Modern.az

Partiyalar Milli Şuranın sabahki mitinqinə necə hazırlaşır? - “Bahalaşma hamını narahat etməlidir!”

Partiyalar Milli Şuranın sabahki mitinqinə necə hazırlaşır? - “Bahalaşma hamını narahat etməlidir!”

14 Dekabr 2013, 15:30


“Mitinqlə bağlı Müsavat Partiyasının Sədrlər Şurası toplanıb. Burada mitinqlə bağlı iş bölgüsü aparılıb. Şüarlar yazılır, plakatlar hazırlanır. Bu gün Mitinq Komitəsi toplaşacaq. Xırda texniki məsələlər qalıb, onu həll edəcəyik. Mitinqdə çıxış edən şəxslərin adları dəqiqləşəcək”.

Bunu Modern.az-a açıqlamasında Milli Şuranın və Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı deyib. O bildirib ki, keçirilən mitinq siyasi partiyalar üçün deyil: “Burada siyasi partiyalarda olmayan insanların iştirakı önəmlidir. Çünki qiymət artımı təkcə partiyalara deyil, bütövlükdə cəmiyyətə təsir edir. Sosial şəbəkələrdə təbliğat işləri aparılır. Orada mitinqə çağırışlar edilir. Qəzet və xəbər saytlarında mitinqlə bağlı yazılar dərc olunur. Mitinqin keçirilməsinə razılıq gec verildiyinə görə vərəq paylanılması alınmadı. Hər halda əhali məlumatlıdır. Hesab edirik ki, bu mitinq uğurlu olacaq”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib ki, Milli Şuranın mitinqlə bağlı qərarı qüvvədədir: “Sabah saat 14-də mitinqi keçirəcəyik. Bütün hazırlıq işləri də başa çatıb. Burada xeyli insanın iştirakı nəzərdə tutulur. Milli Şuraya daxil olan bütün təşkilatlar mitinqlə bağlı işlərdə fəallıq göstərirlər. Partiyaların rayon təşkilatlarında da geniş təbliğat işləri aparılır”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, mitinq ölkədəki son qiymət artımına etirazla bağlıdır və VHP aksiyaya ciddi şəkildə hazırlaşıb: “Hər bir vətəndaşın da burada iştirakı vacibdir. Çünki son qiymət artımı əhalinin yaşayış səviyyəsinə uyğun deyil. VHP-nin Milli Şurada olan və ya olmayan üzvləri mitinqdə iştirak edə bilərlər, yəni sərbəstdirlər, heç kimə məhdudiyyət qoyulmayıb. Milli Şuranın üzvü olaraq üzərimə düşən öhdəlikləri yerinə yetirmişəm”.

Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP) bildirildi ki, mitinqlə bağlı işlər yekunlaşmaq üzrədir və partiya mitinqə tam hazırdır.

Qeyd edək ki, Milli Şura sabah saat 14-də Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionunda mitinq keçirəcək. Aksiyanın keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.

İlkin

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı