Modern.az

Gülağa Aslanlı: “Müsavat Milli Şurayla bağlı fikrində israrlıdır”

Gülağa Aslanlı: “Müsavat Milli Şurayla bağlı fikrində israrlıdır”

14 Dekabr 2013, 11:50


“AXCP ilə görüşdə Azərbaycan müxalifətinin birlikdə olması, bir istiqamətdə işlərin davam etdirilməsinə yönəlmiş müzakirələr aparılıb. Bu müzakirələrin davam etdirilməsi məqsədəuyğun sayılıb. Eyni zamanda birgə mitinqlərin, tədbirlərin keçirilməsi dəstəklənib. Bundan sonra irəliyə doğru hərəkət edəcəyik”. Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. O, Milli Şurada fəxri sədrlik məsələsində AXCP ilə Müsavat arasında yaranan fikir ayrılığından da danışıb: “Onlar öz fikirlərini söyləyirlər. Biz də öz fikrimizi söyləmişik ki, indiki halda başqa ölkənin vətəndaşı olan şəxsin Milli Şuranın rəhbəri, həmsədri və yaxud da, fəxri sədri olması məqsədəuyğun deyil. Biz öz fikrimizdə qalırıq, amma bu, hələ Milli Şurada qalıb-qalmamaq məsələsinin müzakirəsi anlamına gəlməməlidir”.

Birləşmək təklifinin Müsavat Partiyasının Məclisində müzakirə olunduğunu deyən başqan müavini qeyd edib ki, Müsavat indiki halda birləşməni məqsədəuyğun saymır: “Partiya Məclisi AXCP ilə Müsavat arasında müttəfiqlik sazişinin imzalanması və onun daha da dərinləşməsi istiqamətində işlərin aparılmasını doğru hesab edib. Buna uyğun olaraq da danışıqları davam etdiririk”.   İlkin PİRƏLİ  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı