“Ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş planşetlərlə təmin olunması istiqamətində hazırlıq işləri aparılmalıdır”.
Modern.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirilən Azərbaycan Müəllimlərinin XIV Qurultayında çıxış edərkən deyib. Onun sözlərinə görə, üçüncü istiqamət dünya standartlarına uyğun tədrisinin maliyyələşdirilməsi sisteminin qurulmasıdır: “O cümlədən müxtəlif mənbələrdən istifadə olunmaqla təhsilin maliyyələşdirmə sisteminin təkmilləşdirilməsi, təhsil müəssisələrindəsə adambaşına maliyyələşdirməyə keçid, təhsilin inkişaf fondunun yaradılması nəzərdə tutulur. Maliyyələşdirmədə əsas yükü dövlətin üzərinə düşməmələlidir. Bu yük bütün cəmiyyət, biznes sahələri, valideynlər, bütün fayda götürənlərin üzərinə düşür. Təbii ki, maliyyələşdirmədə əsas rolu dövlət həyata keçirir. Amma beynəlxalq təcrübə göstərir ki, düzgün yanaşma sahəsində təhsil sahələrinin özünü maliyyələşdirmə sisteminin təsdiqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi təhsil müsbət imkanlar yaradır” – deyə M. Cabbarov qeyd edib.Nazir bildirib ki, hazırda Azərbaycanın ümumtəhsil sistemində 4513 təhsil müəssisəsi, 1 milyon 288 min şagird, 151 min 538 nəfər müəllim heyəti var. Ümumi şagird müəllim nisbəti 1:8 səviyyəsində olduğunu söyləyən nazir onu da bildirib ki, orta şagird sıxlığı 16 nəfər təşkil edir. “Son illər ölkədə müsbət demoqrafiq dəyişiklərin baş verməsi nəticəsində birinci sinfə gedən şagirdlərin sayı durmadan artır. 2013-2014-cü tədris ilində 137 mindən çox şagird məktəbə qədəm qoyur. Bu rəqəm növbəti illərdə daha da artacaq və biz də onları hər zaman qəbul etməyə hazırıq. 108 ilk peşə ixtisas təhsili müəssisəsində 29 min 337 nəfər təhsil alır. Orta ixtisas təhsili pilləsində 64 min 116 tələbə 59 təhsil müəssisəsində təhsil alır. 44 mülkü ali təhsil ocağında bakalavr səviyyəsində 136 min 682 nəfər, magistratura səviyyəsində 11 mindən çox tələbə təhsil alır. Son illər ərzində 2700-dən çox məktəb əsaslı təmir olunub. Bunun da nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşıb. Xaricdə təhsil proqramı çərçivəsində bu günə qədər 2612 gənc Dövlət Neft Fondunun hesabına maliyyələşdirilib”.
Namidə Bingöl