri-etnik bölgələrdəki əhali bu xüsusda fərqli düşünür. Belə düşünmənin bir səbəbi rəqiblər və düşmənlər tərəfindən, eləcə də xaricdən gələn təbliğatdır...” deyə Əli Yunesi Arman qəzeti ilə müsahibəsində söyləyib.
İranın siyasi çevrələrində fars və qeyri-fars terminləri yerinə adətən qeyri-etnik və etnik terminləri işlədilir.
Sabiq təhlükəsizlik naziri müxtəlif bölgələrdə vəziyyəti təsvir edib. “Misal üçün Tehranın şimalında əhalinin durumu yaxşıdır, lakin paytaxtın cənub hissəsində və ya ətraf şəhərlərdə əhalinin qarşılaşdığı məhrumiyyətlər Bəluçistan vilayətindən də artıqdır,” deyə prezidentin azlıqlar üzrə yardımçısı qeyd edib.
Azərbaycan veb səhifələrində yayılmış hesabatlara istinadən türklərin sıx yaşadığı Tehranın cənub bölgələrində əhalinin əksəriyyəti İranın yoxsul vilayətlərindən paytaxta mühacirət etmiş etnik və dini azlıqlardan ibarətdir.
Yunesi müsahibəsində ana dilində təhsil haqqı ilə bağlı heç nə deməyib. Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq insan haqları qruplarının bəyanatlarında ana dilində təhsilin təmin edilməməsini İranda qeyri-fars icmalara qarşı ayrı-seçkiliyin ən bariz göstəricilərindən biri kimi qeyd edilir.
Bu arada İran prezidenti sanksiyaların ölkə iqtisadiyyatına təsirlərini açıqlayıb
“İranın nüvə fəaliyyətləri dinc məqsədlidir və belə də qalacaq. Biz öz nüvə haqqımızdan, o cümlədən uranın zənginləşdirilməsi hüququmuzdan vaz keçməyəcəyik”.Bu fikirləri İran prezidenti Həsən Ruhani dekabrın 8-də Çin prezidentinin xüsusi nümayəndəsi Yanq Jiye Çi ilə görüşündə səsləndirib.
İran prezidenti 2014-cü ilin dövlət büdcəsi layihəsini parlamentə təqdim edərkən beynəlxalq sanksiyalara da toxunub. H.Ruhani bildirib ki, sanksiyalar ölkə iqtisadiyyatına əsasən 4 istiqamətdə təsir göstərib: “Belə ki, sanksiyalar səbəbindən gələcəyi indidən proqnozlaşdırmaq mümkün olmur. Bundan əlavə, sanksiyalar daha çox ölkədə “qara bazar”ın inkişafına yol açıb, bank əməliyyatlarını məhdudlaşdırıb və neft satışının qarşısını alıb”.Göründüyü ki,Həsən Ruhani sanksiyalarınyanlız İran rejiminə vurduğu ziyanlarsdan gileylənib amma məlum olduqu kimi sanksiyalardan öncədə iranda rejimin yanlış siyasəti və hakimiyyətdə təmsil olunan məmurların ölkə sərvətini mənimsəsi iran əhalisinin əksəriyyətinin yoxsul duruma düşməsinə səbəb olub.Son zamanlarda İranda yeni siyasi partya yaranmasıilə bağlı xəbər yayılıb.İranda olan mənbələrimizin verdiyi məlumata görə, yeni siyasi partiya İranlıların Ümid Fondunun prezidenti Məhəmmədrza Arif və digər tanınmış siyasətçilər tərəfindən yaradılır.M. Arif bildirib ki, hazırda bununla bağlı yaradılmış işçi qrupu ciddi şəkildə işləyir: “Lakin hələlik qəti nəticəyə gəlməmişik. Əlbəttə, qəti nəticəyə gələcəyimiz gün yekun qərarımızı açıqlayacağıq. Mən inanıram ki, ölkənin siyasi uğurları təşkilatlar çərçivəsində mümkündür. Biz də ölkədə böyük siyasi partiyaların olmadığını görürük. Hazırda ölkədəki vəziyyəti, siyasi qruplar və təşkilatları qiymətləndiririk. Əgər partiya çərçivəsində siyasi fəaliyyət göstərmək qərarı olsa, onda daha çox siyasi partiya və təşkilatlar arasında əməkdaşlıq və inteqrasiyanın gücləndirilməsini təşviq edəcəyik”.
Onun sözlərinə görə, İranlıların Ümid Fondu qeyri-siyasi qurum olmaqla yanaşı, partiyanın da bir növüdür: “Bu təşkilat əsasən strateji, xüsusilə elmi, sosial və mədəni sahələrdə fəaldır”.
M. Arif deyib ki, onlar əsasən növbəti parlament seçkilərində iştirak etməyi planlaşdırırlar.
Qeyd edək ki, M. Arif 1997-2000-ci illərdə Məhəmməd Xatəminin hökumətində poçt, teleqraf və telefon naziri, 2001-2005-ci illərdə isə onun birinci müavini işləyib. 2013-cü il iyunun 15-də İranda keçirilmiş prezident seçkilərində islahatçılar düşərgəsindən ölkə prezidentliyinə namizəd olsa da, ancaq sonradan öz namizədliyini hazırkı prezident Həsən Ruhaninin xeyrinə geri götürüb.
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın“Time” jurnalına verdiyi müsahibədə deyib ki, ABŞ Konqresi yeni sanksiya tətbiq etsə, nüvə anlaşması darmadağın olacaq.
O, konqresmenlərdən bəzilərinin yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fikirlərinə işarə edərək, deyib ki, bu baş verərsə nüvə razılaşması pozulacaq.
“Biz təzyiq altında müzakirə etməyi xoşlamırıq. Əgər Konqres yeni sanksiyaları tətbiq etsə bu onların ciddi olmadığını göstərir. ABŞ daxilində ixtilaflar barədə xəbərdaram. Amma bu onlara bəraət qazandırmır. Mənim arxamda da parlament var. Əgər danışıqlar və razılaşmaya əməl edilməsə mənim parlamentim də yeni qərarlar qəbul edəcək. Biz də öz parlamentimizdən xahiş etmişik ki, əl saxlasınlar. Biz ciddiyik”- İran xarici işlər nazirliyinin rəhbəri deyib.Buna bənzər fikirləri ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyalar rejimini sərtləşdirməyə yenidən söz verib, əgər o, Cenevrədə əldə olunmuş sazişə əməl etməsə.
"Biz sanksiyalar rejiminin mahiyyətini yumşaltmırıq, lakin Tehrana kiçik pəncərə veririk. Əgər yaxın altı ay ərzində İran sazişə getmək istəmədiyini göstərsə, biz sanksiyalara doğru qayıdacağıq", - Obama Vaşinqtondakı Brukinqs adına tədqiqat institutunda öz çıxışında deyib.
Amerika prezidenti vurğulayıb ki, İrana qarşı tətbiq edilmiş sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi təsir göstərib.
"İran iqtisadiyyatının həcmi ötən il təxminən 5 faiz azalıb. Tətbiq etdiyimiz sanksiyalar ona gətirib çıxarıb ki, Tehranın neft satışından gəlirləri təxminən iki dəfə azalıb", - Obama bildirib.
Bunlarla yanaşı Vyanada İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində keçirilən nüvə müzakirələri başa çatıb.
İran nümayəndə heyəti dördgünlük danışıqlardan sonra dekabrın 12-də axşam saatlarında müzakirələri dayandıraraq məsləhətləşmələr üçün Tehrana qayıdıblar. Danışıqların nəticələri ilə bağlı heç bir rəsmi məlumat verilməyib.
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri dekabrın 9-da axşam saatlarında AEBA-nın mənzil-qərargahında başlayıb. Danışıqlarda agentliyin mütəxəssisləri də müşahidəçi qismində iştirak edirlər. Müzakirələrdə Cenevrə razılaşmasının müddəalarının icraya yönəldilməsi əsas müzakirə mövzusu olub. Danışıqlarda Tehranı İran Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi məsələlər şöbəsinin müdiri Həmid Bəidinejadın rəhbərliyi altındakı nümayəndə heyəti təmsil edib. Onların arasında İran Mərkəzi Bankının və Neft Nazirliyinin nümayəndələri də olub və məqsəd bu ölkənin bank və neft sektoruna qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması üçün müzakirələr aparmaq mahiyyəti daşıyıb. “Altılıq” ölkələrinə isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Ştefan Klement rəhbərlik edəcək.
Güney Azərbaycanda “21 Azər” Azərbaycan Milli Hökumətinin yaranmasının 68-ci ildönümü münasibəti ilə müxtəlif tədbirlər həyata keçirilib.
Məlumata görə, bu tarixi gün münasibəti ilə xalqımız bir-birinə telefon vasitəsi ilə SMS-lər göndərib və tarixi əhəmiyyətli milli günü ağırlayıblar.
SMS-lərdə “Azərbaycan Milli Hökumətinin quruluş gününü millətimizə təbrik deyirik”, ““21 Azər” xalqımızın özgürlük bayramı Azərbaycan millətinə qutlu olsun”, “Bayramınız mübarək” və s. Kimi mətnlər yazılıb. Oxşar məzmunlu SMS-lər Tikantəpədə (Tikab) də geniş yayılıb.
Son günlərdə Güney Azərbaycanın müxtəlif bölgələrində gizlicə divarlar yazılıb və iclaslar keçirilib. Təbrizdə çoxsaylı CD-lər də paylanılıb. CD-lərdə “21 Azər” Milli Hökumətinin təsis edilməsi ilə bağlı məlumat yerləşdirilib.
Güney Azərbaycanın Qoşaçay şəhərində Azərbaycan Milli Hökumətinin yaranmasının 68-ci ildönümü münasibəti ilə mərasim keçirilib. Lakin “21 Azər” şəhidlərindən birinin məzarı ətrafında toplaşan mərasim iştirakçılarından bir çoxu tutulub.
Məlumata görə, təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanan 10-dan çox milli-mədəni fəal, Pəhləvi rejimi tərəfindən şəhid edilən Xanəli Motiinin məzarı üstünə gedib və mərasim keçirmək istəyiblər. Bu mərasim Qoşaçay şəhərinə yaxın Qıcılı kəndində baş tutub.
Əldə edilən məlumata görə, təhlükəsizlik qüvvələri bibər qazından istifadə edərək mərasim iştirakçılarına hücum edib, onların bir neçəsini döyüb və yaxalayıblar.
Tutulanların əksəriyyəti Qoşaçay, Marağa və Məlikan (Məlikkəndi) şəhərləri sakinləridir. Onların bir neçəsinin kimliyi də müəyyənləşib:
Daryuş Əndəlibian, Yusif Muxtari, Cavad Sudbər, Həbib Mənafiazər və Muxtar İbrahimi (Artan).
Hələlik tutulanların harda saxlanıldığı və onların sağlamlıq durumu ilə bağlı heç bir məlumat yoxdur.
Qeyd edək ki, son günlərdə İran rejimi “21 Azər Hərəkatı”nın növbəti ildönümü ilə bağlı azərbaycanlı fəallara qarşı təzyiqləri artırıb. Bu kimi tutuqlamalar keçən illərdə də milli günlərdə keçirilən mərasimlərdə dəfələrlə müşahidə olunub.
İranda edamlar davam edəcək!
İran Məhkəmə Sisteminin rəisi, Sadıq Laricani dekabrın 11-də qurumun iclasında çıxış edərək Qərbin insan hüquqları ilə bağlı meyar və standartlarını tənqid edib, ölkədə ölüm hökmlərinin həyata keçirilməsini dəstəkləyib.
Laricani deyib ki, Qərbin, eləcə də ölkədəki bir sıra ziyalıların edamlara etirazlarına baxmayaraq İranda müttəhimlərə ölüm hökmlərinin çıxarılması davam edəcək.
“Biz onların bu etirazlarına fikir vermirik və öz işimizi görürük. İslamın mahiyyətinin nədən ibarət olduğu haqda müxtəlif təfsirlər var. Lakin hesab edirik ki, əsl islam ayətullah Xomeyninin nəzərdə tutduğu və ölkədə ortaya qoyduğu islamdır. Nəzərə almaq lazımdır ki, ölüm hökmlərinin ləğvini istəmək və edama qarşı çıxmaq əslində islam hökmünə qarşı çıxmaqdır”.
Qeyd edək ki, Son aylarda İranda edamların sayının kəskin artması beynəlxalq qurumların etirazına səbəb olub. BMT-nin insan hüquqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhidin İranda insan hüquqlarının durumu ilə bağlı təqdim etdiyi son hesabatda bildirilir ki, İran prezidenti Həsən Ruhani hökumət başına gəldiyi gündən bu yana ölkədə 200-dən çox insan dar ağacından asılıb.
Ötən həftə İranda 17 nəfər edam edilib
Məhbuslardan 8-i Kirmanşah vilayətində narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkilib, 7 nəfər isə İlam vilayətində edam olunub. Ancaq onların nədə ittiham olunduğu məlum deyil. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra dekabrın 5-də səhər saatlarında Kirmanşah şəhərinin mərkəzi Dizelabad həbsxanasında və İlam şəhərinin mərkəzi həbsanasında icra edilib. Lakin bununla bağlı heç bir rəsmi orqan xəbər dərc etməyib. Məhbusların ad və soyadları açıqlanmayıb. Bundan əlavə, İranın Sistan və Bəlucistan vilayətində iki nəfər asılıb. Bunlar Sadiq Əhmədi və İbrahim Abdullahidir. S. Əhmədi 6 il əvvəl həbs edilərək Kirmanşahda əhalinin gözü qarşısında edam və 30 il Zahidan şəhərinin mərkəzi həbsxanasına sürgün cəzasına məhkum olunub. Ancaq hökmün nədən zindan daxilində həyata keçirildiyi açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra dekabrın 3-də səhər saatlarında Zahidan şəhərinin mərkəzi həbsanasında icra edilib.
Qərbi Azərbaycan Vilayəti dünya üzrə ən zəngin qızıl mədənlərinə malikdir
İranda ən çox qızıl mədənləri Qərbi Azərbaycan Vilayətində yerləşir və yaxın gələcəkdə Ortadoğunun ən böyük qızıl istehsalı fabriki Tikantəpə bölgəsində açılacaq.
Qızıl arama əməliyyatı nəticəsində bəlli olub ki, Tikantəpənin qızıl mədəni vəya 7 milyon ton qızıla malikdir. Hazırda Qərbi Azərbaycanın mədənlərinin qızıl ehtiyatları 100 tona çatıb və bu miqdar Makı, Salmas və Sərdəşt (Sarı daş) bölgələrində aramalar nəticəsində artacaq.
Qərbi Azərbaycan Vilayətinin qızıl ehtiyatları İranda birinci yerdədir və Tikantəpənin Zrehşuran mədəni ildə 3600 kiloqram külçə qızıl və 1200 kiloqramdan artıq gümüş əldə ediləcək.
Tikantəpənin ağdərə qızıl mədənindən ildə 2.2 tondan çox qızıl əldə etmək mümkündür. Sərdəştin barika və Piranşəhrin xərabə mədənlərində də qızıl və gümüş ehtiyatları az deyil. Makı, Salmas, Sayınqala və bir sıra digər bölgələrdə də zəngin qızıl və gümüş mədənlərinin tapılacağı proqnozlaşdırılır.İranın rəsmi mənbələrinin yaydığı məlumata görə, Bölgədə aramalardan sonra çoxlu qızıl və gümüş mədənləri ortaya çıxa bilər və bu işləmlər baş tutarsa Qərbi Azərbaycan dünya üzrə ən zəngin mədənlərə sahib olan bölgələr siyahısına düşəcək.
Təbrizdə rejimə bağlı manqurtların hazırladığı, fars şovinistlərinin simvoluna çevrilən Fars Körfəzi yazılmış banner məhv edilib.
Təbrizin cənub girişində yeləşən və üzərində Fars Körfəzi Mülkləri yazılmış həmin banner Azərbaycanın qəhrəman övladları tərəfindən yandırılıb.Rejimin Azərbaycanın Urmu gölünü qurutması, yeraltı-yerüstü sərvətlərini talaması, üstəlik fars rasizminin simvollarını Azərbaycanda təbliğ etməsi, soydaşlarımızın narahatlığına səbəb olur. Ona görə də, azərbaycanlı fəallar rejimin simvollarını məhv edirlər.
Qeyd edək ki, bir müddət öncə Rejimin böyük bayrağı Təbrizdə yandırılmışdı. Bununla bağlı rejim günahsız olan azərbaycanlı fəallar Hüseyn Əliməhəmmədi və Taha Kermaninin tutaraq işgəncə edib.
İran rejiminin azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri müxtəlif formalarda davam etməkdədir.
Həsən Ruhaninin prezident postuna gəldiyindən sonra daha da vüsət alan təzyiqlər Güney Azərbaycanın müxtəlif şəhərlərində hiss olunmaqdadır.
Xəbər verdiyimiz kimi son günlərdə azərbaycanlı fəallar Rəsul Rəzəvi və İsrafil Sultanian təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz bir şəkildə tutuqlanıblar.
Rəsul Rəzəvi dekabrın 4-də Təbriz ETTELAAT idarəsinin məmurları tərəfindən tutuqlanıb. Fəalın tutulmasından bir gün sonra Təbrizdə ETTELAAT məmurları fəalın evini axtarmaq üçün müraciət ediblər. Lakin fəalın həyat yoldaşı müqavimət göstərib. Məmurlar axtarış haqqında hökmü göstərdikdən sonra evi axtarıblar və fəala məxsus kitab və bir sıra digər şəxsi aşyaları müsadirə edərək özləri ilə aparıblar. İsrafil Sultanian isə dekabrın 1-də öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və Gülüstan şəhərinin ETTELAAT idarəsinə aparılıb. O, 3 gün ETTELAAT idarəsində soruşdurulandan sonra Evin zindanının 209-cu bəndinə salınıb salınıb.
Rejimin təhlükəsizlik qüvvələri milli-mədəni fəal Tağı Sələhşuru da tutmağa cəhd göstəriblər. Təhlükəsizlik qüvvələri dekabrın 4-də fəalın qardaşının dünyasını dəyişməsi ilə bağlı verdikləri şam mərasiminə gəlib və orada Tağı Sələhşuru tutmaq istəyiblər. Lakin Tağı ordada olmadığı üçün onu tuta bilməyiblər. Məmurlar fəalın ailəsini təhdid ediblər və bildiriblər ki, Tağı mütləq özünü ETTELAAT-a təqdim etməlidir və ETTELAAT İdarəsinə gəlmədiyi təqdirdə ağır nəticələrlə üzləşəcək.
Qeyd edək ki, oxşar faktlar və fəallara telefon edərək təhdid etmələr Güney Azərbaycanın başqa şəhərlərində də müşahidə olunub.
“Traxtur” futbol takımının 11 nəfər tutulan tərəfdarına məhkəmədə ittiham irəli sürülüb.
Urmu gölünün qurtarılması zərurəti ilə bağlı şüarlar səsləndirən soydaşlarımız Təbrizin Saib xiyabanında təhlükəsizlik qüvvələrin mərkəzinə çağırıldıqdan sonra dərhal Təbrizdə İnqilab Məhkəməsinə aparılıblar. Təbrizdə İnqilab və Ümumi Məhkəmənin 19-cu şöbəsinin müstəntiqi Səmədi ümumi asayişi pozmaqda ittiham edib. Tutulanlardan Savad Pursaleh, Behnam İslami, Həsən Əhmədi və Əkbər Tahiri bəraət alıb, lakin digər tutulanlar 200 milyon riallıq vəsiqə qarşılığında müvəqqəti olaraq zaminə buraxılıblar. Səmədinin sözlərinə görə, tutulanlar haqqında gələcək günlərdə hökm çıxarılacaq.
Qeyd edək ki, noyabrın 29-da “Traxtur”un yarışdığı Səhənd stadionunda 11 nəfər tərəfdar rejim tərəfindən tutuqlanmışdı. Onlar 1 gün sonra vəsiqə qarşılığında zaminə buraxılmışdı. Tutulan fəallar Savad Pursaleh, Behnam İslami, Həsən Əhmədi, Qasim Dərəfşi, Əkbər Dərəfşi, Əli Məsumi, Hüseyn Nərimanzadə, Əmir Təəvizi, Müctəba Kəmali, Cavad Kəmali, Əkbər Tahiri və Hüseyn Nərimanzadədən ibarət idilər.
İran Ermənistana gedən iranlı turistlərin sayısının artmasını arzulayır
İrana qarşı beynəlxalq sanksiyalar yumşalarsa, Ermənistana gedən iranlı turistlərin sayında artım olacaq.
Ermənistanın “Arka” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Bunu İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi bildirib.
Səfir deyib ki, sanksiyaların tətbiqi İran vətəndaşlarının durumuna, bu da öz növbəsində Ermənistana səfər edən iranlı turistlərin sayına təsir göstərib. Son sanksiyalardan sonrakı və əvvəlki dövrlərin rəqəmlərinin müqayisəsində də bu özünü göstərir: “Sanksiyaların kəskinləşməsinə qədər yalnız Novruz bayramı günlərində 100 mindən çox İran turisti Ermənistana baş çəkirdi. Bu, Ermənistan kimi kiçik bir ölkə üçün böyük rəqəmdir”.